XƏBƏRLƏR

Ülviyyə Hüseynova: “Beynəlxalq ərəb dili gününü qeyd edən ilk universitet ADU oldu”

08 fevral, 2019

“İmtahan vaxtının uzadılması, imtahan zamanı lüğətdən istifadə etmək tələbələr üçün atılan çox böyük addımdır. Həm universitet rəhbərliyinin, həm də biz müəllimlərin əsas hədəfi tələbələrimizin dil biliklərinin artmasına və mütəxəssis kimi yetişmələrinə yönəlib”

 Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi, Azərbaycan-Sudan Dostluq Cəmiyyətinin sədri, Bakıda ərəbşünasları birləşdirən yeganə qurum - Sultan Ərəbşünaslar klubunun yaradıcısı, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova ilə müsahibəni təqdim edirik. Onunla Günay Qasımova söhbətləşib.  

 - Ülviyyə xanım, istərdim, özünüz haqqında ətraflı danışasınız ki, sizi daha yaxından tanıyaq...

 - 1990-cı ildə 82 nömrəli orta məktəbi qızıl medalla bitirmişəm. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. Universiteti qırmızı diplomla bitirdikdən sonra o dövrdə diplomatiya sahəsində mütəxəssis yetişdirən yeganə universitet Ali Diplomatiya Kollecində (indiki: Bakı Avrasiya Universiteti) ərəb dili müəllimi olaraq fəaliyyətə başlamışam. 1 il sonra baş müəllim vəzifəsinə keçdiyim həmin universitetdə  müxtəlif illərdə Xarici əlaqələr və Tərbiyə işləri üzrə prorektor, Tərcümə kafedrasının müdiri kimi fəaliyyət göstərmişəm. Bir müddət Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda ərəb dili müəllimi işləmişəm. 2013-cü ildən isə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Xarici dillər kafedrasında baş müəllim vəzifəsində çalışıram.

- Həyata keçirdiyiniz layihələr və uğurlarınız barədə nə deyə bilərsiniz?

- 18 dekabr - Beynəlxalq Ərəb Dili Gününə həsr olunan 3 möhtəşəm tədbir keçirmişik. Bu tədbirlərin ilki 2014-cü ildə ADU-da reallaşdı. Azərbaycanda Beynəlxalq ərəb dili gününü qeyd edən ilk universitet ADU oldu. İlk tədbir olmasına baxmayaraq çox uğurla alındı. O zaman Azərbaycanda 11 ərəb səfirliyi fəaliyyət göstərirdi ki, onlardan 10-u  bu tədbirdə iştirak etmişdi. Ərəb dövlətlərinin mətbəxi və simvolik əşyalarının sərgisinin nümayiş olunduğu bu tədbirdə ADU tələbələri, müəllimləri və qonaqlar ərəb mətbəxi, onların atributları və ərəb ölkələrinə xas olan elementlər ilə tanış olmaq imkanı əldə etdilər. İlk dəfə olaraq ərəb əsilli fələstinlilər, iraqlılar, iordaniyalılar şeirlər dedilər, mahnılar söylədilər, milli geyimlərində rəqslər nümayiş etdirdilər. Bu universitetdə ilk möhtəşəm tədbirim idi. Tədbir o qədər bəyənildi ki, 2015-ci ildə də təkrarladıq. 2017-ci ildə də Beynəlxalq Ərəb Dili Gününə həsr olunan və bir neçə ərəb ölkələrinin diplomatlarının iştirak etdiyi növbəti tədbirdə yenə də mətbəx və sərgi təqdim olundu. Tədbir universitet rəhbərliyi tərəfindən də bəyənildi.

2015-ci ildə Azərbaycan Dillər Universiteti Misir Ərəb Respublikasının Bakıdakı Misir Mədəniyyət Mərkəzi (indiki: Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi) ilə Azərbaycanda  ilk dəfə olaraq ərəb dilində “18 dekabr-Beynəlxalq Ərəb dili Günü”nə həsr olunmuş “NİL” bilik yarışması (BRAİN RİNG) keçirildi. 6 universitetin komandasının təmsil olunduğu bu yarışda əsas məqsədimiz hansı universitetin qalib gəlməsi deyil, dostluğun qalib gəlməsi idi. Qalib komandanın simasında hər bir universitetin komandası qalib hesab olunurdu.

İslam Həmrəyliyi Oyunları ərəfəsində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə layihəsinə əsasən 1 il arzu edən kəslərə ödənişsiz olaraq ərəb dilini tədris etmişəm. Bu, o qədər uğurlu alındı ki, layihəni yenə davam etdik.

Digər bir uğurumuz – ilk dəfə olaraq Sudan səfirliyində səfirliyin strukturu, gördüyü işlər barədə məlumat almaq məqsədi ilə 10 tələbənin iştirakı ilə ödənişsiz Təcrübə proqramını gerçəkləşdirməyimiz oldu.  Proqramın sonunda tələbələrə sertifikatlar verildi. Onların portfoliosunda belə bir sertifikatın olması gələcəkdə işlə təmin olunmasında  mühüm rol oynaya bilər. Bildirim ki, Təcrübə proqramına tələbələr müsahibə yolu ilə seçilir. Yaxında bu layihəni Fələstin səfirliyində davam etdirəcəyik.

“Ərəb səfirliklərində çay süfrəsi” adlı yeni bir layihəyəyə start vermişik.  İordaniya, İraq, Sudan, Fələstin və Birləşmiş Ərəb Əmirliklərinin səfirliklərində artıq bu layihə gerçəkləşib. Bu layihəyə əsasən tələbələrlə  birlikdə səfirliyə gedir, dil biliklərimizi nümayiş etdiririk. Tələbələrimiz ərəb dilində şeirlər söyləyib, mahnı oxuyub, səfirə ərəb dilində suallar veriblər. Səfir isə təkcə diplomat kimi deyil, bu dilin daşıyıcısı kimi ərəb dilini daha tez və daha rahat öyrənməyin yollarından danışıb. Sultan Ərəbşünaslar klubunun VIP fəxri kartını səfirə təqdim etmişik.

Milli Məclisin deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiyi kitabın ərəb dilinə tərcümə olunmuş variantının təqdimatı 2015-ci ildə məhz ADU-da baş tutmuşdu. Bu da növbəti uğurumuz idi.

Tələbələrimiz Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil etdiyimiz danışıq dili kurslarında iştirak edirlər. Misirdən gələn xəttatların, ərəb professorlarının və mütəxəssislərin təlimlərində iştirak edirlər. Bundan əlavə Misir Mədəniyyət Mərkəzində keçirilən tədbirlərin bədii hissəsinin təşkilində ADU tələbələrinə müraciət edirlər. Tələbələrimiz isə həm Azərbaycan dilində, həm də ərəb dilində mahnılar söyləyib, şeirlər demişdir. Ərəblər böyük zövqlə “Sarı gəlin” mahnısını , vətənpərvərlik mövzusunda oxunan mahnıları maraqla dinləyiblər.

Bakıda ərəbşünasları birləşdirən yeganə qurum hesab edilən Sultan Ərəbşünaslar klubunun yaradıcısıyam. Bu kluba üzv olmaqla tələbələr klubun verdiyi üstünlüklərdən yararlanırlar və kluba üzvlük ödənişsizdir. Klub üzvlərinin əksəriyyətini isə ADU tələbələri təşkil edir.

Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunmuşam. Bütün ərəb səfirliklərinin haqqımda yazdıqları tövsiyə məktubları var.

- Son vaxtlar ölkədə ərəb dilinə marağın artdığı hiss olunur. Sizcə, bu sırf turist axını ilə, yoxsa başqa səbəblə bağlıdır?

- Ərəb dilinə maraq həmişə olub. Dinimiz islam dinidir, əski əlifbamız ərəb əlifbası olub. Azərbaycan tarixinin böyük bir qismi ərəb əlifbasında yazılıb.

10-15 il bundan əvvəl tələbələr bu sahədə çalışmaq imkanlarının az olduğunu düşünürdülər və bu səbəbdən ərəb dilini həvəslə öyrənmirdilər. Amma turizmin inkişafının çox böyük önəmi oldu. 3 ilə yaxındır ki, Azərbaycan öz qapılarını Ərəb dünyasına geniş şəkildə açdı və Ərəb ölkələrindən axın gücləndi, hələ də davam edir. Bununla da ərəb dilinə maraq kəskin şəkildə artdı.

2 il bundan əvvəl ADU tələbələrinə və məzunlarına 2 ay ödənişsiz bələdçilik kursu keçdim. Azərbaycanın tarixi haqqında məlumatları ərəb dilində öyrətdim. Bələdçinin söylədiyi hər yanlış məlumat həmin ərəbin Azərbaycan haqqında yanlış fikirlərlə ölkəsinə qayıtması deməkdir. Bu baxımdan savadlı bələdçilərin olmasını təqdirəlayiq hesab edirəm.

Səbəblərdən biri də Azərbaycanın son illər Şərq dövlətlərinə, xüsusilə ərəb ölkələrinə üz tutması oldu. Dövlət səviyyəsində ərəb ölkələri ilə münasibətlər yaxşılığa doğru dəyişməyə başladı, qarşılıqlı ziyarətlər təşkil olundu. Ən önəmli detal İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz oldu. Bütün bunlar iş yerlərinin açılması demək idi. 2017-ci il “İslam həmrəyliyi ili” elan olundu. Bununla Azərbaycanın ərəb ölkələri ilə həm iqtisadi, həm də siyasi münasibətləri gözəl səviyyəyə çatdı. Bir çox ərəb şirkətləri Azərbaycanda müxtəlif sahələrə investisiya qoymağa başlayıblar.  Bu da ərəb dilini bilənlər üçün yeni iş imkanlarının açılmasıdır.

Şərqşünaslıq məktəbindən söhbət açmaq istərdim. Bu məqamda Aida İmanquliyevanın adını vurğulamaq lazımdır. Aida İmanquliyeva Azərbaycanda ərəbşünaslıq sahəsində professor elmi dərəcəsi alan ilk qadın olub. Bu sahədə onun önəmli addımları və töhvələri olub. Bir neçə il öncə ADU tələbələri mühüm bir addım atdı. Belə ki, 4 qrup ərəbşünas tələbələr ilə birlikdə Fəxri xiyabana gedərək Aida İmanquliyevanın məzarını ziyarət etdik və orada Aida İmanquliyeva haqqında tələbələrə məlumat verdim. Düşünürəm ki, indiki gənclər həm dünyasını dəyişən, həm də həyatda olan şərqşünaslarımız haqqında məlumata malik olmalıdırlar. Həyatda olan bir neçə şərqşünasımız var ki, onları mən sonuncu mogikanlar adlandırıram: Vasif Məmmədəliyev, Rafiq Əliyev, Nəriman Qasımzadə.

- Bəziləri ərəb dilinin öyrənilməsini çətin hesab edirlər. Sizin mütəxəssis kimi fikirlərinizi bilmək maraqlı olardı.

- Ərəb dili rəsmi olaraq dünyanın ikinci ən çətin dili hesab olunur. Həyatda çətin olmayan bir şey yoxdur. Düşünürəm ki, insanda həvəs və hədəf olarsa, eyni zamanda düzgün istiqamətlənərsə, o istənilən dili öyrənməyə qadirdir. Hər bir şey əmək istəyir. Xarici dil öyrənən insan ən azı gündə 1-2 saat öz üzərində çalışmalıdır. Belə bir deyim var: Hər hansı bir əcnəbi dili öyrənmək istəsən, 2 əsas qızıl qayda vardır: utanmamaq və qorxmamaq.

Bəzi insanlarda belə bir fikir var ki, ərəb dilini mükəmməl öyrənmək üçün mütləq şəkildə ərəb ölkəsində təhsil almalısan. Ancaq mən bu fikirlə razı deyiləm. Mən ərəb dilini Azərbaycanda öyrənmişəm və sübut etmişəm ki, ərəb ölkəsində təhsil almadan bu dildə mükəmməl şəkildə öz fikirlərini ifadə etmək mümkündür.

Dərs boyunca ərəb dilində danışmaq lazımdır,  tələbə müəllimin dilindən danışıq ifadələrini eşitməlidir. Düzgün dərs metodu, interaktiv metodlardan istifadə, dərsi motivasiyaedici oyunlar şəklində aparmaqla tələbələrdə bu dilə olan marağı daha da artırmaq mümkündür. Fikrimcə, pis tələbə yoxdur, öyrədə bilməyən müəllim vardır.

- ADU tələbələri və əməkdaşları arasında ərəb dilinə maraq hansı səviyyədədir?

- Tələbələrin ərəb dilinə çox böyük həvəsləri vardır. Onlar az bir vaxtda çox gözəl xətlə ərəb dilində yaza bilirlər. Xarici dillər kafedrasında da bir neçə müəllim ərəb dilinə maraq göstərir. İstək çox olarsa və universitet rəhbərliyi icazə verərsə, ödənişsiz kurslar və seminarlar təşkil edə bilərik. Ən azından əski əlifbanı öyrədə bilərik, Qurani-Kərimi düzgün tələffüz etməklə oxuya bilərlər.

- Adətən ADU-nun adı daha çox Qərb dünyası ilə assosiasiya olunur. Sizin fikrinizcə, universitet dil baxımından Şərqlə Qərb arasında körpü rolunu oynaya bilərmi?

- Məncə ADU əvvəllər daha çox Qərblə vəhdət təşkil edirdi, artıq üzünü Şərqə tutmağa başlayıb. Son illər Çin, Yaponiya, İndoneziya mərkəzlərinin yaranması və ixtisaslarının açılması buna bir işarədir. Amma Avropa ilə müqayisədə bunlar kifayət etmir. Ərəb ölkələrində aparıcı universitetlər vardır ki, bu universitetlərlə sıx iş birliyi yarada bilərik, tələbələrimizi ərəb ölkələrinə təhsil almağa göndərə bilərik. “Səfir saat”na ərəb səfirlərini dəvət etməklə səfirliklərlə əlaqəni gücləndirmək olar. Səfirliklərin dəstəyindən istifadə edib həmin ölkələrdəki universitetlərlə rəsmi müqavilə imzalamaq, ərəb ölkələrindən müəllimlər dəvət etmək və müəllimlərimizi təkmilləşdirmə kurslarına göndərməklə universitet Şərqlə Qərb arasında körpü rolunu oynaya bilər.

- ADU-da aparılan islahatlar barədə nə deyə bilərsiniz?

- ADU-da aparılan islahatlar gözə çarpacaq dərəcədədir. İlk növbədə onu vurğulamalıyam ki, imtahan vaxtının uzadılması, imtahan zamanı lüğətdən istifadə etmək tələbələr üçün atılan çox böyük addımdır.

ADU-da dil mərkəzlərinin sayı getdikcə artır. Bu mərkəzlərin içərisində Ərəb dili Mərkəzinin olmasını arzu edirəm. Əslində bu illər ərzində mərkəz olmadan böyük bir mərkəzin işini həyata keçirmişik.

Həm ADU rəhbərliyinin, həm də biz müəllimlərin əsas hədəfi tələbələrimizin dil biliklərinin artmasına və mütəxəssis kimi yetişmələrinə yönəlib.

- Nə kimi planlarınız vardır?

- Planlarımızda Sultan Ərəbşünaslar klubunun nəzdində Musiqi dərnəyi yaratmaq var. Dil baxımından Musiqi yarışması keçirməyi düşünürəm. Yarışda qalib gələn tələbəyə ödənişsiz olaraq ərəb dilini tədris edəcəyimə söz vermişəm. Həmçinin “Ərəb səfirliklərində təcrübə proqramı” və “Ərəb səfirliklərində çay süfrəsi” layihələrini də davam etdirəcəyik.