XƏBƏRLƏR

“Televiziya nitqi haqqında” - ADU-nun professoru dil və nitq qüsurlarından yazır...

01 fevral, 2019

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevanın “Televiziya nitqi haqqında” yazısını təqdim edirik.

 Bu məqaləni yazmaqda əsas məqsədim bəzi televiziya kanallarında aparıcıların və diktorların nitqində müşahidə etdiyim dil və nitq qüsurlarıdır. Onların nitqində olan ədəbi dilimizin normalarına uyğun olmayan əcnəbi sözlərin işlədilməsi, cümlənin düzgün intonasiya ilə deyilməməsi, məntiqi vurğunun düzgün qoyulmaması və s. kimi məqamlar bir dilçi kimi diqqətimi cəlb etdi. Sadalanan məqamlarla yanaşı digər qıcıq doğuran faktlar da mövcuddur. Məsələn, bir aparıcının “üzr istəyirəm”  əvəzinə “sorry” deməsi, o birinin  “oldu, yaxşı” əvəzinə “Ok” deməsi, orfoepiya  qaydalarının pozulması, nitqdə olan ləhcə qüsurları nə dərəcədə düzgündür? Təbii ki, bu təəssüf doğurur.

Bildiyimiz kimi televiziya kanalları ilə efirə səs-küy, musiqi və canlı insan səsi-nitq verilir. Buna görə də televiziya haqqında danışarkən təsvir-səs-nitq triadasını kompleks halında nəzərdən keçirmək lazım gəlir. İnsanların evinə və məişətinə sıx daxil olmuş televiziya onların gündəlik həyat formalarından birinə çevrilmişdir. Buna görə də televiziya ilə səsləndirilən nitq gündəlik nitq ünsiyyəti formalarından biri kimi nəzərə alınır. Bu nitq milyonlarla insana istiqamətlənmiş olur, onların dil vərdişlərini araşdırır və bu nitqin öyrənilməsi dili nitq prosesində, real kommunikasiya prosesində nəzərdən keçirən dilçilik elmi üçün maraq doğurur.

Televiziya ilə səsləndirilən nitq maddi dil vəhdəti deyildir və o bu kütləvi- kommunikativ  nitq  növünün  təşəkkülünə təsir edən vahid konstruktiv parametrlərə malik olur.

Televiziyada nitq prosesinin səciyyəvi xüsusiyyətlərini öyrənmək üçün ona əsasən ekstralinqvistik aspektdən yanaşmaq lazımdır. Ekstralinqvistik aspekt televiziya ilə informasiyanın ötürülməsi zamanı müxtəlif semiotik sistemlərin qarşılıqlı əlaqəsi ilə, ümumi şəkildə desək, səs və təsvir sistemi ilə bağlıdır. Çünki kütləvi informasiya semiotik cəhətdən müxtəlif növlüdür və buraya həm dillə, həm də musiqi, jest, mimika, xarici görünüş, siqnallar və qrafika ilə əlaqədar işarələr qrupu da aiddir. Semiotik baxımdan mürəkkəb mətnlərdə hər sıranın işarəsi – həm nitq, həm musiqi, həm də siqnal bir birini qarşılıqlı şəkildə tamamlayır və təşkil edir, kütləvi informasiya üçün yeni spesifik yük daşıyır.

Qeyd etmək lazımdır ki, həm dil işarələri, həm də qeyri-dil işarələri öz təbii xüsusiyyətləri və sosial funksiyaları çərçivəsində səciyyələndirilir. Habelə ifadə   planı və məzmun planı hər işarə sisteminin məntiqi və emosional informasiyasından təşkil olunur.

Yeri gəlmişkən qeyd edək ki, televiziyada yalnız üslubi baxımdan neytral informasiya verilmir. Xəbərlər və musiqi ilə yanaşı, televiziya proqramına bədii və sənədli–xronoloji film, sənədli filmlər, idman meydançalarından reportajlar, şou verilişləri, əyləncəli və intellektual verilişlər də daxil edilir.

Məlumdur ki, nitqin əsas funksiyası kommunikativ funksiyadır. Ancaq nitqin vəzifəsi sadəcə xəbər verməkdən, adi informasiyadan uzaqlaşdıqca, nitqin onu dinləyənə aktiv təsiri artdıqca digər bir funksiya- estetik – uslubi funksiya özünü daha çox gizli, potensial qaldığı halda, nitq fəaliyyətində aktiv təzahür edir, çünki nitq hadisələri üslubi səciyyə daşıyır. Praktiki olaraq söyləmin  kommunikativ və üslubi məzmunu dialektik vəhdət təşkil edir. Əgər məzmun və üslubi informasiyanı nəzərdə tutsaq, onda televiziya nitqinin kommunikativ və estetik-üslubi funksiyaları məhz belə vəhdətdə götürülməlidir. Nəzərə almaq lazımdır ki, televiziyada publisistik üslubun cilalanmasında xəbər proqramları, ictimai-siyasi verilişləri həlledici rol oynayır.

Düzdür, televiziya və radio mikrofonu qarşısında çıxış edənlər haqqında danışdıqda onların tərkibinin yekcins olmadığını da nəzərə almaq lazımdır. Bir tərəfdən, bu elmi kütləvi söhbətin müəllifi, elm və texnikanın müxtəlif sahələrində baş verən aktual hadisələrin şərhçisi, alim, ədəbiyyat və incəsənət xadimi ola bilər. Belə qəhramanın nitqinə, tələffüz xüsusiyyətlərinə kifayət qədər yüksək tələblər irəli sürmək lazım gəlir. Əgər belə natiqin çıxışında orfoepik normalarda nəzərəçarpacaq dialekt və peşəyönümlü yayınmalar rast gəlirsə, belə nitq qüsurları dinləyicinin, tamaşaçının diqqətini özünə cəlb edərək, onu məzmun axarından ayırır. Yalnız danışanın şərh etdiyi predmeti müfəssəl şəkildə bildiyi, həm də yüksək nitq mədəniyyətinə malik olduğu halda çıxışın nəticəsi səmərəli olur.

Digər tərəfdən, mikrofon qarşısında müəllif kimi yox, verilişin-reportajın, oçerkin, müsahibənin qəhrəmanı kimi çıxış edən insanlar da dayanırlar. Bu zaman normalardan nəzərəçarpacaq yayınma diapazonunun özünü göstərməsi mümkündür. Belə qəhrəmanların çıxışını təmizləmək, əbədiləşdirmək televiziya və radio jurnalistikasında qəbul olunmamışdır. Onların nitqinin sterilləşdirilməsi, hökmən təshih edilməsi jurnalistikanın məqsədi sayılmır, əksinə, burada əsas məqsəd həmin şəxsiyyətin simasında və nitqində təzahür edən bütün özünəməxsus xüsusiyyətlərin, bütün təkrarolunmaz  əlamətlərin dinləyiciyə, tamaşaçıya olduğu kimi çatdırılması ilə bağlıdır.

Müasir dövrdə dinləyiciləri, tamaşaçıları normativ təlləffüzdən regional, peşəyönümlü və sosial yayınma xüsusiyyətləri ilə tanış etmək böyük maraq doğurur. Bu cür danışıq qruplarını təmsil edənlərin canlı nitqinin elektron vasitələrdə yazıya alınması verilişdə özünəməxsus ekzotik koloritin təqdim edilməsinə imkan verir, ayrı-ayrı zümrələri təmsil edən dil şəxsiyyətlərinin nitqi haqqında məlumat toplanmasına, bu məlumatın başqa regionlara və zümrələrə çatdırılmasına kömək edir. Qəhrəmanın monoloqundan hər hansı bir parça və ya onun hansısa kiçik bir replikası özünü parlaq təsvir vasitəsi kimi göstərə bildikdə isə bu həmin dilin imkanlarının normativdən daha geniş olduğunu nümayiş etdirir və linqvistik təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Ancaq bu zaman çıxış edənin tələffüzündə qeyri-adilik, nəzərəçarpacaq qüsur müşahidə edildikdə bu dinləyicinin əsas diqqətini özündə cəmləyir, çıxışın məzmununun ikinci plana keçməsinə səbəb olur, verilişin təsir gücünə zərər verir.

Digər tərəfdən, çıxış edən şəxsin tələffüz xüsusiyyətləri onun peşə xarakteristikasını, sosial mövqeyini, fərdi nitq keyfiyyətlərini də aşkara çıxara bilər.

Burada çıxış edənlərin diksiyası ilə bağlı qüsurlar haqqında da danışmaq lazım gəlir. Diksiya problemi orfoepiya ilə əlaqəsi olmayan, lakin kütləvi çıxış zamanı mühüm rol oynayan xüsusi bir problemdir. Ayrı-ayrı səsləri tələffüz edə bilməyən dil daşıyıcısının mikrofon qarşısına dəvət edilib- edilməməsi bu gün də problem olaraq qalır.

Burada hər şey həmin diksiya qüsurunun təzahür dərəcəsindən aslıdır. Belə ki, əgər bu cür qüsur yalnız diqqətlə qulaq kəsildikdə aşkara çıxarılırsa, bu hətta danışanın nitqinə kiçik bir təlləfüz məlahəti də verir.

Ancaq bəzi hallarda nitq qüsuru o qədər güclü olur ki, danışanın nitqini başa düşmək əzablı işə çevrilir. Bu cür şəxsin radio və ya televiziya verilişinin qəhrəmanı seçilməsi özünü doğrultmur. Bu hökmən zəruri olduqda televiziya verilişində diksiya qüsurlu qəhrəmanın şifahi nitqinin titr yazıları ilə müşayiət olunmasına, yaxud onun çıxışının əvvəli verildikdən sonra nitqin diktor tərəfindən kadrarxası səsləndirilməsinə ehtiyac yaranır. Ancaq bu üsul da əksər hallarda etik baxımdan özünü doğrultmur. Çünki bu zaman əvvəlcə qəhrəmanın öz qüsurlu nitqi səsləndirilir, sonra onun çıxışının başqa formada davam etdirilməsi həmin mətni qəhrəmanın söyləmək iqtidarında olmadığını nümayiş etdirir.

Hazırda radio və televiziya texnikası özünün elə inkişaf səviyyəsinə gəlib çatmışdır ki, yazılmış nitqi efirə verməzdən qabaq lentin montajı hər cür qüsurları aradan qaldırmağa, onu ixtisar etməyə, kompozisiyanı dəyişməyə, lazımsız pauzaları, təkrarları və hətta kəkələmə kimi bəzi diksiya qüsurlarını aradan qaldırmağa imkan verir. Bu cərgədə yalnız diksiya qüsurlarına dəyişiklik edilməsi etiraz doğurur, çünki belə redaktə danışanın nitq xüsusiyyətlərini təhrif edilmiş şəkildə təqdim etməklə bitir.

Əslində məsələ belə həll edilməlidir: əgər tamaşaçıya, dinləyiciyə təklif edilən problem həqiqətən onun bütün diqqətini cəmləməsini, əqli gərginliyini tələb edirsə, müəllifin nəzərəçarpacaq nitq qüsurundan əziyyət çəkdiyi hallarda diktorun xidmətindən savadlı diktorun istifadə etmək daha düzgündür, çünki yalnız bu halda dinləyicinin müəlliflə birlikdə ardıcıl məntiqi mühakimə yolu ilə getməsinə heç bir şey mane ola bilmir.

Bu onu göstərir ki, əgər redaksiya çıxış edən şəxsin özünün dinləyici, tamaşaçı üçün hər şeydən qabaq maraq doğurduğu, tamaşaçıların müəlliflə tanış olmaq, onu dinləmək faktının verilişin əsas məqsədi olduğu qənaətinə gəlirsə, onda verilişin müəllifini olduğu kimi, ona xas bütün səs tembrləri, intonasiya, tələffüz və diksiya xüsusiyyətləri ilə birlikdə təqdim etmək zərurəti yaranır və bu zaman çıxış edənin nitqinin təhrif edilməməsi başlıca şərt sayılır. Ancaq bu məsələdə də maksimallıq göstərmək, bir deyil, bir neçə verilişi diksiya qüsuru olan müəllifə həvalə etmək olmaz. Necə deyərlər, hər çıxış edən Rojdestvenski deyildir.

İstər televiziya, istərsə də radio verilişlərini hazırlayarkən belə bir məsələ əsas kimi görülməlidir ki, pis nitq bir-birinin ardınca düzülən anlaşılmazlıqlar zənciri yaradır və anlamı qaranlıqlaşdırır, yaxud onun qabağına sipər çəkir.

Tələffüz, aksentologiya və diksiya sahəsində nitqin təmizliyi televiziya və radio verilişlərinin kütlələrə təsir gücünün rəhnidir. Televiziya verilişlərinin dilində ədəbi danışıq üslubu, heç şübhəsiz ki, ilk növbədə mövzunun məqsəd və vəzifələri ilə sıx bağlı olub, danışıq şəraitini və işlənmə mühitini əhatə edir. Televiziya verilişlərində və ümumiyyətlə, insanlar arasında ünsiyyət çox müxtəlif şəraitdə, müxtəlif tərzdə, müxtəlif məzmunda olur. Buna görə də danışıq da, nitq də müxtəlif çalarlıqda təzahür edir.

Göründüyü kimi, televiziya ən vacib kütləvi ünsiyyət vasitələrindən biri kimi çıxış edir. O həmişə auditoriyaya müraciət edir, dinləyicilərin ağlına, iradəsinə və hərəkətlərinə təsir göstərməyə çalışır. Hər hansı başqa nitq ünsiyyəti zamanı dinləyicinin varlığı və ya yoxluğu danışanın hansı ifadə vasitələrini seçməsində mühüm rol oynayır.

Yuxarıda qeyd olunduğu kimi, televiziyada nitq kütləvi səciyyə daşıyır, kütləvi ünsiyyət növlərindən biri hesab edilir. Nitqin tipologiyasına görə nitq aktı fərdi səciyyə daşıyır və ünsiyyət zamanı həmişə xəbər verməyi və başa düşməyi nəzərdə tutur.

Bir dilçi olaraq belə hesab edirəm ki, televiziya nitqini səsləndirən şifahi nitq qanunları nöqteyi-nəzərindən öyrənmək lazımdır.

Deyilənlərdən belə nəticəyə gəlirik ki, televiziya nitqi yığcamlığı, lakonikliyi, zənginliyi, sərrastlığı, təmizliyi və məntiqi olması ilə fərqlənməlidir. Yalnız bu halda televiziya dili çoxmilyonlu kütlənin marağına səbəb ola bilər. Məhz buna görə də televiziya nitqi kütləvi ünsiyyət növlərindən biri olmaq etibarı ilə, ədəbi dilin əsas funksiyasını, yəni hamı tərəfindən qəbul edilmək və hamı tərəfindən başa düşülmək funksiyasını yerinə yetirməlidir.