XƏBƏRLƏR

Çexovun iki bədbəxti - tələbə İnnab Ağazadənin yazısı

13 noyabr, 2018

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbəsi İnnab Ağazadənin böyük rus yazıçısı Anton Çexovun “Qüssə” və “Rotşildin skripkası” hekayələri haqqında yazdığı “Çexovun iki bədbəxti” məqaləsini təqdim edirik.

Anton Pavloviçin hekayələri... Çexov qısa hekayələrlə insan psixologiyasına dərindən təsir edə bilir. “Qüssə” hekayəsini ilk dəfə oxuduğum zaman içimdə səbəbsiz ağrı hiss etdim. Oxuduğum hekayələrin içində cümlələri ilə bütünlükdə məni çulğayan yeganə hekayəsinin bu olduğunu düşünürəm desəm, yanılmaram. Öz-özümə dedim: “Yenidən oxumalıyam”. İnsan kədərini lakonik formada təqdim etmək Çexovun özünəməxsusluğudur. Hekayə  insanın vücuduna, ağlına kəskin şəkildə təsir edir.

 “Qüssə”nin mövzusu dövrümüzdə də aktualdır. Çexov insanların həmişə üzləşdiyi və üzləşəcəyi məsələni illər əvvəl dolğun şəkildə işıqlandırıb. Yalnızlıq...  Bir kəlmə özündə dərin kədər, acı təəssüratları gizlədib.

Hekayəni müasir dövrlə müqayisə etməyə çalışıram: nəticə dəyişmir. İndiki dövrdə də İona kimi dərdini, sevincini içində boğan insanlar var. Dəyişən sadəcə, dərdimizi nəql edəcəyimiz heyvanlar ola bilər. İonanın bəxti atının olmağında idi ki, sonda ümidini insanlardan üzərək dərdini atına danışır. Biz dərdlərimizi kimə danışardıq? İtlərə, yoxsa pişiklərə? Bəlkə bizi dinləyəcək insanlar tapa bilərdik...

Hekayə mənə Stefan Sveyqin “Dünyada insanlar arasında yalqız qalmaqdan dəhşətli heç nə yoxdur” (Naməlum qadının məktubları)  sözlərini xatırlatdı.

Çexov da bu hekayəsində eyni məsələyə toxunur: dünyada bu qədər insan ola-ola yalqız qalmaq...

Gün ərzində bədbəxt hadisələrlə qarşılaşa bilərik. İçində hiss etdiyin bu ağrını danışacaq bir kimsənin olmaması necə də ağırdır. İnsanlar müxtəlif olur. Bəziləri təsəllini hər şeyi özlərinə danışmaqda tapır, bəziləri isə kimlərəsə danışmaqda. Fərqi yoxdur, bu insan bizim tanıdığımız biri də ola bilər, yoldan ötən şəxs də. Əsas içimizi boşaldacaq kimsənin olmasıdır. Bizim həmişə dərdlərini, sevinclərini paylaşacağımız insanlara ehtiyacımız var.

Faytonçu İonanın oğlu ölüb. O, kədərini paylaşacaq insanı tapa bilmir. Faytonuna minən insanlara dərdini danışmağa cəhd edir. Ancaq insanların etinasızlığı ilə qarşılaşır. Kimsəyə onun dərdi maraqlı deyil. O, oğlunun necə xəstələndiyini, necə əzab çəkdiyini, necə öldüyünü kiməsə nağıl etmək istəyir. İnsanların su içməyə necə ehtiyacları varsa, İonanın da dərdini danışmağa ehtiyacı var. “Əgər, İonanın sinəsi yarılıb, qüssəsi çölə tökülsə, yəqin ki, bütün dünyanı doldurardı”.

Əlbəttə, içindəki kədəri hər kəslə paylaşa bilərdi. Dinləyən olsaydı...  “O, tək olanda oğlu haqqında düşünə bilmir...”  Əlacı kəsilən İona sonda dərdini atına danışır.

“İona bir qədər susur, sonra yenə davam edir.

- Bəli, mənim əziz madyanım... Kuzma İoniç daha yoxdur...

Ömrünü bizə tapşırdı... Mahaq yerə öldü getdi... İndi fərz edək ki,

sənin bir dayçan var və sən onun doğma anasısan. Deyək ki, birdən o

öldü getdi və ömrünü sənə bağışladı... Axı yazıqdır, deyilmi?

Atcığaz qulağını şəkləyib gövşəyir və nəfəsi ilə sahibinin əlini

isindirirdi.

İona özünü unudur və hər şeyi ona nağıl edir...”.

* * *

Çexov “Rotşildin skripkası”nda əlimizdəki şansları qədərincə dəyərləndirmək məsələsini ortaya qoyub. Hekayədə qəhrəman illər sonra dönüb həyatına baxır və yaşadığı həyatın günahkarlarının nə arvadı, nə cuhud Rotşild, nə də qəsəbədəki insanlar olduğunu anlayır. Məsələ onun vaxtında dəyərləndirə bilmədiyi, ya da dəyərləndirmək istəmədiyi şanslardır.

Hekayənin qəhrəmanı Yakov adlı tabutçudur. Onun 70 yaşı var. Arvadı ilə  kiçik bir daxmada yaşayır. Sənətindən başqa, skripka çalmaqla da qazancı olur. Qəsəbənin toylarında adətən orkestrdə çalır.

 Yazıçının qəhrəmanı Yakov ölüm qabağı yaşadığı həyata nəzər saldığı zaman  maddi cəhətdən əldə edə bilmədiklərini düşünür. Əlində skripkasından savayı bir şeyi qalmayan qoca onu da özü ilə qəbirə apara bilməyəcəyinin peşmançılığını çəkir.

 Yazıçı onun daxili aləmini Marfa öldüyü zaman açır. Feldşer arvadının öləcəyini ona dediyi zaman, o tabut hazırlamağa qərar verir. Son dəfə Marfa ilə vidalaşarkən əlini hazırladığı tabuta vurub fikirləşir: “Yaxşı hazırlanıb” .

Dəfndən sonra Yakov tək qaldığı zaman bütün ömrünü birlikdə keçirdiyi arvadı haqqında düşünür. Bu illər ərzində bir dəfə də olsun ona acımadığını, mehribanlıq göstərmədiyini xatırlayır. Sanki o adam yox, it-pişik olmuşdu.

 Hekayənin ən təsirli hissəsi isə Yakovun ölüm qabağı “yaşamaq və ölmək”lə bağlı düşüncələridi.

...“İnsan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn gəliri hesablasan, böyük  bir məbləğ edər. Yaşamaqdan insana zərər, ölməkdənsə mənfəət gəlir. Belə bir fikir əlbəttə doğrudur, hər halda acı və ağırdır.Nə üçün dünyada elə bir qayda var ki, insana ancaq bir dəfə verilən həyat səmərəsiz keçir?”.

  Yakov həyatını səmərəsiz keçirdiyini anlayır. Sadəcə, o həyatın istiqamətini dəyişdirməyin öz əlində olduğunu qəbul etmir. Düşünür ki, həyat sadəcə maddiyyatdan ibarətdir. İllər əvvəl diqqət etmədiyi sahələrdən qazanacağı pulları hesablayır və peşman olur.

Rotşild orkestrda fleyta çalan cuhuddur. Marfanın öldüyü gün toy olduğunu Yakova deməyə gəlir. Yakov əsəbləşib onu qovur. Yakovun Rotşildi qovmasının səbəbi onun tək qalmasına mane olmasıdır. Bəlkə də ilk dəfə həyatının necə yeknəsəq olduğunu, hər şeyin səbəbinin özü olduğunu anlayacaqdı.  Rotşild buna mane olur. Yakovun ölümündən qabaq Rotşild qorxa-qorxa onun evinə gəlir. Yakovun skripka çaldığını görür, yanında əyləşərək onun çaldığı musiqini dinləyib, ağlayır.

“...Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı.

Axşam keşiş onun yanına gələndə soruşdu: “Böyük bir günah elədiyin

yadına gəlirmi?” Yakov zəifləyən yaddaşını toplayaraq, yenə də

Marfanın kədərli üzünü, it tutarkən cuhudun çığırdığını xatırladı və

güclə eşidilən bir səslə dedi:

- Skripkanı Rotşildə verin”.

* * *

Çexovun qəhrəmanlarının hərəsi bir cür bədbəxtdir. Deməli, Anton Pavloviçi bütün bədbəxtlərin yazıçısı adlandırmaq olar.