ADU-da ADA Universitetinin nümayəndəsi mühazirə ilə çıxış edib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Diplomatik Akademiyasının (ADA) siyasi elmlər üzrə fəlsəfə doktoru Əli Saqer “Dövlətdən dövlətçiliyə: XXI əsrdə siyasət” mövzusunda mühazirə ilə çıxış edib.
ADU ilə ADA Universiteti arasında əməkdaşlıq layihələri çərçivəsində baş tutan mühazirədə ADU-nun müəllim və tələbə heyəti iştirak edib.
Ə.Saqer öz çıxışında siyasət anlayışı, siyasəti formalaşdıran amillər, qloballaşma və bu prosesin dövlətlərə təsiri, iri biznes qrupları, transmilli korporasiyaların dünyada gedən siyasi, iqtisadi proseslərdə rolu və onların qəbul edilən qərarlara təsiri və s. bu kimi mövzulara toxunub.
Ə.Saqer müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, ADA Universiteti ilə ADU arasında həyata keçirilən bu layihənin silsilə mühazirə və görüşlər şəklində davam etdirilməsi nəzərdə tutulur. Müştərək tədbirlər çərçivəsində ADU-nun bir qrup müəlliminin də yaxın gələcəkdə ADA Universitetində mühazirə ilə çıxış etməsi gözlənilir.