Çin Dövlət Şurasının nümayəndə heyəti Dillər Universitetinin qonağı olub
Çin Dövlət Şurası (Çin Höküməti) İnsan Hüquqları Bürosu İnformasiya Şöbəsinin direktoru Qiu Yinin başçılıq etdiyi həmin şöbənin Mədəniyyət Mübadiləsi qrupunun üzvləri Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunu ziyarət ediblər.
ADU Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qonaqlara Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. R.Abbasov sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycan təcrübələrin Çin ilə əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını qeyd edib. R.Abbasov həmçinin Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini, onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərini ziyarət etdiyini xatırladıb. Heyət üzvləri - Sintszyan-Uyğur Muxtar Rayonunun İnkişaf və İslahat Komissiyasının direktor müavini Li Ren, Sintszyan Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Mulati Heyati və Çin İctimai Elmlər Akademiyasının Sərhəd Araşdırmaları İnstitutunun direktoru Sin Quançen İpək Yolu ölkələrinin siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafına həsr edilmiş elmi hesabatlarla çıxış ediblər.
Sonra qonaqlar ilə ADU və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri arasında fikir mübadiləsi aparılıb. Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.
Çin Dövlət Şurasının nümayəndələri ADU-nun Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasında da olublar. Mərkəzin elmi işçisi Turan Kərimli tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçildiyini qeyd edib. Vurğulanıb ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.