XƏBƏRLƏR

ADU-da professor Nurəddin Kazımovla vida mərasimi keçirilib

07 dekabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovla vida mərasimi keçirilib. Vida mərasimində ADU-nun rektoru akademik Kamal Abdulla, universitetin professor-müəllim heyəti, görkəmli dövlət xadimləri, mərhumun yaxınları, ailə üzvləri, sənət yoldaşları iştirak ediblər.

Rektor Kamal Abdulla bildirib ki, Azərbaycan elmi, pedaqogikası, mədəniyyəti böyük itki ilə üzləşib: “Ölkə rəhbərinin bilavasitə tövsiyəsi ilə Nurəddin Kazımovun cənazəsini universitetdən qaldırırıq. Biz bu gün əziz, sevimli dostumuz, müəllimimiz, universitetdə uzun illərdən bəri kafedra müdiri kimi çalışmış Nurəddin müəllimi son mənzilə yola salırıq”.

N.Kazımovun ləyaqət, şərəf, həqiqi pedaqoq etalonu olduğunu deyən rektor əlavə edib ki, onunla çiyin-çiyinə çalışan şəxslər professorun böyük ürək sahibi olduğunu, müdriklik nümayiş etdirdiyini hər zaman qeyd ediblər: “Nurəddin Kazımov onu tanıyan hər bir insanın həyatında öz izini qoyub. Müdrik məsləhətləri, elmi yaradıcılıqlarına verdiyi dəstəklə hamının məhəbbət və sədaqətini qazanmışdır”. Rektor K.Abdulla N.Kazımovu universitetdə çalışdığı illərdən tanıdığını deyib: “Nurəddin müəllim son dərəcədə peşəkar insan idi. Təkcə pedaqogika elminin sirlərinə deyil, eyni zamanda həyat sirlərinə bələd insan kimi həmişə öz məsləhətləri ilə bizim köməyimizə gələrdi, öz sözləri ilə istənilən məclisi rövnəqləndirərdi. Nurəddin müəllim öz varlığı ilə həm tələbələri, həm həmkarları arasında öz sözünü deyən və öz sözü ilə bu gün də yaşayan, sabah da yaşayacaq alimlərimizdəndir”.

K.Abdulla universitetdə N.Kazımovun obrazının, şəxsiyyətinin əbədiləşdirilməsi üçün mühüm addımlar atılacağını qeyd edib.

Tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, professor Fərahim Sadıqov, respublikanın Əməkdar artisti Ağalar Bayramov N.Kazımovun yaratdığı dəyərlər, yaşadığı şərəfli ömür yolu, elmi fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Mərhumun oğlu Araz Kazımov, öz növbəsində N.Kazımovun oğlu olması ilə fəxr etdiyini söyləyib. Mərasimin təşkilində diqqət göstərən hər kəsə təşəkkürünü bildirib.

Mərasimdən sonra professor Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nurəddin Kazımov 500-dən çox əsərin: monoqrafiyaların, kitab və kitabçaların, dərslik və dərs vəsaitlərinin müəllifi olub. O, 1982-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri vəzifəsində çalışıb.