
Azərbaycan Dillər Universitetinin məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında Məzunlar Assosiasiyası yaradılacaq. Assosiasiyanın Əsasnaməsinin layihəsini təqdim edirik .
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dillər Universiteti
Məzunlar Assosiasiyasının
Əsasnaməsinin layihəsi
1.
Ümumi məsələlər
- Məzunlar Assosiasiyası (bundan sonra Assosiasiya) Azərbaycan Dillər Universiteti məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai və sosial təşkilatdır.
- Assosiasiya universitet daxili təşkilatdır və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu və bu Əsasnaməni rəhbər tutur.
- Assosiasiya bərabər hüquqlu üzvlərdən ibarət kollegial orqandır və onun iş prinsipi könüllülük, aşkarlıq və qanunvericiliyin qorunmasına söykənir.
- Assosiasiya hüquqi şəxs deyil, üzvlərinin səs çoxluğu ilə seçdikləri idarə heyəti və rektorun təsdiq etdiyi sədr tərəfindən idarə
2.
Assosiasiyanın məqsəd və vəzifələri:
2.1. Assosiasiyanın yaradılmasında məqsəd ADU məzunlarının ümumi marağı əsasında onun üzvlərinin sosial, mədəni və işgüzar maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə səy göstərmək, məzunların harada olmasından asılı olmayaraq onlarla əlaqə yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı fəallıqlarının inkişafına təsir göstərmək, habelə üzvlərinin hərtərəfli maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə çalışmaqdır;
2.2. Assosiasiyanın ən şərəfli vəzifəsi öz məzunları vasitəsilə Azərbaycan Dillər Universitetinin nüfuzunun daha da artmasına kömək etmək, müəllim və tələbələrə maddi və mənəvi yardım göstərmək, xeyriyyəçiliklə məşğul olmaqdır;
2.3. Assosiasiya siyasi birlik deyil və hər hansı siyasi fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymur. Assosiasiyanın üzvləri Assosiasiyadan kənar fərdi şəkildə bu işlə məşğul ola bilərlər.
3.
Assosiasiyanın fəaliyyəti.
3.1. Assosiasiya qarşısına qoyulmuş məqsəd və vəzifələri uğurla həyata keçirmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq olaraq:
- öz məqsəd və vəzifələrini təbliğ edir;
- respublikanın və dünyanın ali məktəblərinin məzunlar birlikləri ilə əməkdaşlıq edir;
-hər il universitet məzunlarının siyahısını hazırlayır;
- məzunların və tələbələrin peşə hazırlığının artırılmasına təsir göstərir;
-ADU-nun məzunları üçün qəbullar, təqdimatlar, seminarlar, banketlər, mətbuat konfransları, görüşlər, istirahət saatları təşkil edir;
- Assosiasiya üzvlərinin yaradıcı, ixtiraçı və sahibkarlıq fəaliyyətlərinə kömək edir;
- Assosiasiyanın üzvləri, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələrdən və digər sahələrdən əldə olunan vəsaitlərdən idarə heyətinin təsdiq etdiyi smeta üzrə Assosasiyanın saxlanması üçün istifadə edir.
- Assosiasiyanın üzvləri tərəfindən, yaxud onların iştirakı ilə nəşr olunmuş əsərlərin kitabxanasını təşkil edir.
4.
Assosiasiyanın üzvlüyünə qəbul.
4.1. Assosiasiyaya üzv olunması bu əsasnaməyə uyğun olaraq həyata keçirilir;
4.2. Universiteti nə vaxt bitirməsindən və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün məzunlar, o cümlədən, istisna hallarda respublikanın görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərindən könüllülük əsasında hər bir vətəndaş Assosiasiyanın üzvü ola bilər;
4.3.Assosiasiyaya üzvlük fərdi qaydada, tam könüllülük əsasında idarə heyətinin təqdimatı əsasında ümumi yığıncağın növbəti iclasında həyata keçirilir;
4.4 Assosiasiyanın fəxri üzvləri statusu təsis edilir və bu üzvlüyə ölkənin ictimai – siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar İdarə heyətinin dəvətilə qəbul edilirlər. Universitetin rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.
5.
Assosiasiya üzvünün hüquq və vəzifələri.
5.1. Üzvlərin aşağıdakı hüquqları var:
- iş saatlarında istədiyi vaxt Assosiasiyaya gəlmək ;
- Assosiasiyanın bütün tədbirlərində iştirak etmək;
- Assosasiyanın ümumi yığıncaqlarında iştirak etmək;
- ehtiyac olduqda Assosiasiyanın köməkliyindən istifadə etmək;
- istədiyi vaxt üzvlükdən çıxmaq;
5.2. Üzvlərin vəzifələri:
- Assosasiyanın Əsasnaməsinin və Nizamnaməsinin tələblərinə riayət etmək;
- Assosiasiyanın nüfuzunun qorunmasına çalışmaq;
- Assosiasiyanın keçirdiyi bütün tədbirlərdə və iclaslarda iştirak etmək;
- Assosasiyanın işinin səmərəli olması üçün hərtərəfli kömək etmək;
- əvvəlki illərin məzunlarının axtarıb tapılmasına, onlarla əlaqə yaradılmasına çalışmaq.
- Assosiasiyanın idarə olunması.
6.1. Assosiasiyanın ali orqanı üzvlərin ümumi yığıncağıdır. Ümumi yığıncaqlar arası müddətdə sədrin rəhbərliyi altında idarə heyəti.
6.2. Ümumi yığıncaqlar ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədən kənar yığıncaqlar idarə heyətinin, yaxud üzvlərin sayının 20%-dən çoxunun qərarı, habelə rektorun təklifi ilə çağırıla bilər. Ümumi yığıncaq üzvlərin sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaqda qərarlar iştirak edənlərin sadə səsçoxluğu ilə qəbul olunur.
6.3. Assosiasiyanın sədri ümumi yığıncaqda sədrlik edir, o, yığıncaqda iştirak etmədikdə, bu vəzifəni onun müavini, yaxud üzvlərdən biri həyata keçirir.
6.4. Ümumi yığıncaq Assosiasiyanın Əsasnaməsini və Nizamnaməsini qəbul edir, lazım gəldikdə onlara dəyişikliklər və əlavələr edir;
- idarə heyətinin üzvlərini, idarə heyətinin sədrini, təftiş komissiyasını seçir;
- Assosiasiyanın illik planını təsdiq edir;
- Assosiasiyanın idarə olunması üçün lazım olan sənədləri: “Assosasiyanın üzvlüyü haqqında Əsasnaməni “Üzvlərin etik davranış qaydaları”nı, “Assosasiyanın daxili qaydaları”nı və s. təsdiq edir.
6.5. Assosiasiyanın idarə heyəti 7 nəfərdən ibarət ümumi yığıncaqda sadə səs çoxluğu ilə 2 il müddətinə seçilir. Ümumi yığıncağın qərarı ilə bir nəfər 3 dəfə sədr seçilə bilər.
7.
Assosiasiyanın ləğv edilməsi.
7.1. Assosiasiya ümumi yığıncağın, yaxud məhkəmənin qərarı ilə ləğv edilə bilər;
7.3. Assosiasiyanın ləğvi haqqında qərar ümumi yığıncaqda iştirak edənlərin 2/3 hissəsinin səs verdiyi halda qüvvəyə minir.
Qeyd: Assosiasiyanın Əsasnaməsinə irad və təkliflərinizi bu elektron poçta göndərə bilərsiniz: [email protected]