“Bizi yola salan şagirdlərimizin göz yaşları...” –Xocavənd məktəbində təcrübə
4 ilin ən böyük 4 həftəsi
Bildiyiniz kimi 2017/2018-ci tədris ilindən etibarən ADU-nun 4-cü kurs tələbələri pedaqoji və istehsalat təcrübəsini sadəcə paytaxt Bakıda yerləşən məktəb və müəssisələrdə deyil, həm də regionlarda keçirlər. Rektorumuz Kamal Abdullanın yaratdığı bu şansdan yararlanan 4-cü kurs tələbələrindən biri də mən oldum. 14 həftəlik pedaqoji təcrübənin son 4 həftəsini Ağcabədi şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış Xocavənd rayon Xocavənd kənd 1 saylı tam orta məktəbdə keçdim. Əminliklə qeyd edə bilərəm ki, bu 4 həftə mənim tələbəlik həyatımın ən maraqlı 4 həftəsi oldu. Bakıda bizim üçün ayrılmış avtobusa əyləşib yola düşdüyümüz andan, məktəbə ilk dəfə daxil olduğumuz saniyəyə qədər içimdə hələ də kiçik də olsa bir tərəddüd, həyəcan var idi. Oradakı müəllimlik fəaliyyətimizə başlamamışdan öncə təcrübə yoldaşlarımızla birlikdə 4 həftə yaşayacağımız qəsəbəni gəzməyə (kəşfiyyata) çıxmağı qərara aldıq. Yaşadığımız binanı tərk etdiyimiz andan bəri qəsəbə sakinlərinin olduqca mehriban, amma sual dolu baxışları üstümüzdən əskik olmadı. Qəsəbəyə gəlməyimizin əsas səbəbinin orada yerləşən tək məktəbə 4 həftəlik də olsa müəllimlik olduğunu biləndən sonra o sual dolu baxışları doğmalıq və bir az da təəccüb əvəz etdi. Dedikləri isə "Yatsaq, yuxumuza da girməzdi ki, bu yaşda tələbələr təcrübə keçmək üçün bizim qəsəbəni seçərlər" oldu. Niyə bu qədər təəccübləndiklərinin səbəbini də elə həmin gün öyrəndik. Məktəbdəki şagirdlərin dəcəllikləri, dərslərə biganə yanaşmaları qəsəbə sakinlərinin dillərinə dastan olmuşdu. Açığı bizə danışdıqları hadisələr bir az gözümü qorxutmuşdu. Yenicə müəllimlik həyatına başlayan təcrübəçi tələbə üçün bunlar bir az çox idi sanki. Şagirdlər haqqında bütün deyilənləri unutmağa çalışıb həftənin 1-ci günü səhər saat 8:00-da ilk dərsimizi keçmək və məktəblə tanış olmaq üçün artıq məktəb binasının qarşısında idim. Təhkim olunduğumuz məktəbin pedaqoji və inzibati heyəti direktorla birlikdə artıq bizi gözləyirdilər.
Qapı önündəki bir neçə dəqiqəlik isti və səmimi qarşılanmadan sonra 6 təcrübəçi tələbəni müxtəlif siniflərə təhkim etmək üçün müəllimlər otağına keçdik. Bölgü başlayanda metodistimiz "Oruc, 10-cu sinfin öhdəsindən sən yaxşı gələrsən" - dedi. Bu sözlər əvvəldən də daxilimdə olan özgüvəni biraz da artırdı. Ləvazimatları götürüb sinif otağına keçmək üçün müəllimlər otağını tərk etdim. Dərs arası fasilə yenicə bitmişdi. 10-cuların otağına daxil oldum. Elə həmin anda öz özümə: “Ümid edirəm metodistimiz bayaqkı sözləri söyləyərkən bu otağın tamamilə boş olduğundan xəbərsiz idi” -dedim. Həqiqətən də elə imiş. İçəridə məktəb direktorunun da olduğu müəllimlər otağına daxil olduqdan sonra 10-cuların idman zalında olduğunu öyrəndim. Onları dərs otağına göndərdikdən sonra bu dəfə direktor da mənimlə birlikdə sinifə məni təqdim etmək üçün daxil oldu. Direktordan “Uşaqlar, növbəti 4 həftə ərzində sizə ingilis dili fənnini Oruc müəllim tədris edəcək” sözlərini eşitdiyim andan etibarən, bir az da şagirdlərin üzündəki mimikaların köməyilə işin əsl məsuliyyətini, çətinliyini və ciddiliyini tam dərk etməyə başladım. İlk dərsi başa vurub sinif otağından dəhlizə çıxanda məktəbdəki bütün şagirdlərin gözündəki sevinci görmək heç də çətin olmadı. Məktəbdəki "işimizi" bitirdikdən sonra evə yollandıq. Axşamçağı yenə təcrübəçi yoldaşlarımla birlikdə qəsəbədə gəzintiyə çıxmağa qərar verdik. Bu dəfə artıq qəsəbədə gəzdiyimizi görən hər kəs “salam, müəllim”, “necəsiz, müəllim?” - deyə müraciət edirdilər. Həmin an artıq ilk başlardakı tərəddüd tamamilə yoxa çıxdı. O tərəddüdü biraz fərəh, biraz sevinc, biraz da qürur hissi əvəz etdi.
Bütün bunlar orada keçirdiyimiz sadəcə 2-3 günün təəssüratı idi. Bütün 4 həftəni isə yazılara yerləşdirmək olduqca çətindi. Bu məsuliyyətli, xatirə dolu 4 həftə ömrümüzün sonuna qədər yaddaşlarımızdan silinməyəcək. Oradan ayrılarkən bizi yola salan şagirdlərimizin göz yaşları, əlaqənin kəsilməməsi üçün əlaqə vasitələrimizi qeyd etmələri, onların belə qayğıya, diqqətə nə qədər ehtiyacları olduğunu göstərir. Növbəti il pedaqoji təcrübəyə gedəcək tələbələrin ordakı şagirdləri bu qayğıdan məhrum etməyəcəyini ümid edirəm. Çünki onlar bizim üçün çox böyük bir dəyər, xəzinədirlər. Onlar bizim gələcəyimizdir. Gələcəyimizin daha sağlam, daha intellektual, daha savadlı olması üçün əlimizdən gələn hər şeyi etmək isə hər bir müəllimin, hər bir vətəndaşın öncəliyi olmalıdır.
Oruc Nəsirov, Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin fəxri məzunu