Dillər Universitetində Azər Süleymanlı ilə görüş keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Jurnalistika klubunun” təşkilatçılığı ilə İctimai Televiziyanın aparıcısı, tanınmış telejurnalist Azər Süleymanlı ilə tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan klubun sədri, Filologiya və jurnalistika fakültəsinin tələbəsi Şəfiqə Əlizadə qonağı təqdim edib.
Televiziyaya ilk gəlişindən danışan aparıcı tələbələrə 7-ci sinifdə Dövlət Televiziyasında “Məhəbbət nəğmələri” verilişinin aparıcısı kimi fəaliyyətə başladığını bildirib: “Ondan sonra davamlı olaraq bir sıra layihələr oldu. Ancaq dövlət televiziyasında ilk efirim yaşımın az olmasına baxmayaraq, uğurlu alınmışdı.Bəlkə də absurd səslənəcək, ancaq həmişə kamera gördükdə deyirdim ki, bunlar mənim üçün doğmadı. Elə bilirəm ki, kamera qohumum, çox öyrəşdiyim bir dostumdu. Kamera kimlər üçünsə dəmir parçası kimi gəlir, amma düşünəndə ki, onlar tamaşaçıdı, bu iş daha maraqlı olur. İlk vaxtlardan belə məndə həyəcan olmayıb”.
A.Süleymanlı aparıcı olmaq üçün istedadlı olmağın mühüm olub-olmamasına toxunub: “Məsəl var ki, general olmaq istəməyən əsgər, yaxşı əsgər deyil. Hər insan özlüyündə dahidi, yetər ki, öz sahəsində çalışsın. Bu sənət 1 faiz istedad tələb edirsə, 99 faiz zəhmət çəkmək lazımdır. Düşünürəm ki, əvvəla müəyyən mənada vizual tələbləri ödəmək lazımdı. Tamaşaçı televiziyaya baxdıqda birinci görüntüyə, ondan sonra aparıcının nə danışmasına, nə dərəcədə maraqlı danışmasına baxır. Aparıcının danışığı səlis olmalıdı, musiqi kimi ürəyə yayılmalıdı”.
Eyni zamanda telejurnalist tələbələrin suallarını cavablandırıb və onlara televiziyanın insanların həyatındakı rolundan, jurnalistlərin istifadə etdikləri dil və üslublardan, peşəkar telejurnalistin nitq mədəniyyətindən, dilin saflığının qorunmasından, aparıcılıq peşəsinin əsas tələblərindən, Azərbaycan dilində düzgün və səlis danışmağın sirlərindən və müasir televiziyanın müxtəlif problemlərindən danışıb.
Tədbirdə iştirak edən, universitetin virtul jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı natiqlik, düzgün diksiya və aparıcı üçün lazım olan efir sirlərini peşəkarın özündən dinləməyin daha vacib olduğunu və bu cür görüşlərin tələbələri maarifləndirdiyini bildirib.
Qeyd edək ki, tədbirdə Dillər Universitetinin tələbələri ilə yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin və Memarlıq və İnşaat Universitetinin tələbələri də iştirak edib.