Dillər Universitetinin Konfutsi İnstitutunda “Çin mətbəxi” master-klassı keçirilib

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin yeməklərinin hazırlanması” mövzusunda master-klass keçirilib. İlk öncə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi haqqında danışıb. Həmçinin bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında ölkəmizdə təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb. Çin mətbəxinin yeməklərini hazırlayan Çinli ustadlar məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıb, eyni zamanda Çin mətbəxinin vacib prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Master-klassda tələbələrə Çin yeməklərinin hazırlanması prosesi ilə yanaşı, Çin souslarından istifadə yolları, həmçinin məşhur “yu xiang rou si”nın hazırlanma qaydaları nümayiş etdirilib.









