İstanbul Okan Universitetinin nümayəndə heyəti ADU-da olub
Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İstanbul Okan Universitetinin prorektoru Güner Gürsoy və Beynəlxalq əlaqələr ofisinin direktoru Sənəm Acabay ilə görüşüb.
Akademik K.Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor universitetin 70 illik tarixə malik olduğunu deyərək bildirib ki, təhsil ocağında bir çox dillər tədris olunur. Universitet rəhbəri əlavə edib ki, ali təhsil ocağında 20-ə yaxın dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir.
ADU-nun beynəlxalq əlaqələri haqqında danışan K.Abdulla dillərin yerli və xarici müəllimlər tərəfindən tədris olunduğunu qeyd edib. Fakültələrin fəaliyyətindən danışan akademik universitetdə mövcud olan elmi-tədqiqat laboratoriyalarından da söz açıb. Rektor universitetin beynəlxalq əlaqələri fonunda bir çox xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin fəaliyyət göstərdiyini deyib.
Azərbaycandakı multikultural mühit haqqında danışan K. Abdulla dövlətin bu sahədə atdığı addımları xüsusi vurğulayıb.
Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən İstanbul Okan Universitetinin rektorunun köməkçisi Güner Gürsoy Bakının daim inkişaf etdiyini və buranın gözəlliyinə heyran qaldığını söyləyib. G.Gürsoy təmsil etdiyi universitet haqqında məlumat verərək təhsil müəssisəsində 26 min tələbənin təhsil aldığını, 10 fakültənin fəaliyyət göstərdiyini qeyd edib. O, ADU ilə oxşar fəaliyyət istiqaməti olaraq təmsil etdiyi universitetin tərcüməçilik sahəsindəki fəaliyyətindən də söz açıb.
Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.