XƏBƏRLƏR

Dillər Universitetində “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı keçirilib

07 noyabr, 2018

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı keçirilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli Azərbaycan multikulturalizminin ölkəmizlə yanaşı bir sıra  xarici universitetlərdə, eləcə də Azərbaycan Dillər Universitetində tədris olunduğunu bildirib. Kitabın həm Azərbaycan, həm də ingilis dilində olan nəşrinin 3 bölmə 7 fəsildən ibarət olduğunu deyən dekan onun ingilis dilində nəşr olunmasının xarici oxucu kütləsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, əlavə edib ki, kitabda həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrində olan multikultural mühit öz əksini tapır.

Digər çıxışçılar bildiriblər ki, siyasi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Özünəməxsus tarixi kökləri olan Azərbaycan multikulturalizmi daima başqa xalqların diqqətini cəlb edib. Həmçinin qeyd olunub ki, Azərbaycan multikulturalizmi kitabının ingilis dilində hazırlanması yerli və xarici tələbələr üçün mühüm mənbə rolunu oynayacaq. Tədbirdə kitabın tərcümə prosesi haqqında ətraflı məlumat verilib.

Sonda çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla ingilis dilində nəşr olunan “Azərbaycan multikulturalizmi” kitabının Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təqdim edilməsini yüksək qiymətləndirib. Kitabı Azərbaycan multikulturalizminin mənəvi intellektual bayrağı adlandıran rektor onun xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün nəzərdə tutulduğunu qeyd edib. Kitabın Azərbaycanın görkəmli alimləri, mədəniyyətşünasları və incəsənət xadimlərindən ibarət 40-dan çox müəllifi olduğunu diqqətə çatdırıb. Rektorun sözlərinə görə, kitabın Azərbaycanın müxtəlif bölgələrində müzakirə olunması dərs vəsaitinin geniş ictimaiyyət tərəfindən dəstəklənməsinə işarədir. K.Abdulla daha sonra Azərbaycanın multikulturalizm siyasətindən danışıb: “Multikulturalizmin Azərbaycanda siyasi banisi olan ümummilli lider Heydər Əliyev multikulturalizmin ölkəmizdə yenidən intibahına səbəb olan bir şəxsiyyətdir. Ölkəmizdə yaşayan milli azlıqlara, onların dininə, mədəniyyətinə olan xüsusi diqqət ulu öndərin sərəncamlarında öz əksini tapır. Ölkə prezidenti İlham Əliyev isə bu siyasəti ləyaqətlə davam etdirir”.

 Rektor sonda kitabın yaradıcı heyətinə təşəkkürünü bildirib.