XƏBƏRLƏR

ADU-da Məzunlar Assosiasiyasının Təşəbbüs qrupunun iclası keçirilib

17 dekabr, 2018

Azərbaycan Dillər Universitetinin (ADU) Məzunlar Assosiasiyasının Təşəbbüs qrupunun iclası keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Məzunlar Assosiasiyasının yaranması ideyasının hər kəs tərəfdən müsbət qarşılandığını qeyd edib. Rektor bu qurumun yaranmasının insanların bir-biri ilə ünsiyyətdə olmasına və birgə mühüm işlər görməkdə xeyirli addım olduğunu söyləyib. Rektor K.Abdulla universitetdə həyata keçirilən layihələr, konfranslar, tədbirlər haqqında danışıb. “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfrans haqqında danışan rektor bölmə iclaslarının Çin, Rusiya, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Portuqaliya və digər xarici ölkələrdə keçirildiyini xatırladıb.

Daha sonra təsis iclasının keçirilməsi ilə bağlı vacib məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetin məzunlarından ibarət assosiasiyanın təşkil edilməsinə dair  İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri 1982-ci ilin məzunu, iş adamı İlqar Kərimov təyin olunub.

Rektor tərəfindən tapşırılıb ki, bu sahədə beynəlxalq təcrübə öyrənilsin və assosiasiyanın yaradılması üçün lazım olan tədbirlər görülsün.

Eyni zamanda universitetin müvafiq qurumlarına İşçi qrupa lazım olan köməkliyin göstərilməsi tapşırılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd universitet və məzunlar arasında körpü yaradaraq əməkdaşlıq qurmaqdır. Bu, həm məzunlar, həm də tələbələr üçün faydalı olacaq.

Məqsəd eyni zamanda ADU-nun brendini məzunlar vasitəsi ilə Azərbaycanda və ölkə sərhədlərindən kənarda yüksəltməkdən ibarətdir.