XƏBƏRLƏR

“Kamal Abdullanın ADU-ya rektor təyin edilməsi yeni mərhələnin başlanğıcı oldu” – Ələddin Əliyevin mövqeyi

10 yanvar, 2019

Azərbaycan Dillər Universiteti rektorunun Sosial məsələlər üzrə müşaviri, “Etika” Komissiyasının sədri Ələddin Əliyevin məqaləsini təqdim edirik.

Azərbaycan Dillər Universiteti özünəməxsus ənənələri olan Avropa tipli ali təhsil müəssisəsidir. Onun məzunları ölkə Prezidentinin daxili və xarici siyasətinin həyata keçirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə operativ və obyektiv çatdırılmasında mühüm rol oynayırlar. Universitetimiz öz fəaliyyətində Avropa təhsil sisteminə inteqrasiya yoluna üstünlük verərək böyük uğurlara imza atmışdır. Onun yüksək elmi potensiala malik olan alimləri dünyanın aparıcı ali məktəblərində mühazirələr oxuyur, müxtəlif elmi konfrans və simpoziumlarda çıxışlar edir, ən nüfuzlu jurnallarda məqalələr dərc etdirirlər. Son illərdə universitetin bütün istiqamətlər üzrə fəaliyyətində nəzərə çarpacaq dərəcədə canlanma əmələ gəlmiş, indiyə qədər qazanılmış nailiyyətlərin daha da inkişaf etdirilməsi, bu inkişafın söykəndiyi zəminin daha möhkəm təməl üzərində qurulması və bu zaman qanunvericiliyin, qüvvədə olan dövlət sənədlərinin tələblərinə sözsüz riayət edilməsi məqsədilə qətiyyətli və səmərəli addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin 1 iyun 2017-ci il tarixli Sərəncamı ilə akademik Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi bu təhsil ocağının inkişafında sözün əsl mənasında yeni mərhələnin başlanğıcı oldu. Kamal müəllim uzun illər bu universitetdə kafedra müdiri işlədiyi üçün mövcud problemlərə yaxşı bələd idi. Tədrisin yüksək səviyyədə qurulmasına kömək məqsədilə o, ilk növbədə kitabxananın yenidən qurulması məsələsini Elmi Şuranın müzakirəsinə çıxardı və Şurada hər üç tədris binasında əlavə oxu zalları, kitab verilişi məntəqələri yaradılması haqqında qərar qəbul edildi. Məlumdur ki, hər bir ali məktəbin ümumi fəaliyyətinin ən yaxşı göstəricilərindən biri orada elmi laboratoriyaların, müxtəlif mərkəzlərin olmasıdır. Bunu nəzərə alaraq universitetdə iyun ayında Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm, sentyabr ayında isə Müqayisəli Folklor Elmi-Tədqiqat Laboratoriyalarının (ETL) açılması qərara alındı. Aparılan islahatlar universitetin ən mühüm qurumlarından olan kafedraların da yenidən təşkili, fəaliyyətlərinin daha səmərəli şəkildə qurulmasına xidmət edir. 2017-ci ilin avqust ayında Qafqazşünaslıq, noyabr ayında Alman dilinin leksikologiyası və üslubiyyatı, Azərbaycan ədəbiyyatı kafedraları açıldı. Son zamanlar universitetdə həyata keçirilmiş çox mühüm tədbirlərdən biri də dünyanın aparıcı ali məktəbləri ilə ADU-nun əlaqələrinin yüksək səviyyədə qurulmasını təşkil etməkdən ibarətdir. Bu istiqamətdə ilk addım kimi Rusiya, Belorusiya və Ukraynanın təhsil ocaqları ilə sıx əlaqələrin yaradılması oldu. Belə ki, 2017-ci il noyabrın 28-də ADU ilə Moskva Şəhəri Ali Təhsil İdarəsinin Dövlət Özəl Təhsil Müəssisəsinin Samara filialı, universitetimizin Rusiyaşünaslıq Elmi-Tədqiqat Laboratoriyası ilə həmin filialın Təhsilin İnkişafı Mərkəzi, 2018-ci il yanvarın 30-da Ukraynanın Kiyev Milli Linqvistik Universiteti, fevralın 2-də Belarusun Minsk Dövlət Linqvistik Universiteti, fevralın 7-də MDB məkanında aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik Universiteti (MDLU) ilə əməkdaşlıq müqaviləsi, martın 6-da isə Azərbaycan Dillər Universiteti ilə İndoneziyanın Maianq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb. Təkcə universitetimiz üçün deyil, bütövlükdə respublikamız üçün dəyərli olan bir məsələnin həlli də bilavasitə K.Abdullayevin adı ilə bağlıdır. Belə ki, ADU-da 20-yə yaxın ölkənin elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir, ancaq bu ölkələrin heç bir ali məktəbində azərbaycanşünaslıq mərkəzi yox idi. Bu ədalətsizliyin aradan qaldırılması üçün onun təşəbbüsü ilə həmin ölkələrin səlahiyyətli nümayəndələri ilə danışıqlar aparılmasına başlandı və çox keçmədən ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində, Çin Xalq Respulikasının Xudzou Dövlət Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzləri açıldı. Hazırda bu sahəyə məsul olan şəxslər digər ölkələlərin ali məktəblərinin rəhbərləri ilə intensiv əlaqə saxlayırlar Universitetdə tədrisin səviyyəsinin yüksəldilməsində dili öyrənilən ölkələrin aparıcı mütəxəssislərinin dəvət edilməsi mühüm əhəmiyyət kəsb edir və bu iş əvvəlki illərdə də həyata keçirilib. Lakin həmin şəxslərin əməyinin qiymətləndirilməsi, onların gördükləri işə marağının artırılması, daha da həvəsləndirilmələri istiqamətində aparılan işlər heç də lazımi səviyyədə olmamışdır. Bu sahədəki boşluğu aradan qaldırmaq məqsədi ilə universitetin Elmi Şurası "Dəvətli professor" statusunun yaradılması haqqında qərar qəbul etdi və 2017-ci il oktyabrın 25-də Moskva Dövlət Linqvistik Universitetinin Ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Petroviç Bondarevə, noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana, dekabrın 18-də Rusiyanın Ural Federal Universitetinin Xarici Regionşünaslıq kafedrasının müdiri, professor Aleksandr Qennadeviç Nesterova Azərbaycan Dillər Universitetinin "Dəvətli professoru" adı verildi. Azərbaycanla dostluq əlaqələri olan ölkələrin dövlət başçılarına, görkəmli ictimai-siyasi xadimlərinə, ədəbiyyat və incəsənət nümayəndələrinə universitetin "Fəxri doktoru" adının verilməsi ənənəsinə sadiq qalaraq son iki ildə Serbiyanın Prezidenti Aleksandr Vuçiç və İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatiyə universitetin "Fəxri doktoru" diplomu təqdim edilmişdir. 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Azərbaycan Dillər Universiteti tərəfindən həyata keçirilmiş tədbirlər öz orijinallığı ilə tarixə yazıldı. İndiyə qədər heç bir ali məktəb tərəfindən Heydər Əliyev şəxsiyyətinə layiq bu miqyasda həyata keçirilməyən möhtəşəm layihə də məhz Kamal Abdullanın təşəbbüskarlığı və rəhbərliyi ilə böyük uğurla başa çatdırıldı. Onun hələ 2017-ci ilin oktyabr ayında universitetin Elmi Şurasında irəli sürdüyü təklif əsasında ümummilli liderin 95 illik yubileyi münasibəti ilə "HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda beynəlxalq konfrans keçirilməsi qərara alındı. Konfransın açılışı dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin iştirakı ilə Azərbaycan Dillər Universitetində baş tutduqdan sonra onun bölmələri 11 ölkənin 14 universitetində təşkil olunub. Bu tədbirdə dünyanın yüzdən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli alimi çıxış edərək Heydər Əliyev dühasına layiqli qiymət vermişlər. Kamal müəllimin bu az müddətdə universitetə gətirdiyi yeniliklər o dərəcədə çoxdur ki, onları saymaqla qurtarmaq mümkün deyil. "Bir günlük xəlifə", tələbələrinin məcburi köçkün məktəblərinə pedoqoji praktikaya getmələrinin təşkili, müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi, universitetin inkişafında xüsusi xidmətləri olmuş yaşlı professor və dosentləri məsləhətçi ştatına götürməklə onların bilik və bacarığından tələbələrin gələcəkdə də yararlanmasına şərait yaradılması, adlı təqaüdlərin verilməsi, İsmixan Rəhimov, Nurəddin Kazımov kimi şəxsiyyətlərin adına auditoriyaların təşkili və s. Təbiidir ki, bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə, elmin inkişafına, yüksək ixtisaslı kadrların yetişdirilməsinə, universitetdə sağlam mühitin yaradılmasına, müəllim-tələbə münasibətlərində şəffaflığın, təmizliyin bərpa olunmasına, çoxlu çətinliklərə baxmayaraq "bilik yeganə meyardır" fəlsəfəsinin tam reallığa çevrilməsinə nail olmaq məqsədi ilə həyata keçirilir.  Məlumdur ki, hər hansı bir yeniliyin tətbiqi, xüsusən islahatların aparılması çoxlu problemlərlə, çətinliklərlə qarşılaşır. Dövrün tələbləri ilə ayaqlaşmayanlar, islahatların mahiyyətini kifayət qədər başa düşməyənlər, görülən işlərin sürət tempindən geri qalanlar, xüsusən öz “mən”lərini kollektivin ümumi mənafeyindən üstün tutanlar bu zaman ara qarışdırmaqla problemlər yaratmağa çalışırlar. Onlar yuxarı orqanlara yazdıqları şər, böhtan xarakterli məktublarla universitetin getdikcə artan imicinə xələl gətirməyə, görülən möhtəşəm işlərin üzərinə kölgə salmağa, ən pisi isə öz yaramaz əməllərinə bəzi tələbələri də cəlb etməyə səy göstərirlər. Ancaq yalan ayaq tutar, yeriməz. Təsadüfi deyildir ki, bu məsələdə universitetin bütün sağlam qüvvələri həmrəylik göstərərək həmin şəxslərin əməllərini qətiyyətlə pisləyir, onların müəllimliyə, bütövlükdə insanlığa yaraşmayan bu hərəkətlərinə qarşı öz etirazlarını bildirirlər.