XƏBƏRLƏR

ADU-da Tələbə Gənclər Təşkilatlarının iclası keçirilib

27 oktyabr, 2018

Azərbaycan Dillər Universitetində ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) cari il üçün növbəti iclası baş tutub.

İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Faiq Məmmədov, TGT-lərlə iş departamentinin direktoru Ləman Cavadova, Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Ənvər İsmayılzadə iştirak edib.

İclasda üzvləşmə prosesinin gücləndirilməsindən, yaranan problemlərdən danışılıb. Həmçinin Mətbuat, insan resursları və Azərbaycan tələbə kartı (ATK) departamentlərinin mövcud fəaliyyətlərinin vacibliyi haqqında müzakirələr aparılıb. Görüşdə eyni zamanda TGT-lərlə iş departamentinin daxilində olan struktur dəyişiklikləri barədə məlumat verilib. Öz növbələrində TGT sədrləri də ay ərzində göstərdikləri fəaliyyət, keçirilən layihələr haqqında məlumat veriblər.

Daha sonra “Ayın TGT”si müəyyən olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Humanitar Kollecinin (BHK) Tələbə Gənclər Təşkilatları “Ayın TGT”si seçilib. ADNSU-nun sədr müavini Rəsul Səlimzadə və BHK-nın sədri Şəfiqə Hənifəyeva mükafatı qəbul ediblər.