XƏBƏRLƏR

ADU daha bir universitetlə anlaşma memorandumu imzalayıb

14 dekabr, 2018

Dekabrın 12-də İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universitetində Bakı-Neapol Assosiasiyası, Neapol Şərqşünaslıq Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri  keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin dayanıqlı inkişafının təmin olunmasındakı xidmətləri barədə danışılıb.

Ulu öndərin əsasını qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs olunub, habelə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliğinə, o cümlədən Azərbaycan və İtaliya arasında humanitar sahələrdə əlaqələrə verdiyi töhfələr vurğulanıb.

Həmçinin tədbirdə Ulu Öndərin Azərbaycanın müasir tarixindəki rolundan bəhs edən, italyan dilində hazırlanmış "Xilaskarın həyatı" adlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dillər Universiteti ilə Neapol Şərqşünaslıq Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəddə əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması, tədqiqatçıların, o cümlədən magistratura və bakalavriat səviyyələrində təhsil alan tələbələrin mübadilə prosesinin asanlaşdırılması, birgə konfrans və simpoziumların təşkili və s. məsələlər əksini tapıb.

Tədbirdə Neapol Şərqşünaslıq Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğu, iki ölkə arasında mədəniyyət və təhsil sahələrində mübadilələrə töhfə verməyə hazır olduqları bildirilib. İmzalanan anlaşma memorandumunun hər iki universitetdə təhsilin inkişafına böyük töhfə verəcəklərinə əminlikləri vurğulanıb.