XƏBƏRLƏR

Filologiya və jurnalistika fakültəsinin tələbələri Müasir İncəsənət Muzeyində olublar

12 dekabr, 2018

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytac Zeynalova Filologiya və jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 437-ci qrup tələbələri ilə Müasir İncəsənət Muzeyinəekskursiya təşkil edib.

Tələbələr burada əksəriyyəti Azərbaycanın rəssam və heykəltəraşlarına məxsus olan 800-dən çox sənət nümunələri ilə tanış olublar. Muzeyin hər iki mərtəbəsində təqdim edilən sənət əsərləri buranın bələdçisi tərəfindən çox əhatəli və məzmunlu şəkildə izah edilib, rəngkarlıq, boyakarlıq, heykəltəraşlıq və s. sahələr arasındakı harmoniyanın müxtəlif təzahür formaları aşkarlanıb.

Azərbaycan xalq rəssamlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə və b. maraqlı sənət əsərləri tələbələrin böyük marağına səbəb olub. Burada Niyazi Cəfərov, Rasim Babayev, Ənvər Əsgərov, Nazim Balakişiyev, Əsmər Nərimanbəyova, Altay Sadıqzadə və b. da əl işləri diqqəti cəlb edib.

Ekskursiya zamanı tələbələr burada noyabr ayının 15-də açılmış Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin rəsm sərgisi ilə də tanış olublar. Əsasən impressionist düşüncənin məhsulu olan bu əsərlərlə yanaşı muzeydə müxtəlif üslubların sənət təzahürü olan nümunələr də öz yerini tapıb. Dosent Aytac Zeynalova burada qotika, kubizm, impressionist üslublarda işlənmiş bu əsərlərlə yüksək düşüncənin məhsulu olan klassik ədəbiyyat arasında uyğunluq, tənasüblük axtarmağa səy göstərmiş, müxtəlif mövzularda izahlar verib.

Qeyd etmək lazımdır ki, muzeydə rəssam-heykəltəraşların əsasən orijinal əsərləri saxlanılmaqdadır. Buradakı Pikasso sərgi zalı da tələbələrin böyük marağına səbəb olub. Onlar muzeyin “Qərbi Avropa incəsənəti” salonunda dünya klassiklərinin əsərləri və əl işləri ilə tanış olublar. Tələbələr muzeydən yüksək təəssüratla ayrılıblar.