Azərbaycanşünaslıq laboratoriyasının çoxşaxəli fəaliyyəti - Aqşin Rüstəmovla hesabat müsahibəsi
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri t.f.d. Aqşin Rüstəmovla müsahibəni təqdim edirik
- Ötən ilin sentyabrında Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetdə bir çox yeni mərkəzlər və elmi-tədqiqat laboratoriyaları yaradıldı. Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası da bunlardan biridir. Laboratoriyanın qarşısına hansı məqsədlər qoyulub?
- Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının fəaliyyəti bir neçə yöndə istiqamətləndirilib: elmi-tədqiqat, təbliğat və maarifləndirmə yönlü iş planı tərtib edilib, bir çox əhəmiyyətli mövzular və tədbirlər əhatəli şəkildə nəzərdə tutulub. Bunlardan birincisi, Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın qarşısına qoyduğu milli və mənəvi dəyərlərimizi qorumaq və təbliğ etmək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişaf sahələrində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliğ edilməsidir.
- Laboratoriyanın iş planı hansı istiqamətdə tərtib olunub?
- 2018-2020-ci illər üçün “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda elmi-tədqiqat işinin planı tərtib olunub. Nəzərdə tutulan tədbirlərin ən önəmlisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi konfransın təşkili və keçirilməsində iştirak etmək idi. Konfransın Tiflis bölməsinin iclasının təşkili laboratoriyamız tərəfindən həyata keçirildi. Həmçinin laboratoriyanın iş planında Azərbaycanşünaslığın aktual problemləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində silsilə tədbirlər öz əksini tapıb. Eyni zamanda Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının əməkdaşları 2017-2018-ci tədris illərində Azərbaycan dili, tarixi, fəlsəfəsi, ədəbiyyatı mövzusunda bir sıra kitab, tezis və məqalələr çap etdirib: N.Mehdi “Qəribə adamlar, qəribə olaylar”, S. Rüstəmova-Tohidi “İstanbulda diplomatik görüşlər”, С.Рустамова-Тогиди “Алимардан бек Топчибашев 1905-1906 и 1918 гг.” , “Армянский фактор в Бакинских событиях”, E.İbrahimov “Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri”, E.İbrahimov “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili”.
- Laboratoriyanın iş planında tələbələrlə bağlı məsələlər yer alırmı?
- Laboratoriyanın əsas iş istiqamətlərindən biri universitetdə təhsil alan gənclərin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, azərbaycançılıq ruhunda tərbiyə olunması işinə dəstək göstərməkdir. Bu
istiqamətdə universitetin müvafiq kafedra və mərkəzlərlə birgə azərbaycançılıqla bağlı tələbələrin maarifləndirilməsi, Azərbaycan dilinə, ədəbiyyatına və incəsənətinə marağın artırılması yönündə tədbirlər keçirilir.
- Laboratoriya hansı qurumlarla əməkdaşlıq edir?
- Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetin kafedraları, elmi–tədqiqat laboratoriyaları ilə birgə dəyirmi masalar, seminarlar, mühazirələr keçirilmişdir. Azərbaycanşünaslıq ETL-nin tərəfdaşlıq etdiyi qurumlar arasında Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı, Ümumi dilçilik, Regionşünaslıq, Beynəlxalq münasibətlər, Fəlsəfə və ictimai elmlər, Qafqazşünaslıq kafedralarını, “Müqayisəli folklor”, “Multikulturalizm” və “Rusiyaşünaslıq” elmi-tədqiqat laboratoriyalarını xüsusi qeyd etmək olar. Bu tədbirlərdə AMEA-nın Folklor İnstitutunun,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nümayəndələri iştirak etmişdilər. Yuxarıda adları qeyd olunan qurumlarla birgə iş planlarının nəticəsi kimi dəyirmi masalar və elmi seminarlar keçirmişdir: “Ermənilər Cənubi Qafqazda” , “Dağlıq Qarabağ
münaqişəsinin hüquqi-diplomatik aspektləri”, “Almanların Azərbaycana köçürülməsinin 200 illiyi: köçürülmənin səbəbləri və nəticələri” , “Ana kitabımız – “Dədə Qorqud”, “Heydər Əliyev və Azərbaycan gəncləri”, “Azərbaycan mədəni irsinin mühafizəsi”, “Müasir Azərbaycan ədəbiyyatında azərbaycançılıq və multikulturalizm”, “Azərbaycançılıq dövlətimizin milli ideologiyasıdır”, “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil”, “Azərbaycan dili milli sərvətimizdir”, “Dilin fəlsəfəsi”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Azərbaycan Demokratik Respublikasının dil siyasəti”, “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və milli ideologiyanın banisi kimi”, “Ə.M.Topçubaşov görkəmli diplomat və dövlət xadimi kimi”, “AXC və qadınlar”, “AXC dövründə ədəbiyyat və mətbuat” və s.
Eyni zamanda müvafiq kafedralarla Azərbaycanşünaslıq ETL-in əməkdaşları müxtəlif mövzularda birgə mühazirələr təşkil etmişdir: “Heydər Əliyevin dil siyasəti, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr”, “Antik fəlsəfənin tarixi”, “Ədəbiyyatda postmodernizm” və s. Həmçinin 20 Yanvar hadisələri, Aprel döyüşləri ilə bağlı döyüş iştirakçıları və II Dünya müharibəsi veteranlarının tələbələrlə görüşü təşkil olunub.
- Gənclərin vətənpərvərlik və azərbaycançılıq ruhunun formalaşdırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Universitetimizdə təhsil alan tələbə və magistrların dünyagörüşünün genişləndirilməsi, Azərbaycan haqqında geniş məlumat verilməsi, onlarda vətənpərvərlik və azərbaycançılıq ruhunun formalaşdırılması və bilik səviyyələrinin yoxlanılması məqsədi ilə Təhsil, Tərcümə, Filologiya və Jurnalistika, Beynəlxalq münasibətlər və İdarəetmə fakültələrində, Sabah qruplarında, Magistratura şöbəsində monitorinq keçirilib. Monitorinqin nəticələri fakültə dekanlarına təqdim olunmuş və onlar bunu yeni tədris proqramında nəzərə almışdılar. Laboratoriyanın əməkdaşları universitetimizdən xaricə gedən tələbələrə azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühazirələr keçirmişdir.
- Hansı elmi jurnallarla əməkdaşlıq edirsiniz? Üzərində çalışdığınız kitablar varmı?
- Laboratoriya “Türkologiya” jurnalının redaksiya heyəti ilə birlikdə jurnalın fəaliyyəti ilə bağlı tədbir keçirilib. Tədbirdə təşkilatçılarla yanaşı ADU-nun rəhbərliyi və müəllim heyəti, AMEA-dan dəvət olunan alimlər və jurnalın redaksiya heyəti iştirak edib. Hal-hazırda isə Azərbaycanşünaslıq ETL-də “Azərbaycan Tərcümə Ensiklopediyası”nın 2-ci nəşri üzərində işlər davam edir.
- Labaratoriyanın nəzdində fəaliyyət göstərən dərnəklər varmı?
- Tələbələrin azərbaycançılıq məfkurəsini dərindən öyrənməsi, ölkəmizin siyasət, iqtisadiyyat, tarix, mədəniyyət və incəsənəti istiqamətində maariflənməsi üçün laboratoriya nəzdində yaradılmış “Gənc Azərbaycanşünaslar” dərnəyi fəaliyyət göstərir.
- Laboratoriya ölkəmizin beynəlxalq çərçivədə tanıdılması istiqamətində hansı işlər görür?
- Azərbaycanşünaslıq ETL Azərbaycanın xaricdə tanıdılması yönündə də bir sıra işlər aparır. Bu istiqamətdə universitetin Beynəlxalq əlaqələr departamenti ilə birgə bir neçə xarici ölkələrdə “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinin açılmasında fəaliyyət göstərib (İndoneziya, Çin Xalq Respublikası, Serbiya, Rusiya Federasiyası). Görkəmli rus ədəbiyyatşünası, tərcüməçisi, Moskva Dövlət Linqvistik Universitetin ədəbiyyat kafedrasının müdiri professor A.P.Bondarevlə, Tbilisi Dövlət Universitetinin akademik heyəti ilə görüş də geniş maraq doğurub.
- Laboratoriya artıq ilk bülletenini çap edib. Bülleten hansı məqsədlə çap edilir?
- Azərbaycanşünaslıq ETL-in 2017-2018 tədris ili ərzində ADU-nun kafedra və laboratoriyaları ilə birgə keçirdiyi tədbirlər laboratoriyanın nəşr etdirdiyi 1 saylı Bülletenində işıqlandırılmışdır. Görülən tədbirlər eyni zamanda kütləvi informasiya vasitələrində də öz əksini tapıb.