XƏBƏRLƏR

Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ikinci dəfə nəşr olunub

24 yanvar, 2019

Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının II nəşri işıq üzü görüb.

Kitab “Qanun” nəşriyyatında çap olunub. İlk dəfə 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

Əsər müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib.

Romana ön sözü professor Aydın Talıbzadə yazıb.

Kitabda italiyalı professor, məşhur şərqşünas alim Franko Kardininin, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberqin, rusiyalı alim Lyudmila Lavrovanın, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenarunun, professor Aydın Talıbzadənin “Sehrbazlar dərəsi” romanı haqqındakı yüksək fikirləri də yer alıb.

Professor Franko Kardini roman haqqında fikirlərini aşağıdakı şəkildə bildirib: “Nadir hallarda ola bilər mən hansısa kitaba görə yuxusuz qalım. Dostum və həmkarım Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ilə də məhz belə oldu, bütün gecəni gözüaçıq keçirdim. Bu roman sanki bir meditasiya növüdür, bir ismarışdır, bəlkə də bir etirafdır. Sanki hər birimizin dəruni avtobioqrafiyasıdır”.

Daniyet Rotternberq isə qeyd edib ki, Kamal Abdulla “Sehrbazlar dərəsi”ndə çox mühüm mövzulara qədim tarixi bir fonda nəzər salır. Müəllif oxucunu füsunkar və təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə və intizarda saxlayır.

Lyudmila Lavrovaya görə, Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə də əski zamanlarda gördüyü röyaya çevrilirsən və bu röyalar haqqında roman yazırsan.

Lyudmila Bejenarunun fikrincə isə “Sehrbazlar dərəsi” müəllifin özünün müəyyən etdiyi kimi roman-fantaziyadır, bizi Azərbaycan xalqının ulu əcdadlarının sehrli aləminə, Şərq nağıllarının qabaqcadan bilinməyən füsunkar xəzinəsinə gətirib çıxarır.

Romanı bütün kitab mağazalarından əldə etmək olar.