XƏBƏRLƏR

Frankofoniya Universitet mərkəzinin müsabiqəsinə yekun vurulub

24 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin Frankofoniya Universitet mərkəzində "Créons le logo du CRU (CRU-nun loqosunu yaradaq)" adlı loqo müsabiqəsinin nəticələri elan olunub. Müsabiqə oktyabrın 10-dan dekabrın 10-dək davam edib. Azərbaycan Dillər Universitetinin bakalavr, magistr tələbələri, Baku Oxford məktəbinin və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri öz işlərini təqdim edərək müsabiqədə iştirak ediblər. İştirakçıların təqdim etdikləri işlər Mərkəzin və Azərbaycan Dillər Universitetinin rəsmi Facebook səhifəsində və Frankofoniya Universitet mərkəzində sərgilənərək səs verməyə çıxarılıb. Səsvermənin nəticəsi 21 dekabr Frankofoniya Universitet mərkəzində açıqlanıb. 

Müsabiqənin qalibi Azərbaycan Dillər Universitetinin II kurs magistr tələbəsi Fidan Nurullayeva olub. Onun qalib loqosu müsabiqənin qaydalarına  uyğun olaraq Azərbaycan Dillər Universitetinin və Frankofoniya Universitet Təşkilatının rənglərini və simvollarını özündə əks etdirib. Müsabiqənin qalibinə Frankofoniya Universitet Təşkilatının dəstəyi ilə "Baku Book Center" kitab mərkəzinin 50 manatlıq kuponu təqdim olunub. Müsabiqənin digər iştirakçıları isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.