XƏBƏRLƏR

""Erməni dilinin qrammatikası" bu sahədə olan boşluğu dolduracaq" – Kitaba ön söz və rəy

24 oktyabr, 2018

QRAMMATİKA KİTABINA ÖN SÖZ

Նախաբան

Bir neçə ildir ki, Azərbaycan Dillər Universitetində  erməni dilini tədris edən Hüseyn Əsgərovun tərtib etdiyi  “Erməni dilinin qrammatikası” kitabı mövcud yaranmış boşluğu doldurmaq üçün mühüm əhəmiyyət kəsb edir. Müxtəlif müəlliflərin erməni, rus və ingilis dillərində yazdığı qrammatika kitabları əsasında tərtib edil­miş bu dərslikdə diqqət çəkən cəhətlərdən biri ümumi qrammatik qaydaya riayət edilməsidir. Yəni, fonetika, morfologiya, sintaksis xət­ti ilə dərsliyin başlıca  istiqamətinin təqdim olunmasıdır. Dərs­lik­də yığcam şəkildə erməni dilinin əlifbasına, onun sait, samit sis­te­mi­nə, səsdəyişməsinə, cingiltili samitlərin karlaşmasına, cümlənin dü­zəldilməsinə, söz sırasına, artikllərə yığcam şəkildə nəzər sa­lın­dıq­dan sonra nitq hissələrinə müraciət olunur. Xüsusi vurğulamaq lazımdır ki, erməni dilində söz sırası orta əsrlərdə indiki kimi deyil, müasir dövrdə Avropa dillərində olduğu kimi mübtəda, xəbər ikinci dərəcəli üzvlər olmuşdur. Ancaq zamanın gedişində türk dillərinin təsirilə erməni dili özünü qrammatik quruluşunu tamamilə dəyişmiş, müasir Azərbaycan dilinin qrammatik quruluşunun şəklinə düşmüş­dür. Mübtəda – ikinci dərəcəli üzvlər xəbər.

Dərslik təbii olaraq Azərbaycan dili ilə müqayisəli şəkildə tər­tib edilmişdir. Ancaq burada hər bir dilin  fərdi xüsusiyyətləri qa­ba­rıq şəkildə özünü bürüzə verir. Məsələn: Erməni dilində bir çox Av­ro­pa dillərinə xas olan müəyyən və qeyri müəyyən artikllar möv­cud­dur. Azərbaycan  dilində bu mövcud deyildir. Əgər Azərbaycan di­lində isimin altı halı varsa,  bundan fərqli olaraq erməni dilində isi­min yeddi halından istifadə olunur. Kitabda bunların qarşılığı təq­dim olunmuşdur. Dərslikdən bəlli olur ki, Azərbaycan dilində ol­du­ğu  kimi erməni dilində də isimlərin cəm forması sözlərin sonuna şə­kilçilər artırılmaqla  düzəlir.

Dərslikdə sifət nitq hissəsindən, onun növləri, müqayisə də­rə­cə­ləri, sifət düzəldən şəkilçilər, onların Azərbaycan dilində mü­qa­yisəli şəkildə geniş izahı öz əksini tapmışdır.

Say bölməsində miqdar sayı, onlardan sıra sayının düzəl­dil­məsi, kəsir sayları haqqında ətraflı məlumat verilir. Çox maraqlı haldır ki, əksər dillərdə rus, ingilis, alman, fransız, gürcü, ərəb, fars dillərində saylar 10-dan sonra təkdən cütə getdiyi halda, erməni dilində Azərbaycan dilində olduğu kimi cütdən təkə doğru gedir. Məs: on, bir, on iki, on üç və s.  Bizcə bu, Qafqazda yaşayan türk dil­lərinin təsiri nəticəsində öz quruluşunu dəyişməsidi.

Tədqiqatçı, yazıçı M.Nalbadyan hələ XIX əsrdə yazırdı ki, bi­zim ədəbiyyatımız kimi, dilimiz də türk (Azərbaycan –Ə.Z.) dilinin  tə­sirinə qapılıbdır (düşübdür – Ə.Z.)

Dərslikdə əvəzlik bölməsi də geniş şəkildə  işlənmiş, Azər­bay­can dili ilə müqayisədə müəyyən fərqlər qabarıq şəkildə gös­tə­ril­mişdir. Kitabda göstərilir ki, erməni dilində əvəzliklərin səkkiz nö­vü vardır: şəxs, işarə, qarışıq, sual, nisbi, müəyyən, qeyri-mü­əy­yən, inkar əvəzlikləri. Burada hər növ barəsində ayrıca məlumat ve­ril­məklə yanaşı, şəxs əvəzliklərinin hallanması da təqdim olun­muş­dur.

Dərslikdə fellərdən bəhs olunarkən onların növləri, şəkilləri, zamanlara görə təsnifi bir çox feıllərin Azərbaycan dilinə tərcüməsi ön plana çəkilmişdir. Nida haqqında yığcam məlumat verilmişdir.

Sintaksis bölməsi morfologiya bölməsi ilə müqayisədə o qədər də geniş deyildi. Sintaksis bölməsində cümlə haqqında ismini sonra isə nəqli sual, əmr, nida cümlələri haqqında məlumat verilir. Digər qrammatik qaydalarda olduğu kimi burada izahdan sonra tapşırıqlar verilir. Mübtəda və xəbər, onların uzlaşması, təyin, on­la­rın hansı nitq hissələri ilə ifadə olunması, tamamlıq, zərflik – onun növ­ləri üzrə - hərəkət zərfliyi, zaman zərfliyi, məqsəd zərfliyi, sə­bəb zərfliyi cümlənin həmcins üzvləri, xitab, ara sözlər, mürəkkəb cüm­lə (tabeli, tabesiz mürəkkəb cümlə), budaq cümlələr dərsliyin sin­taksis bölməsində öz əksini tapmışdı. Dərsliyin sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı verilmişdi. Artıq neçə ildir ki, respublikamız Ali məktəblərində erməni di­li tədris olunur.

Bizcə, ADU-nun Xarici dillər kafedrasının mü­əl­li­mi, Hüseyn Həsən oğlu Əsgərovun tərtib etdiyi “Erməni dilinin qram­matikası” dərsliyi bu sahədə atılmış ilk addımdır.

Kitabda müəyyən çatışmamazlıqlar ola bilər. Növbəti tək­mil­ləş­miş nəşr üçün öz dəyərli fikirlərini söyləyən hər bir şəxsə ön­cə­dən münnətdarlıq bildirilir.

 Əsgər Məmməd oğlu Zeynalov 

 filologiya elmləri doktoru, professor


Hüseyn Əsgərovun “Erməni dilinin qrammatikası” kitabına

 RƏY

Erməni dilinin qrammatikası, onun fonetik xüsusiyyətləri, morfoloji və sintaksis quruluşu haqqında  bir çox ölkələrdə  kitablar yazılmış və erməni dilinin tədqiqi sahəsində əsərlər ortaya qoyulmuşdur. Azərbaycan Dillər Universitetində erməni dilini tədris edən Hüseyn Əsgərovun hazırladığı “Erməni dilinin qrammatikası” adlı kitab bu əsərlərin məcmusu olaraq və ali məktəblərdə tədris üçün və bu dili öyrənmək istəyən digər əhali qrupları üçün hazırlanmış yaxşı nümunədir. O həm də Azərbaycanda ilklərdən biridir və bu sahədə az rastlanan  dərslik  kimi  yetərli qaynaq olacaqdır.

        Ayrı- ayrı zamanlarda və fərqli ölkə müəllifləri tərəfindən  yazılmış qrammatika kitablarından istifadə edərkən Hüseyn  Əsgərov onu Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri çərçivəsində  araşdırmış və bu dili başqa dillərdən fərqləndirən özəlliklərə xüsusi diqqət yetirmişdir.  Məlumdur ki, erməni dili 5-ci əsrdə rahib Mesrop Maştots tərəfindən yaradılan erməni əlifbası ilə yazılı bir dil olaraq meydana çıxmış və inkişaf prosesində üç dövrə bölünür : qədim ermənicə (V.- XI əsr), orta ermənicə (XII-X əsr) və yeni ermənicə (XVII əsrdən günümüzə qədər).

         Hüseyn Əsgərov kitabında erməni dilinin keçdiyi bu dövrləri nəzərə almış və dilin qrammatik dəyişikliklərə məruz qalmasına  tədqiqatçı gözü ilə baxmışdır. Kitab tədris edilərkən onun səs sistemindən başlayaraq isim, sifət, say, əvəzlik, fel və başqa dil elementləri aydın və anlaşıqlı şəkildə verilmişdir. Qrammatik qaydalar  misallarla, erməni ədəbiyyatından gətirilən nümunələrlə dəstəklənmişdir.

 Müəllif bu cəhətləri də nəzərə almışdır ki, erməni dili bəzi özəlliklərinə görə Hind-Avropa  dil ailəsinin şərq qoluna aid edilir, ancaq erməni dilini yalnız Şərqi Avropa diliylə deyil,  Altay  və Yunan dili  ilə əlaqələndirənlər var. Qərbdə qərb-hind ləhcələrinin daha geniş bir qrupunda erməni dilində əlaqə var. Elmi cəhətdən, bu əlaqə erməni dilinin bugünkü xarakteristikasını verərkən  əhəmiyyətli ölçüdə üzə çıxır. Erməni dili bir çox dillərin təsirinə məruz qalmışdır. Türk, o cümlədən Azərbaycan dilinin təsiri ilə  erməni dili sintaksis quruluşunu belə dəyişdirmişdir. Kitabda bu xüsusiyyət  yaxşı izah olunur. Erməni dilinə türkcədən çoxsaylı sözlərin keçməsi ilə bu dilin bir qədər zənginləşməsini məşhur Qərb ermənişünasları da qeyd etmişlər. Erməni türkoloq Hraçya Acaryan  özünün 1902-ci ildə yazdığı və nəşr etdirdiyi “ Türk dilindən erməni dilinə keçən kəlmələr” kitabında türk dilindən erməni dilinə keçən 4000-ə qədər sözdən bəhs etmişdir. Digər erməni tədqiqatçılar da türk dilinin təsirini inkar etməmişlər.  Müəllif doğru olaraq ermənicənin fonetik, morfoloji və sintaksis tərkibi barədə ümumiləşdirmələr apararkən bunları nəzərə almış və verdiyi misallar və örnəklərlə həmin fikri təsdiq etmişdir.

       Kitabın ayrı ayrı bölümlərində bu dilin xüsusiyyətləri diqqətə çatdırılmışdır. Ortaya bu dili daha asan öyrənmək istəyənlər üçün dərs vəsaiti çıxmışdır.

Hüseyn Əsgərovun hazırladığı “Erməni dilinin qrammatikası” adlı  kitabını incələyərkən bu qənaətə gəldim ki, ola bilsin ki,  kitab ermənicənin bütün xarakterik xüsusiyyətlərini əhatə etməsin, amma  ermənicə öyrənmək istəyən tələbələr və digər əhali qrupları  üçün dərs vəsaiti  kimi məqbuldur, önəmli ölçüdə  bu sahədə olan boşluğu dolduracaqdır. Onun çap edilməsi və dərslik kimi tədris edilməsi uyğundur. Müəllifə uğurlar arzulayıram.

Prof. Qafar Çaxmaqlı,                                                                   

Erciyes Universiteti (Türkiyə) Ədəbiyyat fakültəsi                                                             

Erməni dili və ədəbiyyatı  kafedrasının müəllimi