ADU-da fransız dili üzrə “Tələffüz müsabiqəsi” keçirilib
Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşəbbüsü ilə “Tələffüz müsabiqəsi” keçirilib. Müsabiqə Bakı Dövlət Universitetinin Alman və fransız dilləri kafedrası və Azərbaycanda Fransız İnstitutunun əməkdaşlığı çərçivəsində təşkil olunub.
Müsabiqədə ADU-nun Filologiya və Jurnalistika, Təhsil fakültəsi və BDU-nun 30-dan artıq tələbəsi iştirak edib. Tədbiri giriş sözü ilə ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri dos., f.f.d. Ülfət Zakir oğlu İbrahim açıb.O, qonaqları salamlayaraq universitetimizdə ADU-nun rektoru akademik Kamal Abdullanın dəstəyi və qayğısı nəticəsində fransız dilinin tədrisinə xüsusi diqqətin ayrıldığını vurğulayıb. Xarici dillərin tədrisində təkcə fonetika və qrammatikanı deyil, həm də dil və mədəniyyəti şeir və ədəbiyyat nümunələri vasitəsi ilə öyrənmək təqdirəlayiqdir. Tədbirin davamında söz alan BDU-nun Alman və fransız dilləri kafedrasının müdiri f.f.d., dos. Elmira Fərəcullayeva universitetimizdə olduğundan məmnunluq hissi keçirdiyini və belə bir tədbirin təşkilini yüksək qiymətləndirdiyini bildirib. AFİ-nin direktoru Moris Rufin də, öz növbəsində, tədbirin keçirilməsini yüksək dəyərləndirərək belə tədbirlərin davamlı olacağına ümid bəslədiyini ifadə edib.
Sonra söz tələbələrə verilib. Onlar növbə ilə münsiflər heyəti qarşısında fransız şairlərindən Şarl Bodler, Pol Eluar, Jak Prever, Viktor Hüqo və s. poetik nümunələr səsləndiriblər. Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilib. Tələbələrdən iki nəfər 1-ci, 1 nəfər 2-ci və 1 nəfər isə 3-cü yerə layiq görülərək sertifikat və digər hədiyyələr alıblar. Birinci yerləri tutan tələbələr AFİ-də 3 aylıq ödənişsiz fransız dili kursu keçməyi əldə ediblər. Azərbaycan Dillər Universiteti üzrə Rüstəmli Lalə, Bakı Dövlət Universitetindən isə Ayan Məmmədzadə birinci yerə layiq görülüblər.