Qobustan sirri-zəmanə idi... – Tələbə reportajı
Qobustana ekskursiya
Ekskursiya bir tələbə üçün qrup yoldaşları ilə keçirdiyi xoş vaxt, unudulmaz xatirədir. Eyni zamanda birlikdə öyrənmək və araşdırmaqdır. 334-cü qrupun tələbələri olaraq Azərbaycan dilçilik kafedrasının müəllimi Yeganə Hacıyevanın təşəbbüsü ilə “Ölkəşünaslıq” fənnində Qobustana ekskursiya etdiyimiz zaman biz də bu təəssüratı yaşadıq. Bu səyahət haqqında hələ bir neçə həftə qabaqcadan qrupda söhbət başlayanda hər bir tələbə yoldaşımın necə sevindiyini üzlərindəki xoş simalarda görmək mümkün idi. Sanki sərçənin yazın gəlişini gözlədiyi kimi... Qobustana eksursiya vaxtı yetişəndə qrupdakı həyəcan sözlə ifadə ediləsi deyildi. Yol boyunca avtobusda söylənən mahnılarda bütün qrupun iştirakı müxtəlif səs tonlarının yaranmasına gətirib çıxarmışdı ki, bu da musiqinin yüksək səsli melodiyasının arxasında gizləndiyindən insanı nəinki yormurdu, əksinə mahnının sözlərini daha yüksəkdən səsləndirməyə ürəkləndirirdi.
Mən avtobusun pəncərəsindən çölə - harasa tələsən insanlara baxanda bir anlıq Eynşteynin ümumi nisbilik nəzəriyyəsindəki zamanın hər bir insana görə fərqli irəliləməsi fikrini xatırladım. Həqiqətən, ətrafımızdan sürətlə keçib üzlərində gedəcəyi mənzilə doğru tez çatmağın narahatçılığını yaşayan insanlar üçün zaman həddindən artıq tez irəliləsə də, biz 334-cü qrupun qızları üçün vaxt sanki durmuşdu, musiqinin xoş sədaları altında gedəcəyimiz mənzilə gecikmə narahatçılığımız olmadan hər keçirdiyimiz saniyədən zövq alırdıq.
Qobustana çatan zaman ilk işimiz muzeyə daxil olmaq üçün bilet almaq, daha sonra müəlliməmizlə birlikdə muzeyin qabağında qrupla şəkil çəkdirmək oldu. Bundan sonra içəri daxil olub qaranlıq, ancaq müəyyən işıq effektləri ilə aydınlanmış otaqlarda bir çox tarixi tapıntı və mum heykəllərin ahəngində tariximizə bir nəzər yetirdik. Bu an əvvəl kitablarda adını oxuduğumuz bir çox mikrolit əmək alətlərini öz gözlərimizlə görüb onların özlərində saxladığı milyonlarca il gizli tarixi sirrə heyran olduq. Hər bir otaqdakı tapıntılar sanki ayrılıqda bir sirri-zəmanə idi. Ancaq bizi təəccübləndirən tək şey tapıntıların sehri deyildi. Təəccüblü gələn bizdən başqa yerli turistlərin olmaması idi. Daha çox başqa ölkələrdən, xüsusən Tailanddan gələn turistlər Azərbaycanın tarixinə xüsusi maraqla yanaşırdılar. Görünür, təkcə bizim qrup deyil də, bu xarici vətəndaşlar da tapıntıların sehri ilə ovsunlanmışdılar.
Qobustandakı ekskursiyamız muzeylə kifayətlənmədi. Daha sonra yenidən avtobusa qayıdıb, Qobustan dağlarına doğru irəlilədik. Bu zaman arxeoloji qazıntılar aparılmış o yerləri yaxından gördük. Həmin saniyələr mənim üçün qiymətli idi, çünki düşünün, çox-çox qədimdə - mezolit dövründə yaşamış insanların ayaq basdığı yerlərə siz də ayaq basırsınız, bəlkə də bilmədən onların addımları ilə irəliləyirsiniz. Onların toxunduğu qayalara əlimizlə təmas etdikdə bir saniyəlik onların yaşam tərzləri gözümüzün önündə canlanır. Mən bu hisləri daha aydın qrup yoldaşlarımdan bir qədər aralanıb uçurumun ən dibinə yaxınlaşıb bir də bu əsrarəngiz gözəlliklərə oradan seyr edəndə anladım. Bir addım irəlidə ölüm, bir addım geridə isə həyat... siz isə tam sınırda dayanıb keçmişlə gələcəyin bütün ruhunu küləyin əsən zərif əsintisində qəlbinizdə hiss edirsiniz. O zaman Qobustanın əsl bir sirri-zəmanə olduğunu başa düşəcəksiniz, Azərbaycanın isə yüzlərcə belə sirri-zəmanəni özündə cəm edən bir ölkə olduğunu...
Bu gəzinti bizə çox şey öyrətdi. Birlikdə araşdırmağı, öyrənməyi, xoş vaxt keçirməyi... Bir də öyrəndik ki, necə füsunkar bir ölkədə yaşayırıq.
Kəmalə Həsənova. Filologiya və Jurnalistika fakültəsi, 334-cü qrupun tələbəsi