XƏBƏRLƏR

ADU-da "Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid" mövzusunda dəyirmi masa keçirilib

19 dekabr, 2018

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı - Hüseyn Cavid" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Bənövşə Məmmədova  sələf və xələflərinə bənzəməyən Cavidin çətin, ancaq şərəfli ömür yolundan, Azərbaycan ədəbiyyatında xüsusi dəsti-xətti olmağından danışıb.

Tədbirə qonaq qismində qatılan AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru Kamran Əliyev Hüseyn Cavidin "Topal Teymur", "İblis" əsərlərindən geniş söhbət açaraq, "Topal Teymur"  əsərini Cavidin tarixə səyahəti kimi qiymətləndirib. Natiq qeyd edib ki, Cavidin bu əsərdə zorakılığa, ədalətsizliyə, müharibəyə olan kəskin baxışı özünü göstərir. Mənzum dramaturgiyamızın dünya ədəbiyyatının şedevrləri sırasında  vüqarla dayanmağa layiq əsərlərindən olan "İblis" faciəsi isə dramaturqun bu əsərdə bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatmasını diqqətə çatdırıb.

Hüseyn Cavidin ev muzeyinin  "Elmi ekspozisiya şöbəsi"nin müdiri Lalə Əliyeva dramaturqun  ev muzeyindən geniş söz açıb.  Diqqətə çatdırıb ki, ev muzeyində 1000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano üçün "9 variasiya", "Eşq olsun", "Skripka ilə fortepiano üçün poema" və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər, məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Bunlardan Oqtay Sadıqzadənin "Cavid dünyası" triptixi, "Mişkinaz xanım" portreti, Ömər Eldarovun "Hüseyn Cavid", "M. Cavid", "Ə.Cavid", "T.Cavid" mərmər büstləri, A. Hacıyevin "Son yay" və "Hüseyn Cavid" əsərləri, İ.İbrahimovun "Naxçıvandakı məqbərənin maketi", Cavidlər ailəsinin hər birinə həsr olunmuş süjetli xalça, Ə.Əliyevin "İblis operasının yaranması" əsəri, S. və F.Məmmədvəliyevlərin ağacda oyma üsulu ilə Hüseyn Cavidin ərəb qrafikası ilə adı və soyadı yazılmış miz və üstündə "Azər"dən parçalar olan gümbəz şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində oymaları və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O.Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi "1937-ci ilin repressiya qurbanları" - "Qara yazı" əsəri və V. Ucatayın "Zordan üstün" əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur.

Professor  Qılıncxan Bayramov Cavidin əsərlərinin tərcümə olunmasından ətraflı danışıb.

ADU- nun German dilləri kafedrasının baş müəllimi Yusif Savalan Cavidin "İblis" pyesindən və  "Azər" poemasından parçaları və şeirlərini öz tərcüməsində  alman dilində səsləndirib.

ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin Roman dilləri kafedrasının baş müəllimi Mətanət Əhmədova  Cavidin " Bən istərim ki", "Bir zamanlar", "Bir rəsm qarşısında" şerlərini fransız dilinə tərcümə edib. Tələbələr  fransız dilində şeirləri səsləndiriblər.

Tədbirin sonunda ADU-nun rektor məsləhətçisi Anar Osmanlı tədbirin əhəmiyyətindən danışıb, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu müstəsna yerdən bəhs edib. O, əlavə edib ki, Hüseyn Cavidin cənazəsinin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və yaxından iştirakı ilə uzaq Sibirdən Naxçıvana gətirilib torpağa tapşırılması böyük tarixi xidmətdir.