XƏBƏRLƏR

Dörd həftəlik təcrübə: insan sevildiyi yerdə xoşbəxt olur

12 noyabr, 2018

4 həftəlik təcrübə, 1 ömürlük xatirə

Hörmətli rektorumuz Kamal Abdullanın təşəbbüsü ilə universitetimizin tələbələri üçün müxtəlif profilli layihələr həyata keçirilir. Bu layihələrdən biri də “Regionlarda təcrübə” layihəsidir. Belə ki, bu ildən etibarən universitetimizin 4-cü kurs tələbələri, pedaqoji və istehsalat təcrübələrini yalnız Bakı şəhərində deyil, həmçinin müxtəlif regionlarda da keçmək şansı qazanırlar. Bu layihənin ilk şanslı iştirakçılarından biri də mən oldum. 10 həftə müddətində Bakı şəhəri 266 saylı tam orta məktəbdə təcrübə keçdikdən sonra, təcrübəmin son 4 həftəsini Ağcabədi rayonunda yerləşən, Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbdə keçirdim. Öz doğma yurdlarından didərgin düşmüş şagirdlərimizlə 1 ay müddətində bir yerdə olmaq, onların gözlərindəki gülüşdə təcəssüm edən sevgini duymaq əvəzolunmaz bir hissdir. Onların sevgisini, hörmətini qazanmaq sözlərlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Yalnız məktəbdə şagirdlərin deyil, küçədə olarkən, yolda gedərkən hətta valideynlərin də “Salam, müəllim!” deməyi insanı qürurlandırır və düşündürür. 11 illik şagird, 4 illik tələbəlik dövrümdə müəllimlərimə yaşatdığım hər bir çətinliyi və çətin olduğu qədər şərəfli olan bu peşənin necə uca olduğunu daha yaxşı başa düşürdüm. İlk gündən qəsəbə sakinləri “Uşaqlar bir az çətindir, sizi incidəcək” deyəndə düşündüm yəqin seçimimi düz etməmişəm. Məktəbdə fəaliyyətə başladığımız gündən isə hər şeyi tam doğru etdiyimi anladım. İlk dərs 6-cı sinifdə boş olduğundan məktəbin direktor müavini Adil müəllim bizi məhz o sinifə apardı tanışlıq üçün. Uşaqlar isə dərs bitəndə hamısı xahiş etdilər ki, bizə Elşən müəllim siz dərs keçin. Onlarla dərsdə sakit olacaqlarına dair razılaşma əldə etdikdən sonra 6-cı sinifə təhkim olundum. 1 ay müddətində hətta dərsə gəlməyən uşaqlar da dərsə gəlirdi. Yalnız dərs deyil, təşkil etdiyimiz müxtəlif tədbirlərdə də sinifimin şagirdləri fəal iştirak edirdilər. Bu isə bir müəllimi xoşbəxt edəcək ən gözəl səbəblərdir. Yalnız öz sinifim deyil, bütün şagirdlər elə mənim öz sinifim kimi hörmət bəsləyirdilər. Bunun ən böyük sübutunu isə Bakıya qayıtdığımız gün gördüm. 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər hamı, əzilmiş bir vərəq, tutula tutula yazan bir qələm götürərək həyəcanla arxamca qaçıb “müəllim nömrənizi yazın da” “müəllim imzanızı çəkin də” “müəlllim buna da” “müəllim mənə də” və s. deyərək əlaqəmizi itirməməyə çalışırdılar. Hələ ağlayanları demirəm. Sanki bir də görməyəcəkmiş kimi, öz doğmalarını itirənlər kimi göz yaşları dayanmırdı. Həm adamı duyğulandırır, həm qürurlandırır bu mənzərə. Onu yalnız yaşamaq lazımdır, sözlərlə ifadə etmək çətindir. Hə, unutmamış 3-cü sinifləri də qeyd edim. Proqrama əsasən ibtidai siniflərə dərs keçmirdik . Bir dərs günü məktəbin direktor müavini Gülbuta xanım mənə yaxınlaşaraq gülə-gülə “Elşən müəllim, bu 3-cü siniflər sizi istəyir. Elşən müəllim bizə dərs keçsin, deyirlər.”

Baxdım müəllimlər otağının qarşısında yığılıb hamısı. Üzlərində bir ümid vardı ki, sanki dərs keçəcəyim 45 dəqiqə onlara bir ömür bəs edəcəkdi. Şübhəsiz ki, razılaşdım. “Problem deyil, keçərəm. Uşaqlar keçin sinifə, gəlirəm” deyəndə isə müəllimlər otağından sinifə qədər “uraaaaaa” qışqıraraq qaçdılar. Bütün 45 dəqiqəni oxuyan, oxumayan hər bir şagird ayaq üstdə müəllim stolunda ətrafıma yığılaraq dərsə elə maraqla qulaq asırdılar ki... Sadəcə möhtəşəm və əvəzsiz hisslərdi bunlar. Hələ Bakıya qayıdandan sonra zəng də edirlər. Hər gün halımı xəbər alırlar. Bu isə “xoşbəxtlik pulla alınmır” deyimini bir daha isbat edir mənə. Xatirələr çoxdu, hamsını burda yazmaq isə mümkünsüzdür. Bax, budur rayonda keçdiyimiz təcrübənin özəlliyi. Növbəti illərdə təcrübəyə gedəcək tələbə dostlarımı bu layihədə aktiv olmağa, təcrübənin ən azı 4 həftəsini rayonlarda keçməyə çağırıram. Çünki ən çox onların sevgiyə ehtiyacı var. Ən çox onların sizə ehtiyacı var. Əmin olun, sizi elə sevəcəklər ki... Təcrübə bitdikdən sonra da, bütün ömürləri boyu “o vaxt bizim filankəs müəllimimiz vardı” deyəcəklər. Unutmayın, dostlar! Ömür yalnız təqvimdəki günlərin toplumu deyil. Onu gözəl günlərlə zənginləşdirmək, insanların sevgisini qazanmaqla mənalı etmək lazımdır. Əmin olun, ölkənin hər yerində sizi sevəcək olan, sizi gözləyən bir qrup insan var. İnsan sevildiyi yerdə daha xoşbəxt olur.

 

Elşən Qəhrəmanoğlu, Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin fəxri məzunu