ADU-da "Yad et məni" adlı tədbir keçirilib
Dekabrın 24-də Azərbaycan Dillər Universitetinin SABAH qruplarının tələbələrinin hazırladığı "Yad et məni" layihəsi çərçivəsində 2-ci tədbir keçirilib.
Tədbir Azərbaycan ədəbiyyatına milli dirçəliş ruhu gətirən, hər qələm çaldığı vərəqdə bir ədəbiyyat, bir mədəniyyət cücərdən bəşəri duyğular şairi Şahmar Əkbərzadəyə ithaf olunub.
Tədbirdə Şahmar Əkbərzadənin olduqca zəngin yaradıcılığı Azərbaycan ədəbi fikir xəzinəsinin ən qiymətli sərvəti kimi xüsusi qeyd olunub və tələbələrin ifasında onun bir neçə şeiri səsləndirilib.
Tədbirin qonaqlarından olan tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinur Şahmar Əkbərzadənin dost kimi sədaqətindən, vətəndaşlıq qeyrətindən, poeziyasından danışmış, tələbə və gənclərin mənəviyyatını zənginləşdirən bu cür tədbirlərin nə qədər gərəkli olduğundan söhbət açıb.
Xudu Məmmədov dərnəyinin rəhbəri, tarixçi Vasif Qurbanzadə və araşdırmaçı, tarixçi İdris Heydərli tədbirin əhəmiyyətindən bəhs edərək onu şairin xatirəsinə böyük ehtiram kimi dəyərləndiriblər. Şairin ailə üzvlərinin iştirak etdiyi tədbirdə oğlu Elşən Əkbərzadə də çıxış edərək universitet rəhbərliyinə və bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Dekabrın 28-i Şahmar Əkbərzadənin doğum günüdür. Ümid edirik ki, dəyərli şairin doğum günü ərəfəsində keçirilən bu ədəbi-bədii gecə onu sevənlərin yaddaşında gözəl bir xatirə kimi qalacaq.