Nar dənəcikləri kimi bütöv olan Azərbaycan xalqı
Birlik nədir? Birlik narın daxilində yerləşən dənəciklər kimi sıx, ayrılmaq istəməyən bir bütün olmaqdır. Biz azərbaycanlılarında daxilində bu istək həmişə olmuşdu. Ancaq bu istəyi reallaşdırmaq isə heç də asan başa gəlmədi. Tarixə nəzər saldığımız zaman görürük ki, biz azərbaycanlıları bir bütün olmaq istəyindən məhrum etmək üçün bir çox siyasətlər həyata keçirildi – köçürülmə, dinimizi dəyişdirmə cəhdləri, sərhədlərimizi pozmaq və s. Ancaq biz yenə də azərbaycanlı olduğumuzu unutmadıq, damarımızda axan əsl qanı başqa qanla əvəz etmədik. Biz indi qabığı parçalanmış narın ətrafa səpələnmiş dənəcikləri kimi dünyaya səpələnmiş 50 milyondan çox Azərbaycan xalqıyıq. Bu səpələnmə bizim daxilimizdəki birliyi, həmrəyliyi unutdurmadı və nar dənəciklərin bir-birindən ayrılan saplaqlarını isə Ulu öndər Heydər Əliyev yenidən birləşdirdi. Hətta bu saplaqları o qədər möhkəm etdi ki, aramızda kilometrlərlə məsafə olsa da biz yenə də bir bütünük və həmişə də bir bütün olaraq qalacağıq. Əlbəttə, Ulu öndərimizin bu qələbəsinin bir tarixi də vardır. Bu tarix milli birliyin yaradılmasının da başlanğıc nöqtəsi oldu. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri kimi 1991-ci il dekabrın 16-da Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar verdi. Bu, azərbaycanlıların uzun illərdən bəri həsrətində olduğu milli birliyin yaradılması və bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının da başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu.
Ulu öndər Heydər Əliyev bu birliyi, bu həmrəyliyi möhkəmləndirmək məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsini təmin etdi. Bu qurultay vasitəsilə müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına mühüm rol oynadı. Daha sonra Prezidentimizin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin il dekabrın 27-də “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Ulu öndərimiz bu birliyi təmin etmək üçün təkcə qanunlar qəbul etməklə kifayətlənmirdi, həm də xarici səfərlərdə olduğu zaman proqramın zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onlara tövsiyyələrini verirdi.
Cənab Prezident İlham Əliyev ulu öndərin bu estafetini uğurla davam etdirirdi. 2006-cı il fevral ayındakı tarixi sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi buna ən bariz nümunədir. Bu toplantı vasitəsilə xaricdə yaşayan azərbaycanlılarının diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisə çevrildi və həmin gün türklərin tarixinə Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi dəyərin böyük nümunəsi kimi hək olundu. Cənab Prezidentimizin azərbaycanlıların birliyi sahəsində gördüyü işlər bununla məhdudlaşmırdı. O, 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Komitəsinin yaradılması haqqında fərman imzaladı. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edildi.
Azərbaycanlıların həmrəyliyini təşkil edən bu ideyanın əsasını qoyan Ulu öndər Heydər Əliyevin siyasətini bir piramidaya bənzətsək, onun təməl daşını azərbaycançılıq siyasəti təşkil edir. Çünki bir tikilinin uzun müddət davamlığını təmin edən onun təməl daşının möhkəmliyidir. Əlbəttə, ulu öndərin bu düzgün siyasəti hesabı ilə azərbaycanlılar arasında bugünkü həmrəylik təşkil olundu, Azərbaycan qısa bir vaxt ərzində dünyada indiki mövqeyini əldə etdi, bir çox beynəlxalq tədbirlərə ev sahibi oldu.
Ulu öndərin siyasətinin təməl daşını təşkil edən azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini təmin edən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Dünya azərbaycanlılarıın vahid bir ideya ətrafında birləşməsini təmin edən azərbaycançılıq ideologiyası azərbaycanlıların həmrəyliyinin də əsasını təşkil edir. Çünki azərbaycanlıların həmrəyliyi dedikdə dünyadakı bütün azərbaycanlıları bir ideya, bir fikir, bir bayraq ətrafında birləşməyi deməkdir. Bu birliyin təmin edilməsində multikulturalizm dəyərləri də böyük rola malikdir.
Multikultural dəyərlər millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamağının tərəfində olan dəyərlərdir. Bu baxımdan Azərbaycan keçmişdən – tarixi İpək yolunun üzərində Şərqlə Qərb arasında körpü rolu oynadığı gündən bu günə kimi bir çox millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının bir-birinə milli-dini zəmində qarşıdurmanın baş vermədiyi, sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşanıldığı bir ərazi olub. Bu xüsusiyyətlər özünü Azərbaycanın müstəqillik dövründə daha da qabarıq şəkildə göstərib. Xüsusən Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu gün də onun siyasətini davam etdirən ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etdi. Bu da Azərbaycan Respublikasının dini ölkə deyildə, dünyəvi ölkə olduğunun bariz bir nümunəsi oldu.
Əsasında azərbaycançılıq ideologiyası dayanan və öz daxilində multikulturalizm dəyərlərini saxlayan siyasət dünyadakı bütün azərbaycanlıları bir bayraq ətrafında toplamağı bacardı.
Kəmalə Həsənova
Azərbaycan Dillər Universiteti
Filologiya və Jurnalistika fakültəsi qrup:334