XƏBƏRLƏR

“Dəli kimi sevdiyim qadını unutmuşam” - Tələbələrin bədii yaradıcılığı 

02 noyabr, 2018

 Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdindən fəaliyyət göstərən “Yazarlar klubu”nun üzvlərinin yaradıcılıq nümunələrini təqdim edirik.

 Səddam Məmmədov - Filologiya və Jurnalistika fakültəsi, jurnalistika

ixtisası, üçüncü kurs tələbəsi

 

 

       

Bir qadın unutmuşam...

Bir qadın unutmuşam...

göz rəngi yadımdadı,

gözün xatırlamıram.

Bir qadın unutmuşam...

səsi qulağımdadı,

sözün xatırlamıram.

Yanından düz keçərəm,

səsin duysam dönərəm,

axı, mən bədbaxt oğlu

səsin xatırlayıram,

özün xatırlamıram.

Bir qadın unutmuşam,

illərdi dodağımda

dodağının dadı var,

gözlərimdə həsrəti,

əllərimdə boşluğu

hardasa ən təpədə,

ürəyimdə adı var.

Bir qadın unutmuşam.

Ona yazılan şeirin,

sətrin unutmamışam.

Evimin ünvanını

unuduram, di gəl ki,

unutduğum qadının

Ətrin unutmamışam.

Çoxmu unutqanam mən?

Dəli kimi sevdiyim,

qadını unutmuşam.

Canım niyə yanmasın,

Ad günü yadımdadı,

Adını unutmuşam.

* * *

 

İsa Şirinov - Filologiya və Jurnalistika fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dördüncü kurs tələbəsi

 

           

Yolunu gözlədiyim yolda keçən bir ildə,

Yağış ardınca yağıb qar, açılıbdır gül də.

Gedişinlə göyə toz-torpağı qaldırmışdın,

Gəldiyin yolda əsən yellərə qurban, gəl də.

Yarışır göydə buludlarla gözüm sən gedəni,

Deyirəm, döz demək asan gəlir, əlbət dildə.

Səni xatırladığım bağda gəzərkən gördüm,

Baxıb əhvalımabirnəğmə qoşubbülbüldə.

Eşidib ismimi Fərhad da enib dağlardan,

Çəkilib bir yana Məcnun, gözə dəymir çöldə.

İndi bildim ki, bilirsən necə dərd vermək olar,

Çox bilənsənsə gəlib, qədrimi bir gün bil də.

Məni eşqin qəmi sağ saxlayar ey İsa, mənə,

Öl deyincə, get özün ölmək asandır, öl də.

 

* * *

Mirvari Əhmədli - Filologiya və jurnalistika fakültəsi, Fransız dili və ədəbiyyatı müəllimliyi, üçüncü kurs tələbəsi

             

Təsvir et ki,

bir an yalnız qalmısan.

Zaman keçmir,

saatına baxırsan.

Təsəvvür et:

yaşamaq hədsiz əzab,

baxıb, baxıb

bir boşluğa dalırsan.

Fikirləş ki,

gecə yarı olubdur,

yuxu bu gün

sənə haram olubdur.

Gecə sənə

əmr edir: ağlayasan

yoxluqlarda alışasan,

yanasan!

Qəfil gözün,

bir şəkilə sataşar,

şəkil o an:

dilə gəlib danışar.

Yuxulu-yuxulu:

Bir dəftərçə tapasan

o dəftəri

ehmalcana açasan.

Saralmış vərəqlər

yerə tökülər

dəftərin içində

Nələr var, nələr…

Anamın yeməyinin

sirləri qalıb,

babamın ən əziz

sözləri orda.

Nənəmin bizlərə

Yazdığı nağıl,

atamın özü yox

nömrəsi orda...

* * *

 

Miriş Fəttayev, Təhsil fakültəsi, ingilis dili müəllimliyi, dördüncü kurs tələbəsi

                   

Tənhalıq səhərli, axşamlı olmur

Tənhalıq, axşamın düşməməyidir.

İllərdir yaşayan son bir ümidin,

İnsanı aldadıb ölməməyidir.

Darıxmaq ağrısız, acısız olmur,

Darıxmaq, yolunu gözləməyimdir.

Hələ də yaşayan tək bir ümidlə,

Gedəndə arxanca su səpməyimdir.

Getməyin yaxşısı, ya pisi olmur,

Getmək bir sevgini məhv eləməkdi.

Hansısa xoşbəxtin qəlbinə girib,

Qəlbdə bir iz qoyub, səhv eləməkdi.

* * *

 

Xəlilov İmran - Təhsil fakültəsi, ingilis dili müəllimliyi, dördüncü kurs tələbəsi

 

           

...bir qadın incitdim ipəksaçlı, balaca gözlərində bir dünya kədəri gizlədə bilən qadın. Əlləri körpə əli kimi bapbalaca, ürəyi ucsuz-bucaqsız səma qədər böyük qadın. O qadın ki, milyon dərdi olsa belə, üzümü güldürmək üçün əlindən gələnin ən çoxunu edən, sevincimə ağlaya-ağlaya şərik çıxan qadın. Düşəcəyəm dibə, lənətə gəlsin, yenə orda çarəsizcə çırpınmağa davam edəcəyəm, lənətə gəlsin, ölümün yaşayan halını ən bərbad şəkildə yaşayacağam. Biz onunla azadlığın o tayında görüşmüşdük. Halbuki bizim görüş yerimiz ürəyimizin bir döyündüyü mərkəz idi. Sol tərəfim bomboş olanda gəlmişdi, adi olduğumu görüb qürurla sağdan keçib getməyi bildi. Saçlarında ömür gizlənən bir qızımız olacaqdı, olmadı. Duyğuların ən alisi ilə oyun qurmağı bacardım ən ali hisslərlə məni sevən qadına. Külqabıya bənzədim. Bu səfər tüstülənən dərdim yox, it kimi peşman olduğum peşmançılıq oldu. Siqaret qutusu boşaldıqca, kulqabı doldu və mənim insanlığım azalmağa davam etdi. Yenə üzsüz-üzsüz ömür gün insanlarıyla gün keçirməyə davam edəcəyəm. Adi hisslər qarşısında əyilən biriyəm, xoşbəxt olmağa layiq deyiləm. Çünki içimdəki insanlığı itirdim. İlin günün bu vaxtı bir qadın incitdim.