XƏBƏRLƏR

Ən gənc müəllimə: “Dekan, yaxud rektor olmaq fikrim yoxdur” - MÜSAHİBƏ

29 oktyabr, 2018

"Azərbaycan Dillər Universiteti hərtərəfli inkişaf edir. Vizual olaraq genişlənib, təmir edilib, yeni texniki avadanlıqlar gətirilib. Kitabxanada kitablar çoxalıb. Bu, tək dərsliklərə aid deyil. Düşünürəm ki, Kamal Abdulla rektor olandan universitetin inkişafı daha da sürətlənib. Həyata keçirilən bütün yeniliklər tələbələrin xeyrinədir".

 

Azərbaycan Dillər Universitetinin ən gənc müəlliməsi Vüsalə Məmmədova ilə müsahibəni təqdim edirik. Onunla Filologiya və jurnalistika fakültəsinin II kurs tələbəsi Səbinə Şükürova söhbətləşib.

Vüsalə Məmmədovanın 25 yaşı var. Bu ildən Təlimdə innovasiyalar kafedrasında nitq praktikasından dərs deyir. Vüsalə xanım deyir ki, məktəbli olanda ingilis dilini sevib, onda müəllimliyə həvəs yaranıb. Azərbaycan Dillər Universitetinə qəbul olunduqdan sonra isə onun bu arzusu daha da qətiləşib. Vüsalə müəlliməni daha yaxından tanıyaq:

 -2010-cu ildə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Rektorumuz Səməd Seyidov, dekanımız Əfqan Abdullayev idi. O vaxt indiki tələbələrdən fərqli olaraq, telefonlara, internetə üstünlük vermirdik. Günümüzün boş vaxtını əksərən tədbirlərdə və muzeylərdə keçirirdik. Dünya görüşümüzü artırmaq üçün çoxlu kitablar oxuyurduq. Düşünürəm ki, tələbəliyimizin əyləncəli keçməsinin əsas səbəblərindən biri sosial şəbəkələrə və mobil telefona üstünlük verməməyimiz idi.

- Dediniz, məktəb illərindən müəllimə olmaq istəyirdiniz. Niyə məktəb, yaxud  kursda yox, məhz universitetdə işləmək istədiniz?

- Mənim həyatımda bu universitetin yeri tamamilə ayrıdı. Bura mənim üçün doğma yerdir. Burada ən maraqlı, ən xoş günlərim keçib. Tələbə vaxtı mənə dərs keçən pedaqoqlardan maksimal bəhrələnməyə çalışmışam. Bəlkə də burada işləməyimdə həmin o pedaqoqların da bir rolu olub.

- Müəllim olmaq asan deyil, düzdür?!

- Əlbəttə! Kənardan baxanlar düşünə bilər ki, müəllim olmaq asandı. Amma belə deyil.

Mənə görə ən çətini tələbələrimin materialı eyni səviyyədə başa düşməsi, yaxşı qavramasıdır. Əgər tələbələrin hamısı materialı eyni səviyyədə və yaxşı başa düşə bilirsə, deməli, öz vəzifəmi düzgün şəkildə yerinə yetirə bilmişəm. Eyni zamanda imtahan verəndə onların çətinliyi olmayacaq. Tələbələrlə ünsiyyətdə olmaqdan zövq alıram. Həm də nostalji hisslər yaşayıram. Parta arxasında əyləşib həvəslə dərs oxumağım yadıma düşür.

- Tədris planında nəyə daha çox üstünlük verirsiniz? Nəzəriyyə, yoxsa praktikaya?

- Daha çox praktikaya üstünlük verirəm. Çünki praktik dərslər daha çox yadda qalır. Eyni zamanda daha əyləncəli olur. Belə olanda tələbə nəzəriyyəni yadda saxlamaq məcburiyyətindən qismən azad olur.

 - Bəzən elə müəllimlərə rast gəlirik ki, ümumiyyətlə, nəzəriyyənin vacib olmadığını deyirlər...  

- Məncə, nəzəriyyəni də bilmək lazımdır. Bir qanunu on dəfə oxumaqdansa, bir dəfə oxuyaq, amma praktik şəkildə mənimsəmək imkanımız olsun.

- Tələbələrinizin dərsə olan həvəsini artırmaq üçün nə edirsiniz?

- Özümü tərifləmirəm, amma tələbələrdə dərsimə maraq görürəm. Diqqətlərini cəlb etmək üçün yalnız kitabla işləməməyə çalışıram. Onları həvəsləndirirəm ki, sırf kitabla kifayətlənməsinlər.Yeni sözlər öyrənib internetdən düzgün şəkildə bəhrələnməyə həvəsləndirirəm. Hər dəfə tələbə yeni bir mövzuyla dərsə gələndə ona kömək edirəm ki, dərs daha yaxşı yadda qalsın. Tələbələri düzgün istiqamətləndirsək, onlara daha çox biliklər öyrədə bilərik.

- Universitetin hazırki vəziyyəti haqqında nə deyə bilərsiniz?

-Əlbəttə, universitet hərtərəfli inkişaf edir. Vizual olaraq genişlənib, təmir edilib, yeni texniki avadanlıqlar gətirilib və s. Kitabxanada kitablar çoxalıb. Bu, tək dərsliklərə aid deyil. Düşünürəm ki, Kamal Abdulla rektor olandan universitetin inkişafı daha da sürətlənib. Həyata keçirilən bütün yeniliklər tələbələrin xeyrinədir.

- Gələcəyə olan planlarınız haqqında bilmək maraqlı olardı...

- Gələcəkdə özümü daha çox təkmilləşdirib xaricdə fəaliyyət göstərmək istəyirəm. Nə yalan deyim, universitetdə dekan, yaxud rektor olmaq fikrim yoxdur. Hələlik uzun müddət burada işləməyi planlaşdırıram. Eyni zamanda elmi dərəcələr almaq istəyirəm.

- Son olaraq tələbələrə verə biləcəyiniz məsləhət, deyəcəyiniz bir sözünüz var?

- Çalışıram onlarla səmimi olum, onlara dost kimi yanaşım. Həmişə də demişəm, çalışın bu universitetdən maksimal dərəcədə çox bəhrələnin. Arzum odur, ingilis dilini mükəmməl şəkildə öyrənməyə çalışsınlar ki, sabah hansısa təhsil müəssisəsində çalışanda deməsinlər, Azərbaycan Dillər Universitetini qurtardığına görə heç nə bilmir. Onlara həmişə deyirəm, çalışın universitetinizin adını doğruldun. Təkcə diplom almaq üçün yox, savadlı və güclü olmaq üçün oxuyun.