XƏBƏRLƏR

Məlahət İbrahimqızı: “Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” - Millət vəkili etiraz edir

10 yanvar, 2019

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib.

Modern.az-ın bununla bağlı sualına millət vəkili aşağıdakı cavabı verib:

“Doğrusu mən də bu məsələni təsadüfən mətbuatdan oxudum və çox təəccüb etdim. Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı. Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni  yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib. Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı  əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə “Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.