XƏBƏRLƏR

Azərbaycan-Fransız Universitetinin direktoru: "ADU-nun dünyada və ölkəmizdə böyük işlər görmüş məzunları var" - Müsahibə

26 noyabr, 2018

“Sevindirici haldır ki, hazırda akademik Kamal Abdullanın ideyaları əsasında Azərbaycan Dillər Universitetində imtahan sessiyasından öncə məcburi ədəbiyyat oxumaq ənənəsi mövcuddur. Hətta 1-ci kursların öz kitabxanalarını formalaşdırmaları üçün universitet alınan kitabların pulunu da ödəyir”.

Sirr deyil ki, hər bir tələbə üçün yaxşı məzun olmaq, tələbəlik həyatından sonra aldığı təhsilə uyğun şəkildə həyatda layiqli yerini tutmaq həm də cəmiyyət qarşısında ciddi bir öhdəlikdir. Bu baxımdan, layiqli nümunələrimizin sayı nə qədər çox olarsa, deməli, bütün sahələrdə uğurlarımız da bol olacaq, gələcəyə daha ümidlə baxacağıq. Belə məzunlarımızın daha geniş şəkildə cəmiyyətə, əsasən də gənclərə tanıdılması, onların həyat yolunun yaxşı bir nümunə kimi təbliği çox vacibdir. Azərbaycan Dillər Universitetinin adu.edu.az rəsmi saytında başladığımız “Fəxri məzunumuz” layihəsinin məqsədi də budur. Artıq məzunlarımızın fəaliyyəti ilə daha yaxından tanış olacaq və onlardan təhsilimiz, həyatımızla bağlı önəmli tövsiyələr eşidəcəyik.

Layihəmizin növbəti qonağı Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru dosent Vazeh Əsgərovdur.

Vazeh Əsgərov 1978-ci il 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində Frаnsız-ingilis dilləri fаkültəsində təhsil аlıb. Tələbə olduğu dövrlərdə Frаnsаnın Аzərbаycаndаkı səfirliyində müqаvilə əsаsındа işləyib. Hərbi xidmətini başa vurduqdan sonra yenidən Fransanın azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsinin “George Sand” mərkəzində müdir müаvini vəzifəsində çalışıb. 2002-2003-cü illərdə müхtəlif bеynəlхаlq və yеrli təşkilаtlаrdа tərcüməçi-mеnеcеr kimi fəаliyyət göstərib.

2003-cü ildə Fransanın Rоbеrt Schumаn Univеrsitеtinə qəbul оlub və Strasburq şəhərində yaşayıb. 2004-2006-cı illərdə Strаsburqun Mаrc Blоch Univеrsitеtinin Dilçilik еlmi üzrə Mаgistr 1 və Mаgistr 2 dərəcəsi üzrə təhsilini dаvаm еtdirib.

2007-2012 illərdə Strasburq Universitetinin Avropadа cəmiyyət və mədəniyyət departamentində “Аzərbаycаnlıların Frаnsаyа mühаcirəti: tаriх və pеrspеktivlər” mövzusu üzrə doktorantura təhsili alıb və 2012-ci ildə Strasburq Universitetinin Dоktоru dərəcəsinə layiq görülüb. 2016-ci ildə Strasburq Universitetinin doktorluq diplomu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşüb.

Frаnsаdа 10 il təhsil аldığı və yаşаdığı müddətdə Vazeh Əsgərov ictimаi fəаliyyətlə də məşğul оlub, 2005-ci ildən Frаnsаdаkı Аzərbаycаnlı Tələbələr Аssоsiasiyаsının (ASEAF/FATA) sədri sеçilib və həmin ildə Strаsburq Аzərbаycаn Еvinin həmtəsisçisi оlub, Аzərbаycаnın Frаnsа ictimаiyyətinə tаnıdılmаsı istiqamətində ciddi işlər görüb. Təşkilаti fəаliyyəti ərzində “Azer-info” adlı оnlаrlа büllеtеn nəşr edilib, Qarabağ həqiqətlərindən bəhs edən kitаbın dərc оlunmаsı və Аvrоpаlılаrа çаtdırılmаsındа, еləcə də Аzərbаycаn üçün önəmli оlаn günlərin təntənəli qеyd оlunmаsı üçün müхtəlif mədəni tədbirlər həyata kеçirib.

2013-cü ildə Аzərbаycаnа qаyıtdıqdan sonra Vazeh Əsgərov Аzərbаycаn Dillər Univеrsitеtinin Еlmi strukturundа “Gənc Tədqiqаtçılаr Аssоsiasiyаsı”nа rəhbərlik еdib, 2013-cü ilin mаy аyındа rеktоrun müşаviri vəzifəsinə təyin olunub. 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayına kimi Azərbaycan Dillər Univеrsitеtinin Tədris işləri üzrə prоrеktоru vəzifəsini müvəqqəti icrа edib və bu müddət ərzində bir neçə dəfə rektor vəzifəsinin müvəqqəti icrasını həyata keçirib. 2015-ci ilin dekabr ayından 2016-cı ilin dekabr ayına qədər yenidən rektor müşaviri vəzifəsini icra edib. 2016-cı ilin dekabr ayından Azərbaycan-Fransız Universitetinə (UFAZ) direktor təyin olunub. Vazeh Əsgərov 2016-cı ilin may ayında Azərbaycan Dillər Univеrsitеtinin Elmi Şurasının qərarı ilə Fransız dili kafedrasının dosenti seçilib.

İndi isə Azərbaycan Dillər Universitetinin məzunu, Azərbaycan-Fransız Universitetinin direktoru dosent Vazeh Əsgərovu eşidək.

- Vazeh müəllim, yəqin ki, “Fəxri məzunumuz” adlı layihəmiz haqqında məlumatlısınız...

- Dünyada və ölkəmizdə Azərbaycan Dillər Universitetinin çox böyük işlər görmüş və öz sözünü demiş xeyli məzunu var. Məzunlarla bağlı layihəniz çox uğurludur. Həmişə arzu etmişəm ki, hər bir məzun təkcə məzun olaraq qalmasın, eləcə də təhsil aldığı müəssisəyə öz töhfəsini verməyə çalışsın. Dünya təcrübəsində də var: universitetə nüfuz gətirən həm də onun məzunlarıdır. Azərbaycan universitetlərində məzun-karyera mərkəzləri yaradılır, dünyadakı bu təcrübə öyrənilir, lakin biz öz təcrübələrimizi də öyrənməliyik. Bildirmək istəyirəm ki, təhsil aldığım universitetlər mənim üçün əzizdir, amma Azərbaycan Dillər Universitetinin yeri birincidir. Çünki universitetlə mənim bağlılığımın kökləri daha dərindir. Anam da Dillər Universitetinin məzunu olub. 4 il Azərbaycan Dillər Universitetində, 10 il müddətində isə Fransanın bir neçə universitetində təhsil almışam. Etiraf edim ki, mənim daha çox xatirələrim bu universitetlə bağlıdır. Əsas bilik aldığım təhsil ocağı Dillər Universitetidir. Fəxr edirəm ki, bu gün həm də ADU-da müəllim kimi çalışıram.

- Beynəlxalq təhsilin hansı təcrübələrinin ölkəmizdə tətbiqinə ehtiyac var?

- Bu proses artıq başlanılıb. Müqayisə etmək çox gözəldir, amma bunu tətbiq etdikdə nə cür nəticə verəcəyini də öncədən bilmək lazımdır. Xaricdəki aparıcı universitetlər bir neçə əsr tarixə malik olan təhsil ocaqlarıdır. Əlbəttə, oradakı sistem də 3-5 günə başa gəlməyib. Ölkəmizdəki ali təhsil müəssisələrinin əksəriyyəti yenidir. Baxmayaraq ki, sovet dönəmində qurulan universitetlər də var. Həmin təhsil ocaqları Avropa universitetlərinin formasında qurulmuşdu, lakin sovet təfəkkürü ilə idarə olunurdu. Son dövrlərdə Bolonya sisteminin tətbiqi təhsili daha da inkişaf etdirdi. Bu və ya digər formalarda təhsildəki yeniliklərin lehinəyəm.

- Ötən müsahibəm Fransa prezidentinin və hökumətinin akkreditasiyalı tərcüməçisi, universitetimizin məzunu Elvin Abbasbəyli ilə olub. Elvin bəy demişdi ki, xarici universitetlərdə qrup anlayışı yoxdur, Azərbaycanda isə var və bu anlayış doğma mühiti formalaşdırır. Bəs, siz bu məsələyə necə yanaşırsınız? Ölkəmizdəki təhsilin doğmalığını necə izah edərdiniz?  

- Həmkarım Elvin Abbasbəyli bu yanaşması ilə ola bilsin ki, qrup anlayışının tələbələrə daha yaxşı təsir göstərdiyini düşünür, amma Strasburqda oxuyanda qrup anlayışının olmaması mənim üçün daha zövqverici idi. UFAZ-da da orada gördüyüm, öyrəndiyim təcrübəni müəyyən prosedurları gözləyərək tətbiq etməyə çalışıram. Qeyd etmək istəyirəm ki, hazırda UFAZ-da dərslərarası zəng yoxdur, lakin universitet fəaliyyətə başlayanda zəng sistemi mövcud idi. Amma bu yoxluq dərslərə mane olmur. Hər birimiz bilirik ki, müəllim peşəsini daşıyan hər bir şəxs pedaqoji təcrübə keçir və dərsinin hər bir dəqiqəsinin necə idarə olunmasını gözəl bilir. Bioloji zənglərin aradan qaldırılması insanlara bir növ sərbəstlik verir və məsuliyyətini daha da artırır. Biz bunun müsbət effektini görürük. Bu sadə bir misal idi, bu cür yeniliklərin tətbiq olunması effektiv nəticə verməkdədir.

- Dillər Universitetində son bir ildə bir çox uğurlu layihələr həyata keçirilib. Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə birlikdə bu cür uğurlu layihələrdə əməkdaşlıq etmələrini düşünürsünüzmü?

- Tələbələrin birlikdə fəaliyyət göstərməsi əlbəttə, önəmlidir. UFAZ-da ixtisaslar texniki yönümlüdür, Dillər Universitetində isə ixtisaslar humanitar sahələrə aiddir. Tələbələrimizi birləşdirən vacib məqam isə hər iki universitetdə xarici dillərin tədris olunmasıdır. Buna baxmayaraq, tələbələrimizin digər sahələrdə yüksək əməkdaşlığı mövcuddur. Tələbə Gənclər Təşkilatının, Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi layihələrdə iştirak edirlər. Bir müddət əvvəl TGT-nin rəhbərliyi UFAZ-da tədbir keçirmişdi və sevindirici haldır ki, həmin təşkilatın üzvlərinin çoxunu Dillər Universitetinin tələbələri təşkil edir. Planlaşdırılmamış, təbii halda davam edən bu cür əməkdaşlıq nəticəsində tələbələrdən bizə çox uğurlu təkliflər gəlir. Xoşbəxtəm ki, artıq əlaqələr var.

- Xoş günləri xatırladıqca insan sərhədlərin fövqünə ucalır. Bir az fövqlərə ucalaq, tələbəlik illərinizi necə xatırlayırsınız?

- Əslində bu sual bizi passiv arxivə aparır. Təbii ki, bu arxiv əzizdir, çox keşməkeşli olsa da, qiymətlidir. Tələbəlik dövrümüz 1995-1999-cu illərə təsadüf edir. Azərbaycanda stabilik dövrü başlamışdı, iqtisadi nöqteyi nəzərdən durum artmaqda olsa da, bir az dərsliklərlə bağlı çətinliklər var idi. Həmin dövrdə tələbələrin böyük əksəriyyəti ya yaxşı məqalələr yazırdı, ya təşkilatlar yaradırdı, ya da xarici dillər öyrənirdilər. O illər çətinliklə yadda qalsa da, çox əzizdir. İnanmıram ki, hansısa bir şəxs üçün tələbəlik dövrü maraqsız olsun. Ola bilər, həmin tələbə öz zamanının qədrini bilməyib, düzgün dəyərləndirməyib. Tələbəlik dövrümüz ölkəmizin yenicə müstəqil olduğu dövrlərə təsadüf edirdi. Tələbəlik həyatıma aid xatirələr çoxdur, ola bilsin, bəzi məqamları xatırlamayım, buna görə də birini deyib, digərini deməmək yaxşı hal olmazdı. Xatirələrim məndə qalsın (gülür).

- Maraqlıdır, tələbə olduğunuz dövrlərdə dərsdən qaçmısınızmı?

- Universitetdə təhsil aldığım dövrlərdə nə zamansa dərsdən yayınmağımı xatırlamıram. Bəlkə də, xəstələndiyim üçün bir neçə dərsdə iştirak edə bilməmişəm. Universitetimizin birinci mərtəbəsində Fransa səfirliyinin tabeliyində olan “George Sand” adlı mərkəz fəaliyyət göstərirdi. Biz fəaliyyətimizi demək olar ki, əsas bu mərkəzdə qurmuşduq. Mərkəzin Dostları Asossiasiyasını yaratmışdıq. Müxtəlif cür tədbirlər təşkil edirdik, öz bülletenimizi nəşr etdirirdik. Qaçmaq deməzdim, amma dərslərdən icazə aldığımız günlər olub. Hətta deyim ki, elə bir maraqsız dərsimiz də olmayıb. Qrupumuzda tələbələrin sayı da az idi. Hər hansı bir macəra və vaxt keçirmək üçün dərsdən qaçdığımızı xatırlamıram.

- Düşünürsünüzmü ki, eyniadlı mərkəzi UFAZ-da da yaradasınız və tələbəlik dövrünüzdən görmək istədiyiniz layihələri həyata keçirəsiniz?

- Bir şeyin digər yerdə təkrarlanmasının o qədər də lehinə deyiləm. Düşünürəm ki, hər bir yerdə orijinallığa doğru getmək lazımdır.

- İnsan iynə ucu qədər görünən işartını ya söndürər, ya da onu böyüdərək bəşəriyyətin işıqlanmasına səbəb olar. Məlumdur ki, uğurlarınızın səbəbkarı ilk olaraq özünüzsünüz, amma hər bir uğurlu insanı istiqamətləndirən, tövsiyələr verən bir müəllimi vardır. Sirr deyilsə, həyatınızdakı bu önəmli şəxs kimdir?

- Çox gözəl və maraqlı sualdır. Düşünürəm ki, valideynlər övladın ən böyük müəllimidir. Xoşbəxtəm ki, hər iki valideynim həm də orta məktəbdə müəllimim olub, hətta atam bir müddət sinif rəhbərimiz də olub. Ümumiyyətlə, müəllim övladı olmaq özü də bir məsuliyyətdir. İnsan özü də öyrənməyə meylli olmalıdır. Yaxşı şagird, yaxşı tələbə tək dərslərini oxuyub yüksək qiymətlə kifayətlənməməlidir, ətrafdakı hadisələri analiz etməyi bacarmalıdır, dostlarını, yaxınlarını tanımağa çalışmalıdır. Təbii ki, ətrafımdakı insanlar heç də təsadüfi olaraq qarşıma çıxmayıblar. İnsan həmişə mənfiləri müsbətə çevirməyi bacarsa, aliliyə doğru gedə bilər. Doğru yoldayıq, ya doğru yolda deyilik, bunu zaman bəlli edəcək.

-   Uzun zamandır təhsil sahəsindəsiniz. XX əsrdə tələbə, XXI əsrdə isə müəllim kimi. Bir tələbə aliliyə doğru doğru addımlaması üçün öz sistemini necə qurmalıdır?

- Hər bir gəncə təhsil almağı arzu edirəm. Çünki hər kəs universitetə girmək üçün ciddi cəhdlə hazırlaşır və bu məqsədinə nail olur. Bu məqsədə çatdıqdan sonra tələbə gərək başqa arzular, məqsədlər, hədəflər üçün çalışsın. Təkcə 4 ili bitirib diplom almaq deyil də, hər gündən faydalanmaq lazımdır. Səhv etmirəmsə, siz Slavyan Universitetinə qəbul olmusunuz, tələbə mobilliyindən istifadə edərək Dillər Universitetinə köçürülmüsünüz, hazırda uğurlu layihələriniz var. Yəni siz öz yerinizi müəyyən etmisiniz. Məlumdur ki, hər bir tələbə aktiv olmur, lakin tələbəlik dövründə zəngin təcrübə və bilik qazanmaq lazımdır. Hətta bəzən elə tələbələrlə qarşılaşıram ki, 4-cü kursdadır, amma özünü tapa bilməyib. Təbii ki, cəmiyyətdə hər hansı bir yerdə özünü tapa biləcək, lakin təhsil aldığı istiqamətdə böyük boşluğu olacaq. Düşünün ki, siz bir bankda hesab açmısınız və hər gün o hesaba yatırım etməlisiniz. Dörd ilin sonunda diplomu alacaqsınız və o hesabdakı yatırımdan 40 ildən artıq rahatlıqla istifadə edə biləcəksiniz. Hesabı açmayıb və ya açıb ora yatırım etmədinsə, aliliyə doğru doğru addımlamaq mümkün deyil. O yatırımlar isə mütaliədir. Sevindirici haldır ki, hazırda akademik Kamal Abdullanın ideyaları əsasında Dillər Universitetində imtahan sessiyasından öncə məcburi ədəbiyyat oxumaq ənənəsi mövcuddur, hətta 1-ci kursların öz kitabxanalarını formalaşdırmaları üçün universitet alınan kitabların pulunu da ödəyir. Bu addımlar tələbəni kitab oxumağa təşviq edir.  Təhsil almaq, oxumaq əlçatmaz deyil. Bundan ancaq yararlanmaq lazımdır. Bu gün bir tələbənin kitab oxumaması günahdır, o marağın formalaşmaması isə bir səhvdir. Ona görə də bu cür addımları çox böyük qiymətləndirirəm. Çünki burada cəmiyyət qazanacaq.

- Tələbə nə istəyir?

- Biz ilk növbədə anlamalıyıq ki, tələbə nə istəyir. Tələbənin arzu, istəyi, eləcə də düşdüyü mühitə və psixoloji yaşına görə addım atmalıyıq. Tələbələr məndən nəsə istəyəndə bildirirəm ki, bu sizin haqqınızdır və siz bizdən yüksək təhsil ala bilməyiniz üçün nələrsə istəməlisiniz. Sovet dövründə universitet müəllimin idi və müəllimlər gözləyirdilər ki, tələbələr gəlib təhsil alsınlar. Hazırda isə əksinədir, bu gün universitet tələbələrindir. Və onlara yüksək təhsil, rahatlıq, sərbəstlik vermək bizim borcumuzdur.

- İşləmək istəyən tələbə və məzunların qarşısına çıxan ən böyük maneə “Təcrübəniz varmı?” sualıdır. Ümumiyyətlə, təhsil müəssisəsi, yoxsa işəgötürənlər gəncləri tələbəlik dövründən müxtəlif təcrübə proqramlarına, sıx əməkdaşlıqlara cəlb etməyə maraqlı olmalıdırlar?

- Bu maraq qarışılıqlı olmalıdır. Universitet ona görə maraqlı olmalıdır ki, bu maraq onun potensialını gücləndirir, səviyyəsini ucaldır. İşəgötürən isə ona görə maraqlı olmalıdır ki, gələcək kadrları öz iş sahəsinə uyğun hazırlansın. Məlumdur ki, hər bir universitetin qəbul planı ölkədəki tələbata uyğun həyata keçirilir. Təbii ki, elə ixtisaslar var ki, 10 il sonra həmin ixtisaslara ehtiyac olmayacaq, yeni ixtisaslar yaranacaq. Tələblər çox dəyişir, buna görə də universitetlər də bu maraqları nəzərə almalıdır. Müəssisələrarası sıx və ciddi əməkdaşlığa ehtiyac var.

- Hazırda ali təhsil müəssisələrində əksər ədəbiyyatlar kiril əlifbası ilə çap olunmuş XX əsrə aid dərsliklərdir. Tələbələr nələr itirir, nələr qazanır?

- Hər bir kitabın öz oxucusu var. Biz həmin ədəbiyyatlardan öyrənmişik, lakin bu günkü tələb o deyil. İndiki gənclik də həmin dərs vəsaitlərini qəbul etmir. Bəzən haqlıdırlar, çünki dünya inkişaf edir, yeniliklər daha çoxdur. Buna görə də tələbələr bəzən daha çox şeylər itirir. Universitet və ya tələbə özü maraqlı olmalıdır ki, ədəbiyyatlar daha müasir, daha zəngin olsun. Təbii ki, internet dövrüdür, elektron kitabxanalar yaradılır, bu da tələbələr üçün önəmli addımlardandır.

- “Аzərbаycаnlıların Frаnsаyа mühаcirəti: tаriх və pеrspеktivlər” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək Strasburq Universitetinin Dоktоru dərəcəsinə layiq görülmüsünüz. Doktorluq dissertasiyanız Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib və Azərbaycanda ilk təkrar attestasiya edilmiş Fransa doktorluq diplomu kimi tarixə düşüb. Bir az da bu barədə danışaq.

- Fransaya gedəndən sonra məni həmişə Fransaya köç etmiş azərbaycanlı mühacirlər maraqlandırıb. Tələbəlik dövrlərimdə özümdən qeyri-ixtiyari olaraq onlar haqqında məlumatlar toplamağa çalışırdım. Çox maraqlı bir halla qarşılaşdım, bu mövzuda elmi rəhbərim öz dostum, Strasburqda Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən Stéphane de Tapia oldu. O, həm coğrafiyaçı, həm tarixçi, həm də sosioloqdur. Çox müzakirə etdikdən sonra bu sahədə doktorluq dissertasiyası yazmağa qərar verdim. Fransada belə bir böyük iş görülməmişdi. İndi də bu istiqamətdə araşdırmalara ehtiyac var. İnanıram ki, gələcəkdə tətdiqatçılar bu sahədə uğurlu işlər görəcəklər. Xoşbəxtəm ki, bu mövzu Azərbaycanda ilk doktorluq işi kimi Ali Attestasiya Komitəsi tərəfindən tanındı. Hətta mənə sual olunmuşdu ki, niyə sizin doktorluq işinizdə bu qədər çox ədəbiyyat var? Çox istərdim ki, məndən sonra araşdırma aparanlar bu ədəbiyyatlardan istifadə etsinlər. Çünki bu ədəbiyyatların tapılması mənim üçün çox çətin olmuşdu.

- Fransada Azərbaycan Evinin həmtəsisçilərindən olmusunuz. Azərbaycan Evi hansı layihələri həyata keçirir?

- Öncə qeyd edim ki, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası 1999-cu ildə təsis olunub. Bu Asossiasiyanı yaradanlardan biri Kənd təsərrüfatı naziri İnam Kərimov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Kamil Piriyev və digər şəxslər olub. 2003-cü ildən həmin təşkilata üzv oldum, 2005-ci ildən rəhbəri seçildim. Uzun müddət fəaliyyət göstərdim. Həmin ildən də Strasburqda fəaliyyət göstərən digər təşkilatlarla - Cənubi Azərbaycandan olan soydaşlarımızın Azərbaycan Kültür Cəmiyyəti və Türkiyədən olan həmvətənlərimizin Azərbaycanın Dostları Cəmiyyəti ilə birləşib Azərbaycan Evini yaratdıq. Fəaliyyət istiqamətimiz çox geniş idi. Azərbaycan dili kursları, müxtəlif mədəni tədbirlər həyata keçirirdik. Azərbaycan üçün önəmli hadisələri qabardırdıq. Daha çox isə mədəniyyət sahəsinə aid tədbirlər təşkil edirdik. 500 nəfərlik tələbə yeməkxanasında dəfələrlə Azərbaycan mətbəxini təşkil etmişdik, arxa fonda isə klassik Azərbaycan musiqiləri səslənirdi. Bu tədbirlər bizim fəaliyyətimizin bir hissəsidir. Hətta indiyədək yadımdadır, akademik Kamal Abdullanın “Azərbaycanca danışıq” kitabı fransızca dərc olunmuşdu. Biz Azərbaycan Evində həmin kitabın təqdimatını keçirmişdik. Kamal müəllim də təqdimatda iştirak etmişdi. Görüşdən sonra bizə tövsiyələri də oldu. Bildirdi ki, fəaliyyətimizi və uğurlarımızı işıqlandıracaq bir mətbu orqanımızın olması vacibdir. Bu, əlbəttə, maliyyə tələb edirdi, amma qeyd edim ki, o tövsiyələrlə də “azer-info” mətbu orqanını təsis etdik. Mən həmin bülletenin həm də redaktoru idim, ildə 4 dəfə dərc etdirirdik. Dillər Universitetinin daha bir məzunu, mənim silahdaşım Məmməd İsmayılov da tələbə təşkilatlarında, eləcə də “Azer-info”nun fəaliyyətində çox ciddi işlər görüb. Hazırda Azərbaycan Dillər Universitetində fakültə dekanıdır. Fəxr edirəm ki, bu cür vətənpərvər şəxslərimiz var.

- Dillər Universitetinin tələbələrinə nələri tövsiyə edirsiniz?

- Hər bir gəncə ciddi, düzgün məqsədə doğru irəliləməyi arzu edirəm. Bu yolda müsbətlərlə, mənfilərlə, hətta çox şeylərlə qarşılaşacaqlar. Heç nə onlara əngəl olmamalıdır. Bir nöqtədə durmamalarını və ondan sonrakı mərhələləri də əzmli addımlarla keçməyi arzu edirəm.

Şahin Sərdarlı