XƏBƏRLƏR

ADU-da Xudu Məmmədova həsr olunan tədbir keçirilib

21 noyabr, 2018

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) SABAH qruplarının təşkilatçılığı ilə elm adamı və ictimai-siyasi xadim, professor Xudu Məmmədova həsr olunmuş tədbir keçirilib.

SABAH mərkəzinin rəhbəri Aynur Budaqova tədbirin “Yad et məni” layihəsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb, layihənin məqsədinin görkəmli şəxsiyyətlərin yad edilməsi və tanıdılması olduğunu söyləyib. O, tədbirin SABAH qruplarının tələbələri tərəfindən hazırlandığını qeyd edib və tələbələrə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən tələbələr görkəmli elm adamı X.Məmmədovun həyatı, elmi fəaliyyəti, sənət və yaradıcılığı, vətənə, xalqa olan məhəbbəti, dostluq münasibətlərindən söz açıblar.

Tarixçi və araşdırmaçı Vasif Qurbanzadə və Türkiyə səfirliyinin Kültür və Tanıtım müşaviri İlfan Çitfçi X.Məmmədovun həyatını Azərbaycan gəncliyinin elmi potensialının yüksəlməsinə həsr etdiyini, Azərbaycanın elm, mədəniyyət, sənət və sərbəst fikir tarixinin qurulmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, X.Məmmədov türk təfəkkürünün ən yüksək təbəqələrində yer alan alimlərdəndir.

Tədbir X.Məmmədovun müəllifi olduğu bayatıların səsləndirilməsi ilə yekunlaşıb.