XƏBƏRLƏR

Alman Bundestaqının nümayəndə heyəti ADU-da olub

31 oktyabr, 2018

Oktyabrın 30-da Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub. Nümayəndə heyətinin ADU-ya səfərinin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçməkdən ibarətdir.

Berlin Humbolt Universitetinin tədqiqatlar üzrə vitse-prezidenti prof.dok. Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti öncə ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb. Qonaqları salamlayan rektor K.Abdulla bildirib ki, bu proqram hər iki tərəf üçün həddindən artıq maraqlıdır. Rektor qeyd edib ki, ADU-da alman dili və tarixi öyrənilir, müasir Almaniya ilə bağlı araşdırmalar aparılır. ADU-da fəaliyyət göstərən Germanistika İnstitutu barədə məlumat verən rektorun sözlərinə görə, bu institutun fəaliyyəti ümumi əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycandakı multikultural mühit barədə danışan K.Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Auqsburq Universiteti ilə bu istiqamətdə ciddi əməkdaşlıq etdiyini sözlərinə əlavə edib.

Daha sonra qonaqlar tələbələrlə görüşüb və Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (İPS) hər il ali məktəbi bitirən 7 nəfərə qədər azərbaycanlı gəncə Bundestaqın bir deputatının yanında çoxsaylı iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti tərəfindən proqramla maraqlanan tələbələrə İPS proqramı haqqında məruzə oxunacaq və qısametrajlı film təqdim ediləcək.