XƏBƏRLƏR

Dil və Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları görüş keçirib

14 yanvar, 2019

Yanvarın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində İngilis dili kafedrasının müəllimləri ilə Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları arasında görüş keçirilib. Görüşün əsas məqsədi ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yeni təlim metodları ilə işləmək bacarığının artırılması ilə əlaqədardır. Bu məqsədlə Filologiya fakültəsinin dekanlığı və İngilis dili kafedrasının təşəbbüsü ilə müəllimlərin beynəlxalq TKT (Teaching Knowledge Test) sertifikatına yiyələnmələri üçün təlimlər təşkil olunur. Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova və İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva  öz çıxışlarında ADPU-nun dünya ali təhsil məkanına inteqrasiya istiqamətində uğurlu addımlar atmasını qeyd ediblər və hazırda təhsilimizdə xarici dil biliklərinə verilən önəmin xarici dil müəllimlərindən yüksək bilik və bacarıq tələb etdiyini bildiriblər. Bu məqsədlə müəllimlərin TKT kimi beynəlxalq təlim kurslarına cəlb olunması vacibdir. Sonra ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktoru, dosent Fialə Abdullayeva və direktor müavini Elçin Hüseynov Mərkəzin fəaliyyət istiqamətlərindən danışarkən qeyd ediblər ki, Mərkəzin fəaliyyət istiqamətlərindən biri də məhz müəllimlər üçün keçirilən təlimlərdir. Onlar vurğulayıblar ki, TKT təlim kursları artıq neçə illərdir ki, ADU-da keçirilir və təlimçilər ADU-nun müəllimləri, eyni zamanda da  Britaniya Şurasının beynəlxalq dərəcəli təlimçiləridir. Ümid edirik ki, birgə əməkdaşlıq davamlı olacaq və müsbət nəticələr verəcək.