“Həmin gün kubokumuzu oğurladılar” – Hazırcavab tələbələrlə müsahibə
Azərbaycan Dillər Universitetinin “Dillilər” Şən və hazırcavablar klubunun üzvləri ilə müsahibəni təqdim edirik. Onları Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbəsi Nuranə İsmayılova danışdırıb.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili dövlətimizin gənclər siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə müxtəlif görüşlər, tədbirlər, panellər keçirilir. Azərbaycan Dillər Universitetinin Şən və hazırcavablar klubu da bu məqsədlə yaradılıb. Klubun tərkibindəki “Dillilər” komandasının 200-dən çox üzvü var. Onlardan dördü ilə həmsöhbət oldum.Müsahiblərim universitetimizin IV kurs tələbələridir.
Onların uğursuz səhnələri olmayıb...
- Dostlar, sizi daha yaxından tanıyaq. Necə oldu ki, yolunuz bu klubdan keçdi?
Elton. Məni dostlarım və ailəm pozitiv insan kimi tanıyır. Aktyorluq sənəti ilə də məşğul olmuşam.
Zümrüd Rzazadə. Gülməyi, dostlarla birgə vaxt keçirməyi sevirəm. Orta məktəbdə də səhnəciklərdə rollar almışam. Şən və hazırcavablar klubunda olan biri həyatda da şən olur, hazırcavab olur. Ciddi olmur. Bunları deyə bilərəm.
Zümrüd Cəbiyeva. Orta məktəbdə tədbirlərdə iştirak edirdim. Aparıcılığa yönəlmişdim. Yumor sahəsində özümü heç sınamamışdım. Klub haqqında sosial şəbəkədə məlumat gördüm və qoşuldum. Mənə rol verdilər. Oynadım və gördülər ki, bacarığım var. Onu da deyim ki, birinci gün məşqə gecikmişdim. Ona görə də məni geri qaytardılar. Bu da onu göstərir ki, KVN olmağımıza baxmayaraq, bu işdə nə qədər məsuliyyətliyik.
Aytac. Məktəb vaxtı qapalı olmuşam. Yumor sahəsində özümü sınamamışdım. Universitetə gələndə klub haqqında öyrəndim. Marağımı cəlb etmişdi. Klubun üzvlərini tanıyanda mehribanlıq və səmimiyyət gördüm. Hazırda burdayam. Hər şey çox yaxşıdır.
- Dostlar, yəqin ki, hobbiləriniz var. Boş vaxtlarınızı necə keçirməyi xoşlayırsınız?
Elton. Boş vaxtlarımızda daha çox ssenari yazmaqla məşğul oluruq. Oktyabrın 5-də dedilər, tədbir olmalıdır. Cəmi 1 gün məşq edə bildik. Amma səhnəyə çıxdıq və bəyənildik. Çox da uğurlu alındı. Uğursuz səhnələrimiz olmayıb. Başqa... məsələn, bir az mövzudan kənar olacaq, amma TIR yük maşınının hissələrini yığmağı, yağını dəyişməyi, mühərriki ilə məşğul olmağı xoşlayıram.
Zümrüd C. Mən də boş vaxtlarımda ssenari yazmağı, mahnıya qulaq asmağı xoşlayıram. O vaxtdan həm də birlikdə dublyajlar edib “adu_kvn” səhifəsində yerləşdirirdik. Bizi instagram səhifəmizdən də izləyə bilərlər. Bir də ki, şirniyyatlar hazırlamağı, dadmağı çox xoşlayıram.
Zümrüd R. Mən də dostlarıma qoşuluram. Neçə ay öncə dublyajlarımız, vaynlarımız olurdu. Onları çəkib paylaşırdıq. Əgər ağlımıza hansısa bir fikir gəldisə, onu qrupda bölüşürük. Çünki gələn tədbirlərimizdə lazım olur. Ərsəyə gətirmək istəyəndə də elə komanda şəklində hazırlayırıq. Bir də deyə bilərəm ki, boş qutulardan, qablardan kiçik evciklər düzəltməyi xoşlayıram. Çünki bilirsiniz, bizim balaca, kimsəsiz dostlarımız var. Təbii ki, quşları, itlərı, pişikləri nəzərdə tuturam. Onların da qayğıya ehtiyacı olduğunu düşünürəm. Məncə, bunu hər birimiz edə bilərik. Evimizin qarşısına balaca qablarda su və yemək qoya bilərik.
Aytac. Boş vaxtlarımızda birlikdə ssenari yazırıq. Düzü, mən bu işlə sıx bağlı deyiləm. Daha çox səhnə dizaynı, dekorasiyası, akssesuarlar, yaxud səhnə iştirakçılarının geyimləri mənim məsuliyyətimdədir. Onlara mən nəzarət edirəm.
Dostlarla bir yerdə olduğum vaxtda isti və mehriban münasibət məndə xoş təəssüratlar yaradırdı.Növbəti suallarla söhbətimizə davam etdik. Sualım belə idi:
- Əvvəllər klubunuzun adı “Mırtıstan” olub. Sonra necə oldu ki, ad dəyişilərək ”Dillilər” yığma komandası oldu?
Zümrüd Cəbiyeva dostları ilə belə münasibət bildirdi ki, 2015–ci ildə KVN komandası yığılanda onlar Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstəriblər.
“Onda biz təzə qəbul olmuşduq. Həm də klubun sədri başqası idi. Biz “Mırtıstan” adı ilə daxil olduq. Sədr dəyişiləndən sonra TGT-nin nəzdindən çıxdıq. Sonra Azərbaycan liqasına qoşulduq və orda bizə daha maraqlı ad lazım idi. Çünki universitetimiz də başqa universitetlərdən adı ilə seçilir. Ona görə də qrupun adı“Dillilər” olaraq dəyişdi” – hazırcavab uşaqlar danışır.
* * *
“Universitetdə olduğumuz müddətdə bol uğurlar qazanacağıq”
-Növbəti sualım: komandanızın davamlı olaraq fəaliyyət göstərməsi üçün nə düşünmüsünüz? Necə deyərlər, sizdən sonra tələbə olanlara ötürmək misalı...
Zümrüd R. Hər semestrdə tədbirlərə qoşuluruq, iştirak edirik və istər-istəməz, təqdim olunuruq. Tələbələr də bizi görürlər, tanıyırlar, bizə qoşulurlar. Məsələn, elə 5 oktyabrdan artıq I-II kurslardan bizə qoşulanlar var. Əlaqə saxlayırlar. Amma əvvəllər biz hansısa bir təqdimatlara qoşularaq özümüzü təqdim edirdik. Bizi çox tanımırdılar. Universitetdə qapılara balaca kağızlarda tədbirimizin olacağı barədə yazılar yapışdırırdıq, elan edirdik. Buna baxmayaraq, klub daxilində həmişə o doğmalığı, mehribanlığı saxlamağı bacarmışıq.
Zümrüd C. Əvvəllər fərdi fəaliyyət göstərirdik. Amma indi biz birlikdə tədbirlərə dəvət alırıq.
Elton. Üzv qəbulu hər il davam edir. Biz son kursuq, amma tərkibimizdə I-II-III kurslardan da tələbələr var.
Zümrüd C. Qeydiyyat işlərinə mən baxıram. Qeydiyyat üçün müraciət olunanda həmişə deyirlər, sizin klub daha maraqlı və mehribandır. Bizim əvvəlki sədrimizin yaxşı sözü var idi. O, həmişə bizə deyirdi ki, yaxşı klub olmaq üçün yaxşı ailə olmağı bacarmalıyıq. Və biz bunu bacarmışıq. Biz həmişə bu devizlə yola çıxmışıq. İşə də yarayıb.
- Özünüzü fərdi olaraq və komanda daxilində harada, necə görürsünüz?
Zümrüd R. Mən düşünürəm ki, komanda daxilində universitetdə olduğumuz müddətdə bol uğurlar qazanacağıq. Buna elə fərdi həyatımda da inanıram. Klubumuzun adına müsbət rəylər alacağıq. Bu, davamlı olacaq.
Aytac. Mən də düşünürəm ki, gələcək karyeramda uğurlu olacağam. Dostlarıma da uğurlar arzu edirəm.
Zümrüd C. Yığma komanda daxilində olmağımızın bir səbəbi də odur ki, universitetimizi bitirməyimizə baxmayaraq, gələcəkdə hər hansı bir liqa olarsa, “Dillilər” Yığma komandası olaraq hər hansı bir yarışa qoşula bilərik. Yəni o universiteti bitirməyimizdən, neçənci kursda oxumağımızdan asılı deyil. Çünki biz artıq yığma komandayıq. Nə vaxt istəsək, 30-40 yaşımız olsa belə, komanda kimi fəaliyyət göstərə bilərik. Amma fərdi olaraq da soruşursunuzsa, universiteti bitirib xaricdə təhsil almağı planlaşdırıram.
Elton. KVN universitet daxili bir iş olduğu üçün inanmıram kimsə davamlı fəaliyyət göstərsin. Buna baxmayaraq, klubumuz adından neçə dəfə Nərimanov rayonu liqasında I yerə layiq olduq və universitetimizin adını qaldırdıq. Respublika çempionatında debüt kuboku qazandıq. İlk dəfə olaraq bunu universitetimiz üçün biz etdik. Onu da qeyd edim ki, həmin gün kubokumuzu oğurladılar. Amma biz yenə də üzərində dayandıq, kubokumuzu gətirdilər.
“Gülməsələr də, səhnəni davam etdir”
- İlk səhnənizin mövzusu necə olub?
Elton. Universitetdə oynadığımız KVN “Komedy Club” kimi olurdu. 10-20 dəqiqəlik. Amma əsas Azərbaycan liqasına qoşulanda bizdə zarafatlar fərqli olurdu. 5 dəqiqəyə KVN-ni verməli idik. Bu, bizim üçün çox çətin olurdu. Amma səhnəyə çıxdıq, bizi tanıdıqca sevməyə başladılar.
- Klubunuzun fəaliyyətində nəsə dəyişiklik etməyi düşünürsünüz? Məsələn, iştirakçı qrupu, yaxud janr olaraq...
Elton. İstedadı olanlara ssenarini oynaya bilmək baxımından üstünlük veririk. Ailəmiz 200 nəfərdən çoxdur. Yəni lap çoxolmağa da ehtiyac yoxdur. Janr olaraq isə bizdə komediya janrıdı. Yaxşı da alınır. Dəyişiklik etməyi düşünmürük.
- Bəs səhnədə çaşdığınız hallar baş veribmi? Bunu necə aradan qaldırmağa çalışmısınız?
Elton. Bəli, əlbəttə. Bizim əvvəlki sədr var idi, Vüqar Abdullayev. O, həmişə bizə deyirdi ki, əgər səhnədə sözünü unutmusansa, özünü itirmə, başqa söz de. Gülməsələr də, səhnəni davam etdir. Səhnədə nəsə çaşğınlıq ola bilər, amma səhnədə çıxışlar, ardıcıllıq hamısı səliqəli şəkildə olmalıdır. Belə olarsa, çaşqınlıq halları o qədər də bilinməyəcək.
- Belə bir səhnəni xatırlayırsınız?
Elton. Bəli. Müəllim və tələbəyə aid səhnə idi. Səhnədə oğlan çaşdı, sözə uyğun olmayan, hətta antonim ifadə işlətdi, biz də məcbur ona uyğun oynadıq. İzləyici bunu bilmədi, amma bu səhnəyə çox gülmüşdük.
- İlk səhnəniz nə vaxt və hansı olub?
Elton. I kursda olub. Səhnədə rolum çox qısa və sadə idi. Mən təcili yardım qrupunda tibb işçisi rolunu oynayırdım. Zümrüdü qucağıma alıb yerə salmalı idim. Sonra ssenarilər yazmağa başladım, bəyənildi. Onları oynadıq. Yavaş-yavaş yüksəldim və artıq KVN sədriyəm.
- Ssenari yazanda təxmin edirsiniz ki, necə alınacaq?
Elton. Əlbəttə. Məsələn, o vaxt oğlanın qıza söz atması mövzusunda ssenari hazırladıq. Sonra bunun tərsini etdik. Dillər Universitetində qızlar daha çoxdur, ona görə bu mövzunu seçdik. Yaponşünas, ispanşünas, amerikaşünaslıqda oxuyan qız oğlana söz atmalıydı. Həmin səhnə çox uğurlu alınmışdı. Tamaşaçı da çox gülmüşdü.
Aytac. Ssenarini hazırlayanda düşünürsən ki, buna kim gülər? Çıxış edəndə isə artıq sırf aktyorluq qabiliyyəti rol oynayır.
- Çıxış edəndə rolları hansı fərqinə görə seçirsiniz?
Elton. Rol aktyora uyğun seçilməlidir. Mimikalar, boy, səs tonu rola uyğun olmalıdır.
-Son suallarımı ünvanlayıram. Bu yaxınlarda hansı səhnələriniz olacaq? Yəni planlarınız varmı? İzləyiciləriniz olaraq sizləri nə vaxt görəcəyik?
Elton. Əlbəttə, planlar var, olacaq. İzləyicilər bizi gözləsinlər. Çox maraqlı olacaq. Həmişəki kimi peşman olmayacaqlar.
- Sizi izləyən dostlara ürək sözləriniz var?
Elton. Mən onlara bol-bol uğurlar, kəsirsiz imtahanlar, təqaüd arzulayıram. Bir də bizim komandamızın üzvü olmağı unutmasınlar.