XƏBƏRLƏR

Dillər Universitetində jurnalist Raqif Raufoğlu ilə görüş keçirilib

16 noyabr, 2018

Virtual jurnalistika kafedrası

KİV-də reklam və menecment fənni: 443-cü qrup

Seminarın mövzusu: Radioda reklam

Qonaq: 106.3 FM radiosunun aparıcısı və layihə rəhbəri eyni zamanda reklam meneceri Raqif Raufoğlu

Fənn müəllimi: Aygün Rəhimova

Dərsi izlədi: Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı, Azərbaycan ədəbiyyatı kafedrası müdiri Muxtar İmanov, kafedranın müdir müavini dos. Nurlanə Mustafayeva.

Azərbaycan Dillər Universitetində jurnalist Raqif Raufoğlu ilə görüş keçirilib. Qonaq aparıcısı və layihə rəhbəri olduğu “Bumerang” səhər şousu haqqında tələbələrə məlumat verib. O, həmçinin avtomobillərlə bağlı olan “Master class” verilişi haqqında da danışıb. Rafiq Raufoğlu KİV-də reklamın hansı prinsip və şərtlərlə həyata keçirilməsi haqqında məlumat verib. O, həmçinin reklam bazarında rəqabətin necə və hansı formada aparılması, reklam bazarında risk faktorunun önəmli tərəfləri və məsləhətlərini auditoriya ilə bölüşüb. Seminarda Raqif Raufoğlu öz fəaliyyəti, gündəlik cədvəli haqqında informasiyaları tələbələrlə bölüşüb. O radioda işləməyin çətin və məsuliyyətli olmaqla yanaşı, maraqlı olduğunu da diqqətə çatdırıb. Qonağın səlis nitqi, yerli-yerində işlətdiyi jest və mimikaları, auditoriyaya müraciəti də diqqətdən yayınmayıb. Seminar interaktiv formada keçirilib. Raqif Raufoğlu tələbələrin suallarını cavablandırıb, onların ideya və təklifləri ilə maraqlanıb, tələbələrə öz kiçik məsləhətlərini verib. O, bildirib ki, hər hansı bir işə başlayarkən həvəs göstərmək və məqsədli olmaq lazımdır. Özünü inkişaf etdirməyin əsas olduğunu vurğulayıb.

Qonaq Raqif Raufoğlu seminarda Azərbaycanda və xaricdə olan reklamları da müqayisə edib. Xaricdə olan reklam mətnlərinin daha yaradıcı və rəngarəng olduğunu diqqətə çatdırıb. O, “Marlboro” və “Ferrari” şirkətinin hazırladığı ən gəlirli reklamlar haqqında danışıb. Raqif Raufoğlu reklam menecerləri ilə müsbət əməkdaşlığın sirlərini də paylaşıb. Bu uğurlu əməkdaşlığın səbəbi onun inandırıcılıq qabiliyyətinin yüksək olmasıdır.

Bu seminardan tələbələr öyrəndi:

  1. Reklamın maraqlı sahə olduğunu;
  2. Onun iqtisadiyyatla birbaşa bağlı olduğunu;
  3. Sponsorlu verilişlər hazırlamağın yollarını;
  4. Risk edərək uğur qazanıla biləcəyini;
  5. Reklamda imicin əsas rol oynadığını;
  6. Reklam bazarında necə rəqabət aparmağı;
  7. Bazarda yüksəlməyi, uğurlu reklamın səbəblərini və digər maraqlı məlumatları.

Sonda qonaq Raqif Raufoğlu tələbələrə yeni ideyaların hazırlanmasında kömək edə biləcəyinə söz verib.

İsmayılova Nuranə

Ağazadə İnnab