ADU-nun məcburi köçkün məktəbləri ilə əməkdaşlığı davam edir
2017-2018-ci tədris ilindən etibarən ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə gerçəkləşdirilən yeni layihəyə əsasən universitetimizin IV kurs tələbələri könüllü olaraq 4 həftəlik pedaqoji təcrübələrini Azərbaycanın bəzi rayonlarında məskunlaşmış məcburi köçkün məktəblərində keçib. Bu il də layihənin davamı olaraq, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov,Təhsil fakültəsi nəzdindəİngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov, Psixologiya kafedrasının dosenti Əzim Əliyev və İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Araz Ağayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində Cəbrayıl rayonu Təhsil şöbəsində pedaqoji təcrübənin təşkilinə dair məsələlər müzakirə olunub və Azərbaycan Dillər Universiteti ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında müqavilə imzalanıb.
Təhsil fakültəsi nəzdindəİngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov səfərlə bağlı təəssüratlarını bölüşüb: “Azərbaycan universitetləri arasında ilk dəfə olaraq keçən tədris ilindən həyata keçirilən bu təşəbbüs ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən irəli sürülüb. Biz ADU-nun nümayəndə heyəti olaraq, bu layihəni davam etdirmək məqsədi ilə Cocuq Mərcanlı kəndinə səfər etdik. Öncə qaçqın şəhərciyində yerləşən Cəbrayıl rayon Təhsil şöbəsinə getdik. Orada rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanovla görüşüb pedaqoji təcrübənin təşkilinə dair məsələləri onunla müzakirə etdik. Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da bizi qəbul etdi. O,Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisində Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında aparılan əsaslı yenidənqurma işləri haqqında danışdı. Bildirdi ki, Cocuq Mərcanlı kəndində yaşayış və şəraitin bərpa olunması, su, qaz, elektrik enerjisi təchizatının qaydasında olması, sakinlərə xidmət obyektlərinin fəaliyyət göstərməsi bu işlərin əyani sübutudur. Hətta orada Şuşa Cümə məscidinin analoqu tikilib, gözəl park salınıb, yeni istixanalar tikilir. İnsanlar orada yaxşı yaşayışa malikdirlər, işləyir, yaradırlar. Tələbələrin qalacağı yerlərlə də tanış olduq, hər şeyin yüksək səviyyədə təşkil olunduğunu gördük”.
- Məktəb haqqında təəssüratlarınız necədir?
- Daha sonra Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyevlə məktəbi gəzdik, şagirdlərlə tanış olduq. Məktəbdə keçən il 50 nəfər şagird olub, bu il 82 nəfər şagird təhsil alır. Məktəb müasir tələblərə uyğundur və şagirdlər çox həvəslidirlər. Məktəbdə vətənpərvərlik mövzusunda stendlər qurulub. ADU-nun bu layihəsi haqqında ümumi məlumat verdik. Tələbələrimizin məhz bu məktəbdə pedaqoji təcrübə keçəcəkləri onları sevindirdi. Hesab edirəm ki, xoşagələn və çox gözəl səfər oldu. Onlar da bizim orada olmağımızdan məmnun oldular, bu kimi səfərlərin davamlı olmasını arzuladılar. Orada insanların bir-birinə qarşı səmimiyyəti diqqət çəkir. Kəndli öz həyatındadır, məktəb öz həyatındadır. Məktəbin şəraiti imkan verir ki, biz orada öz bazamızı yaratmaq üçün hər hansı bir otağın təchizatı haqqında düşünək.
- Bu layihənin həyata keçirilməsini necə qiymətləndirirsiniz?
- Rektorumuz Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən layihəyə məmnuniyyətlə qoşuluruq. Fikrimcə, bu təşəbbüs başqa universitetlərdə də həyata keçirilməlidir, belə səfərlər digər qaçqın və köçkün məktəblərinə də təşkil olunmalıdır. Bu, onların unudulmamağı, onların yanında olmaq deməkdir.