XƏBƏRLƏR

"Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri genişlənir" - Nigar Sultanovanın hesabatı

06 noyabr, 2018

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanovanın hesabatını təqdim edirik. 

  Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələri genişlənməkdədir. Hazırda universitetdə 92 xarici tələbə təhsil alır və 15 xarici müəllim çalışır. Universitetimizdə təhsil alan xarici ölkə vətəndaşlarının coğrafiyası genişdir. Son 5 il ərzində ADU-da İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Polşa, Koreya, ABŞ, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran Avstriya, Qazaxıstan, Özbəkistan,Braziliya, Türkmənistan vətəndaşları təhsil almaq imkanı qazanıblar ki, onlar hazırlıq, dil kursları, köçürülmə, proqramla gələn tələbələrdir. Əcnəbilərin universitetə qəbulu “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun həyata keçirilir və tez-tez dəyişilən, yenilənən, əlavə olunan miqrasiya sahəsində normalar mütəmadi olaraq Departament tərəfindən izlənilir və xarici vətəndaşlarla işimizdə nəzərə alınır.

Yeri gəlmişkən, Humantar Forum zamanı ADA Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və ADU  Azərbaycan Universitetlərinin Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasını - İnternational Assosiation of Foreign Alumni of Azerbaijan Universities İctimai Birliyini təsis ediblər. Bu birliyin əsas məqsədi Azərbaycan ali məktəblərində təhsil almış məzunların universitetlərlə əlaqələrinin möhkəmləndirilməsidir. Maraqlı fakt ondan ibarətdir ki, SSRİ zamanı xarici tələbələr ən çox məhz ADU-da təhsil alıb və bu ənənəni biz bu gün də davam etdirmək niyyətindəyik.

Beynəlxalq layihələr həm müxtəlif universitetlərlə ikitərəfli əməkdaşlıq, həm

də Avropa İttifaqının Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilir. Diqqətinizə çatdırmaq istərdim ki, mübadilə proqramı təkcə tələbələr üçün deyil, eyni zamanda müəllim və inzibati işçilərə də aiddir. Bu il 7 nəfər əməkdaşlarımız Türkiyənin Hacıttəpə Universitetində ezamiyyətdə olub. 4 nəfər Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət  Universitetindən ezamiyyətdən qayıdıb. Onu da qeyd edim ki, əməkdaşlarımızın bu səfəri çox uğurlu olub və qarşı tərəf bu kimi mübadilə proqramlarının universitetimizlə genişləndirməkdə maraqlı olduğunu bildirib. Həmin proqramların doktorantura tələbələrinə də şamil olunması təklif edilib.

Qeyd etmək istərdim ki, bu layihələrdə iştirak edəcək namizədlərin tam şəffaf olan seçim prosesi beynəlxalq normalara uyğundur və ilkin mərhələdə sənədlər, daha sonra müsahibələrlə həyata keçirilir.Növbəti semestr üçün  İspaniyanın Kadis Universitetinə və Türkiyənin Cümhuriyyət Universitetinə mübadilə elanı verilib. İtaliyanın Genuya Universitetinin nümayəndə heyəti Humanitar Forum zamanı universitetimizə müraciət etmiş və həmin mübadilə proqramının da yaxın zamanda bizim universitetdə elan olunmasını bildirmişdir. Bununla bağlı müvafiq müqavilə imzalanacaq.

Mübadilə proqramlarına gəldikdə, bu il 11 nəfər tələbə və 2 nəfər əməkdaş Norveçin Aqder, Bergen və Oslo Universitetlərinə 6 həftəlik təlimlərə və ixtisasartırmalara göndərilmişdir. Ötən illərdən fərqli olaraq göndərilən tələbələrin hamısı kəsirsiz geri dönmüşdür və bütün imtahanlarını uğurla vermişdir. Bu da tərəfimizdəm seçim prosesinin düzgün aparılmasının bir göstəricisidir. Skandinaviya ölkələri ilə əməkdaşlıq təkcə Norveçə deyil, eyni zamanda İslandiya və Finlandiya ilə də əlaqələr inkişaf etməkdədir.

İl ərzində Koreyanın Çonbuk Universitetinə 14 nəfər, Milan Universitetinə 3 nəfər, Çinin müxtəlif universitetlərinə 10, Macarıstana 2, İndoneziyaya 11 nəfər tələbəmiz göndərilib.

Frakofoniya və Fransız dili Mərkəzi Universitetimizdə çoxsaylı görüşlər, info günlər, səfir saatlarını təşkil edir. Bu yaxınlarda elan olan Frankofoniya loqo müsabiqəsi böyük maraqla tələbələrimiz tərəfindən qarşılanmışdır.

Eyni zamanda mərkəzlər müəyyən edilmiş Vikipediya materiallarının öz dillərinə tərcümə olunmasını da təşkil etmişdir.

Bundan əlavə universitetin müxtəlif ölkələrlə əməkdaşlığı çərçivəsində İsrailin Maşav kurslarına da əməkdaşlarımız müraciət ediblər və hazırda nəticələrlə bağlı məlumat gözləyirik.

Mübadilə əks istiqamətdə də baş verir. Belə ki, Koreyanın Çonbuk Universitetindən 11 tələbə universitetimizdə səfərdə olub və Azərbaycan tarixi üzrə mühazirələri dinləyiblər. İtaliyanın Milan Universitetindən 2 nəfər tələbə İspaniyanın Mursiya Universitetindən Erasmus+ proqramı çərçivəsində universitetimizdə bir semestr ərzində təhsil alıblar. Bu cür qabaqcıl dünya  universitetləri ilə əməkdaşlıq universitetimiz üçün olduqca faydalıdır. Avstriya Mübadilə xidmətinin təşəbbüsü və dəstəyi ilə universitetimizin alman dili müəllimlərinə çoxsaylı təlimlər təşkil olunub və beynəlxalq lisenziya əldə etmək üçün imtahanlar keçirilib. Təlimlər Avstriyadan dəvət olunmuş mütəxəssislər tərəfindən fevral və iyun aylarında keçirilib.

Yapon araşdırmalar mərkəzinin vasitəçiliyi ilə universitetimiz Mejiro, Skuba və Sağlamlıq və İdman Universitetləri ilə əməkdaşlığa dair sazişlər imzalayıb. Hazırda Konaqava Universiteti bizə əməkdaşlığa dair saziş göndərib, tərəfimizdən sənəd hüquqi cəhətdən yoxlanılır.

Bu yaxınlarda Çin Dövlət Şurasının nümayəndə heyəti Dillər Universitetinin qonağı olub və Çinin mərkəzi televiziyasında universitetimizdə fəaliyyət göstərən Konfutsi İnstitutuna dair geniş reportaj hazırlanıb.

Digər bir mühüm məqama da toxunmaq istərdim. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təhsil qrantları təsis edilib. Bu təhsil qrantı çərçivəsində universitetimizə bir namizəd San Tome və Prinsipe demokratik respublikasından təklif olunub və danışıqlar nəticəsində həmin vətəndaş yaxın zamanlarda bizim universitetimizdə Essex qrupunda təhsil alacaq.

Qarşıda gələn tədbirlər sırasında Hindistan mərkəzinin Sanskritlə bağlı səfirin iştirakı ilə seminarı, Meksika səfirliyi tərəfindən Dia de Muertos “Ölənlər günü”nə həsr olunmuş tədbiri, Macarıstan Mərkəzinin təntəntənəli açılışını, bir sıra səfir saatı proqramı çərçivəsində görüşləri vurğulamaq istərdim.

Məlumat üçün bildirirəm ki, Almaniyanın DAAD proqramı çərçivəsində mühazirəçi Maria-Liza Gezer bu ildən etibarən universitetimizdə fəaliyyət göstərməyə başlayıb. Alman dili ilə bağlı onu da qeyd etmək istərdim ki, Almaniya Federativ Respublikasının Bundestaqın təqaüd proqramlarının geniş  təqdimatı universitetdə təşkil olunub. Alman Bundestaqının millət vəkili Max Ştrabinger rektor Kamal Abdulla ilə görüşüb, gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Yeni bağlanılmış müqavilələr arasında Fransanın Bordo, İtaliyanın Kafoskari, İspaniyanın Kadis universitetlərini xüsusən vurğulamaq istərdim.

Departament nəzdində olan mərkəzlərin yeni fəaliyyəti dil kurslarının təşkilidir və kurslardan gələn gəlir universitetin sosial fonduna ödənilir. Belə kurslar Koreya, İspaniya mərkəzlərində və Konfutsi İnstitutunda artıq başlayıb, digər mərkəzlər kurslarla bağlı elan verib, qruplar yığılanda onlar da öz fəaliyyətlərinə başlayacaqlar.

Diqqətinizə çatdırmaq istərdim ki, Avropa İttifaqının Erasmus+ qrantlarına artıq müraciət oluna bilər. Dekanlara müvafiq məlumatlar göndərilib. Bildiyiniz kimi universitetimiz qrantlar və layihələr çərçivəsində böyük təcrübəyə malikdir və yenidən bu proqram çərçivəsində təhsil qrantlarına fevraladək müraciət etmək mümkündür.

Burda qeyd etmək istərdim ki, məhz bu beynəlxalq layihələrdə iştirak etmək üçün Karaqanda Dövlət Universiteti əməkdaşlığa dair memorandumun imzalanmasını təklif edib.

Amerikan Mərkəzinin fəaliyyəti ilə bağlı Anlaşma Memorandumuna əlavələr edildi, mərkəzdə hazırda təmir işləri aparılır. Buna baxmayaraq, mərkəzin fəaliyyəti tam şəkildə davam edir.

Xaricdə açılan ADU-nun dil və mədəniyyət mərkəzlərinə namizədlərə baxılır və bu məsələdə o ölkələrdə yaşayan bizim magistr tələbələrimizə və  doktorantlarımıza üstünlük verilir. Azərbaycanşünaslıq laboratoriyası ilə birgə mərkəzlər üçün iş planı və müxtəlif çap materiallarından ibarət resurs bazası hazırlanıb. Beynəlxalq Əlaqələr Departamentin fəaliyyət sahəsinə beynəlmiləlçilik strategiyasının həyata keçirilməsi aiddir ki, bu strategiya universitetimizin dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığın səmərəli inkişafını təşkil etmək və dünya universitet reytinqlərində yüksək yer tutmaqdır. Bunun üçün qeyd olunduğu kimi tələbələrimiz Fransa, ABŞ, İndoneziya, Norveç, Hindistan, Macarıstan, Avstriya və s. ölkələrin universitetlərinə göndərilib və xarici səfirliklərin təşəbbüsü ilə müxtəlif mərkəzlər yaradılıb. Bildiyiniz kimi bu il Serbiya Prezidentinin iştirakı ilə universitetimizdə Serb dili və mədəniyyəti mərkəzi açılıb. Universitetimiz Çinin Konfutsi İnstitutu, Goethe İnstitutunun Alman oxu zalı, Avstriya XİN nəzdində fəaliyyət göstərən Avstriya Kitabxanası və Avstriya Mübadilə Xidmətinin ÖAD mərkəzinə ev sahibliyi edir. Azərbaycan Dillər Universiteti eyni zamanda TOEFL (ABŞ), Koreya dili, Türkiyənin AYÖS və Avstriyanın OEAD (Alman dili), İspaniyanın dele dil testlərinin keçirilməsi üçün rəsmi icazəyə sahibdir.

Aİ üzv dövlətlərinin ali təhsil ocaqları ilə hal-hazırda həyata keçirilən Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil sahəsindəki tələblərə uyğun yenidənqurulması və inkişafı – NIZAMI və Azərbaycan  universitetlərində tədris və təlimdə keyfiyyətin təminatı – PETRA layihələrini vurğulamaq istərdim. Universitetin bir neçə strukturlarına hər iki layihələrin gedişatı ilə bağlı geniş təqdimat təşkil olunmuş və fikiri mübadiləsi aparılıb. Bu yaxınlarda  A.S. Puşkin adına Dövlət Rus dili İnstitutunun rus dilinin səfirləri universitetimizdə olmuş və öz proqramları çərçivəsində müxtəlif görüşlər, seminarlar və müsabiqələr keçiriblər. Səfir saatı layihəsi öz işini uğurla davam etdirir. Sonuncu qonağımız Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Boçarnikov olub. Bu görüşlər mümkün qədər tələbələrin dərs saatlarına maneçilik törətməmək üçün müvafiq saatlara salınır və hər bir maraqlanan tələbə üçün açıqdır. Onu da qeyd edim ki, səfir saatı təkcə səfirləri nəzərdə tutmur, görkəmli şəxsiyyətlər, səfirliyin əməkdaşları da dəvət olunur. Bu yaxınlarda İsrail və yaxın şərq mərkəzinə tələbələrlə görüşə səfirin xanımı dəvət olunub. Bildiyiniz kimi, Universitetin Fəxri doktorlar siyahısına İtaliya Senatının sədri xanım Mariya Elizabetta Kazelatti bu günlərdə əlavə olundu və İtalyan dilinin 18-ci həftəsi çərçivəsində universitetimizdə müvafiq silsilə tədbirlər keçirildi. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə Universitetin internet səhifəsi azərbaycan dili ilə yanaşı rus və ingilis dilinə tərcümə olunur, xarici dillərdə olan proqramların sayı artırılır. Tələbə ev kirayəsi, sənədləşdirmə, vizaların alınması prosesinə departament tərəfindən hərtərəfli şərait yaradır, bununla da həmin tələbələrin öz ölkələrindən daha çox abituriyentlər cəlb etmələrinə stimul verilir. Qeyd etdiyim ki, ADU tələbələrinin başqa ölkələrdə təhsil alması əsasən ERASMUS+ və Türkiyənin Mövlanə beynəlxalq mübadilə proqramları vasitəsilə ilə həyata keçirilir. Bundan əlavə İngiltərənin Esseks Universiteti ilə ikili diplom layihəsi və Fransanın Strasburq Universiteti ilə delokalizasiya proqramısı mövcuddur. Bu il sözü gedən proqramlara iki tələbəmiz qatılmışdır.

Elmi-pedaqoji kadrların xarici ölkələrdə ixtisaslarını artırması istiqamətində xeyli işlər görülmüşdür. Erasmus+ proqramı və  bir  sıra  digər beynəlxalq layihələr çərçivəsində ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası, Fransız dilinin fonetikası və qrammatikası, Təlimdə innovasiyalar, Regionşünaslıq, Azərbaycan dilçiliyi və s. kimi kafedralarının müəllimləri Mursiya, Strasburq, Bordo, Milan tərcüməçilik məktəbi, İndiana, Qlazqou kimi universitetlərdə tədris prosesinə qoşulmuş və ixtisasları üzrə 1 həftə və daha artıq müddətdə dərslər və təlimlər təşkil etmişdirlər. 2018-ci ildə Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə ADU Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans keçirmiş, Bu konfransın bölmələri Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan universitetlərinin bazasında təşkil olunmuşdur. Bildiyiniz kimi bu günlərdə 16 ölkədən 28 nəfər mütəxəssisin iştirakı ilə "Tədbiqi Dilçiliyin müasir problemləri" mövzusunda 3 beynəlxalq konfrans keçirilmişdir. Bu ilin digər bir yeniliyi Afrikanistikaşünaslığın "african studies" açılması və növbəti semestrdən etibarən ilk dəfə nəinki Azərbaycanda, hətta regionda suahili dili tədris olunacaqdır. Azərbaycanın müxtəlif universitetləri ilə də əlaqələrimiz inkişaf etməkdədir. Belə ki, qeyd olunmuş PETRA və NIZAMI layihələri çərçivəsində Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universitetləri ilə əməkdaşlıq olunur. Hazırda Departament tərəfindən müxtəlif ali məktəbləri ilə əməkdaşlığa dair sazişlər hazırlanmaqdadır və həmin universitetlərlə məsələ ilə bağlı danışıqlar aparılır. Sonda qeyd etmək istərdim ki, tərəfimizdən universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində iş aparılır və fakültələrdən, kafedralardan, laboratoriyalardan, digər qurumlardan bu istiqamətdə hər bir təklif və tövsiyələrə açığıq.