XƏBƏRLƏR

Gənclər siyasətində ənənə və varislik - Sərraf Hüseynov gənclərə dövlət qayğısından yazır

01 fevral, 2019

 Hazırda Azərbaycan dövləti bütün sahələrdə öz inkişafının yeni mərhələsinə daxil olub. İnkişafın bu mərhələsi dünyamızda baş verən elmi, texniki, ictimai, siyasi və mədəni proseslər fonunda özünə yeni yol tutur və davamlı insan resursları inkişafını özünün prioriteti hesab edərək irəliləyir. Ölkəmizin hərtərəfli inkişafı, xüsusən insan kapitalına qoyulan sərmayələr, rəqabətədavamlı insan kapitalı formalaşdırmaq naminə atılan addımlar ilk növbədə ölkənin sahib olduğu gənc nəsli doğru, düzgün və dövlətin gələcəyinin təminatçısı kimi formalaşdırmaqdan keçir. Bu mənada Azərbaycan dövlətinin həyata keçirdiyi hərtərəfli siyasətin ən vacib komponentlərindən birini dövlət gənclər siyasəti təşkil edir.

 Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri olan gənclər siyasəti əsasən gənclərin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələləri özündə ehtiva edir.

Dövlətin yüksək diqqət və qayğısı ilə əhatə edilən gənclərin hərtərəfli inkişafına, onların problemlərinin aradan qaldırılmasına və gəncləri Azərbaycan dövlətinin dayaqları kimi azərbaycançılıq ideologiyası ruhunda formalaşdırmağa yönələn bugünkü gənclər siyasətinin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb, 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib, forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdi.

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərək gənclərə müraciətlə bildirmişdi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə dövlət səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu qısa xronikadan göründüyü kimi Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.  Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub və hazırki günümüzdə biz bu idealların reallaşdığının əyani şahidləriyik.

Bunun bir səbəbi Ulu Öndər Heydər Əliyev zəkası, müdrikliyi və uzaqgörənliyidirsə, digər səbəbi isə Ulu öndər Heydər Əliyev irsini layiqli şəkildə davam və inkişaf etdirən, Azərbaycan gənclərinin ən böyük himayədarı olan, gənclərin hərtərəfli inkişafı, təşkilatlanması, dövlət idarəetməsində və seçkili orqanlarda təmsilçiliyi, gənclərin sosial problemlərinin həllində misilsiz işlər görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

 Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı birbaşa gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edirdi. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Bundan əlavə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin etməklə, onların yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük kömək göstərmişdir.

Daha sonra Prezident İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur.  Bu günədək 3 mindən artıq azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələrdə müxtəlif  təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.

2011-ci ildə İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilib. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirərək demişdir: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak etmiş, dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib.

Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb.

 Vaxtilə Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı  hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” isə Azərbaycan dövlət gənclər siyasətinin gələcək təminatının ən vacib təsdiqidir. Bu fundamental strategiya Azərbaycan gəncliyinə  olan  böyük  etimadın  və  gələcəkdə  onlardan  olan  gözləntinin  əyani göstəricisidir.  Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir.

 Azərbaycan Gəncləri Günü münasibətilə 1 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gəncləri ilə görüşdə səsləndirdiyi fikirlər bir daha bu siyasətin varislik prinsipinə əsaslandığını göstərdi. Prezident İlham Əliyev  Azərbaycan gənclərində zamanın müasir tələblərinə cavab vermək üçün iki vacib komponentin olmasını tezis şəklində irəli sürdü, bunlardan biri təhsil, digər isə milli vətənpərvərlik ruhudur. Birinci Azərbaycan gəncini dünya gənci ilə rəqabətdə güclü edəcək, ikincisi isə onu bir azərbaycanlı kimi qlobal proseslərdə assimilyasiyadan qoruyacaq. Bu gün çalışdığım Azərbaycan Dillər Universitetində də bu iki məsələyə böyük önəm verilir. Tələbə, magistrant və doktorantlarımıza yüksək təhsil vermək, onları bacarıqlı, peşəkar mütəxəssis kimi yetişdirməklə yanaşı, Universitetimizdə iki ilə yaxındır ki fəaliyyət göstərən “Azərbaycanşünaslıq”, “Multikulturalizm” elmi tədqiqat laboratoriyaları tərəfindən keçirilən tədbirlər, dəyirmi masalar və görüşlərdə onlara vətənpərvər ruh aşılanır, azərbaycançılıq ideologiyası, dövlətimizin həyata keçirdiyi hərtərəfli siyasət də öyrədilir. Bunun müsbət nəticələri özünü onda göstərir ki, hazırda ADU-nun tələbələri Cocuq Mərcanlıda, Ağdamda, Füzulidə, Kəlbəcər, Laçın, Şuşa məktəblərində pedaqoji və istehsalat təcrübəsi keçmək, öz biliklərini vətənlərindən məcburi köçkün düşən şagirdlərimizə öyrətmək yolunda bir-biri ilə rəqabət aparırlar. Tələbələrimiz təşkil etdikləri vətənpərvərlik mövzusunda tədbirləri, aksiyaları, sosial şəbəkələrdəki fəaliyyətləri ilə daima ictimaiyyətin diqqətini öz üzərlərinə çəkməyi bacarır və bu məsələlərdə öz yoldaşlarına nümunə olurlar. Azərbaycan Dillər Universiteti milli vətənpərvər ruhlu peşəkar müəllimlərin, tərcüməçilərin, diplomatların yetişməsində hər zaman olduğu kimi bu gün də öz fəaliyyətini daha da genişləndirir və günün tələblərinə, dövlətin təhsil və gənclər siyasətinə uyğun şəkildə qurur.

 Bu gün Azərbaycanda gənclər siyasəti göründüyü kimi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilə bilib.

Sərraf Hüseynov, ADU-nun prorektoru