Linqvokulturologiya kafedrasının qəzeti nəşr olunub
Təhsil fakültəsinin nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyevanın təşəbbüsü ilə ingilis dilində “The Busy Bee’s Chronicles” adlı 8 səhifəlik qəzet nəşr olunub. Qəzeti hazırlayanlar kafedranın baş müəllimləri - filologiya üzrə fəlsəfə doktorları Aynur Məmmədzadə, Dinarə Muxtarova, baş müəllimlər Rəşidə Ağayeva və Səidə Mehdiyevadır.
Kafedranın təşkil etdiyi tədbirlərin və tələbələrin yaradıcılığının yer aldığı qəzetin ilk səhifəsində Azərbaycanda aparıcı universitetlərdən biri sayılan, yüksək ixtisaslı mütəxəssislər hazırlayan Azərbaycan Dillər Universitetindən və rektor akademik Kamal Abdulladan bəhs olunur. Bununla bərabər geniş fəaliyyət strukturuna malik Linqvokulturologiya kafedrasının yaranması və tədris olunan fənnlər haqqında da məlumatlar var.
Qəzetin ikinci səhifəsi kafedranın baş müəllimi Dinara Muxtarovanın Landau məktəbində tələbələrin iştirakı ilə Ölkəşünaslıq fənnindən açıq dərs keçməsinə həsr olunub. Mövzusu “Culture, customs and traditions of Great Britain” adlanan açıq dərs interaktiv metod əsasında qurulduğundan şagirdlərin hər biri dərsdə fəal iştirak edib və ən fəallarına ADU tərəfindən hədiyyələr təqdim olunub.
Üçüncü səhifədə “Sightseeing of London” mövzusunda keçirilən açıq dərsdən, ADU və Azərbaycan Kooperasiya Universiteti arasında “Biznesdə İngilis dilinin rolu” adlı seminardan danışılır.
Qəzetin növbəti səhifəsində “Spanish Day” mövzusunda keçirilən açıq dərsdən bəhs olunur. Belə ki, ERASMUS proqramı əsasında ADU-da təhsil alan ispaniyalı tələbələr öz ölkələri haqqında maraqlı faktlara əsaslanan təqdimatla çıxış edib. Eyni səhifədə “Sağlam pəhriz saxlamaq həqiqətən də vacibdir?” adlı maraqlı yazı var.
Qəzetin beşinci və altıncı səhifəsində mədəniyyət bölməsi də vardır ki, burada gənc şairlərin – 4-cü kurs tələbələrinin Azərbaycan və rus dillərində şeirləri yer alır.
Sonuncu səhifə yanvar ayında kafedrada görülən işlər və əməkdaşların doğum günü təbriklərinə həsr olunub.
Onu da əlavə edək ki, Linqvokulturologiya kafedrasında professional müəllimlər tərəfindən aparılan danışıq klubu fəaliyyət göstərir. Maraqlanan tələbələr kafedraya müraciət edə bilərlər.