XƏBƏRLƏR

Onun xatirəsi tələbə və müəllimlərin yaddaşında əbədi qalacaq

28 yanvar, 2019

Elm ən müqəddəs yol, elmin zirvəsi isə müqəddəslik zirvəsidir. Taleyin min bir sınağı ilə üz-üzə zamanın süzgəcindən keçən insan yaşadığı illər ərzində nələrə qadir olduğunu daha yaxşı anlayır. Kim olacağına özü qərar verir. Elm kimi müqəddəs və nurlu bir yol seçən Azərbaycan Dillər Universitetinin “Linqvokulturologiya” kafedrasının baş müəllimi Süleymanova Lətifə Məmməd qızı 1944-cü ildə şeir-sənət yurdu Ağstafa  rayonunda anadan olub. Orta təhsilini Ağstafa şəhər Dəmir Yol Məktəbində alıb, məktəbi əla qiymətlərlə başa vurub.

M.F. Axundov adına APDİ-nin Qərbi Avropa dilləri fakültəsini bitirib. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Lətifə Məmməd qızı Elmi Şuranın qərarı ilə institutda saxlanılıb və ilk əmək fəaliyyətinə də elə burada başlayıb.

Lətifə Süleymanova 1968-ci ildən universitetin “İngilis dilinin leksikologiyası və ölkəşünaslıq” kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Son dərəcə vətənpərvər, ziyalı xanım, peşəsini sevən müəllim kimi gənclərimizin, dərs dediyi tələbələrin əsl vətənpərvər və yüksək ixtisaslı pedaqoq-mütəxəsis kimi yetişməsinə bütün ömrünü həsr edən Lətifə Məmməd qızının fəaliyyətində milli ruh, vətənpərvərlik ideyaları, adət-ənənələrimizin qorunması əsas ideya istiqamətinin ana xəttini təşkil edib.

Onun yaradıcılığı genişdir:

“English for All Oral Practise”, “English for All” adlı dərslik, “Written Practice”, abituriyentlər və müstəqil dil öyrənənlərə kömək dərs vəsaiti, “Philological Analysis of  Literary Texts” seçmə kurs üzrə dərslik, “English – Azərbaijani Dictionary” adlı kitabları çap olunub.

Pedoqoji fəaliyyəti ilə yanaşı, elm aləmində də özünəməxsus xidmətləri olub. 2001-ci ildə nəşr olunmuş “XX əsr Azərbaycan qadınları” ensiklopedik toplusunda Lətifə Süleymanova haqqında da ətraflı məlumat verilib. O, “XX əsr  Azərbaycan qadını” medalı ilə təltif olunub. Lətifə Süleymanova 2004-cü ildə “Xalq maarifi sahəsində xidmətlərinə görə” fəxri fərmana layiq görülüb. Lətifə xanım bədii yaradıcılıqla da məşğul olub. Onun dövrü mətbuatda vaxtaşırı olaraq dərin məzmunlu lirik şeirləri çap olunub. Lətifə Süleymanovanın xatirəsi onu tanıyanların, tələbə və müəllim heyətinin yaddaşında əbədi olaraq qalacaq.

Allah rəhmət eləsin, qəbri nurla dolsun.