Koreya dili üzrə inşa və danışıq müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya fondunun təşkilatı dəstəyi ilə Koreya dili üzrə inşa və danışıq müsabiqəsi keçirilib. Tədbir ADU-nun rektor məsləhətçisi Anar Osmanlının açılış nitqi ilə başlayıb, ardınca Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin müşaviri Lee Je Vunq tədbir iştirakçılarını salamlayıb.
Azərbaycanda ilk dəfə olaraq keçirilən Koreya dili üzrə inşa müsabiqəsində iştirakçılar onlara verilmiş 3 mövzudan birini seçərək heç bir köməkçi vasitə olmadan Koreya dilində inşa yazıblar. Ümumilikdə 12 nəfərin qatıldığı inşa müsabiqəsində I yeri ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Aydan Hacıyeva, II yeri həmin fakültənin 3-cü kurs tələbəsi Aytən Məmmədova, III yeri isə ADPU-nun Tarix və coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Afaq Salmanzadə tutub. ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ləman Həsənova və BDU-nun Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ayişən Məcidli isə 4-cü yerdə qərarlaşıblar.
Koreya dili üzrə danışıq müsabiqəsinə ümumilikdə 13 nəfər müraciət etmiş, onlardan 7 nəfəri final mərhələsinə yüksəlmişdi. Finalda iştirakçılar münsiflər və izləyicilər qarşısında Koreya dili danışıq qabiliyyətlərini nümayiş etdiriblər.
Müsabiqədə I yeri ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Samran Rəhimov, II yeri ADU-nun Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Aynur Əlizadə, III yeri isə BDU-nun Şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Leyla Əhmədova tutub. ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Fidan Talıbova, 4-cü kurs tələbəsi Səbinə Abbaszadə və ADRA-nın 4-cü kurs tələbəsi Nuray Kərimova isə 4-cü yer - həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirdə Azərbaycan-Koreya musiqi və rəqs nömrələri də nümayiş olunub. Tədbirin sonunda isə Koreya milli mətbəxinin təamlarından biri olan Kimbap qonaqlara təqdim olunub.













