XƏBƏRLƏR

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

27 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı tədris binasında Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda Təhsil fakültəsinin 308a, 316a qruplarının tələbələrinin iştirak etdiyi tədbir keçirilib. Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova tədbiri giriş sözü ilə açaraq universitetdə təhsil alan tələbələrin sağlamlığının daim diqqət mərkəzində olduğunu və bu məqsədlə keçirilən tədbirlərin silsilə xarakterli olduğunu qeyd edib.

Sevda Zamanova kafedranın baş müəllimi Sədaqət Musayevanın “Sağlam fərdlər – Sağlam ailənin təməlidir” və “Sağlam həyat tərzi – sağlam gələcəyə zəmanətdir” adı altında təşkil etdiyi bu kimi maaarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

Sonra çıxış edən Sədaqət Musayeva Tələbələrin reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirilməsinə göstərilən dövlət qayğısı, reproduktiv sağlamlığın mahiyyəti və bu mövzuda gənclərin maarifli olmasının zərrətindən danışıb.

Tədbirin qonağı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova tələbə qızlara reproduktiv sağlamlığın qorunmasında vacib amillərdən olan ailə planlaşdırılması, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs edib.

O həmçinin, zərərli vərdişlərin (spirt, içki, tütün və narkotik maddələrdən istifadə) gənc qadınların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq, gələcəyin analarını sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verib.

Tədbirin sonunda auditoriyanı maraqlandıran çoxsaylı suallar cavablandırılıb və İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar tələbələrə təqdim olunub.