“Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığımız inkişaf edəcək” – Olesya və Aygülün təəssüratları
“Universitetin rektoru akademik Kamal Abdulla ilə görüşdə bir çox məsələlər haqqında müzakirələr apardıq. Amma hələ ki, kartları açmayacağıq. Bunu sirr olaraq saxlayacağıq. Lakin əməkdaşlığımız davamlı olacaq, inkişaf edəcək”.
A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq könüllülük proqramı -“Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində iki rusiyalı könüllü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Formunda iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.
Səfərləri zamanı Azərbaycan Dillər Universiteti və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasındakı əməkdaşlığa əsasən universitetdə olan rusiyalı könüllülər - Belqorod Milli Araşdırma Dövlət Universitetinin məzunu Olesya Şkreba və M.Akumullı adına Başkir Dövlət Pedaqoji Universitetinin tələbəsi Aygül Şamsutdinova ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirmək üçün rus dilinin öyrədilməsi üzrə innovativ təlimlərdə interaktiv şəkildə maarifləndirici oyunlar, mahnılar, video-təqdimatlarla rus dili və mədəniyyətinin mənimsənilməsinə yardım göstəriblər.
- Bakı və Azərbaycan Dillər Universiteti haqqında təəssüratlarınız necədir?
Belqorod Milli Araşdırma Dövlət Universitetinin məzunu Olesya Şkreba:
“Azərbaycan möhtəşəm, qonaqpərvər, səmimi və istiqanlı ölkədir. Azərbaycan Dillər Universiteti də ölkəsi kimidir. Burada çox həssas tələbələr, işinə və qonaqlara həyəcanla yanaşan müəllimlər, universitet əməkdaşları gördük. Bir an belə özümüzü qonaq kimi hiss etmədik. Sanki evimizdəyik. Evimizdən yüzlərlə kilometr uzaqda olduğumuza baxmayaraq, burada qayğı və mülayimliklə əhatə olunduq. Bu, bizim üçün çox dəyərlidir. Çünki bir-birimizin dilini yaxşı bilməsək də, eyni dildə danışdığımızı hiss etdik. Məsələn, tələbələr rus dilini çox az bilsələr də, bir-birimizi anlayırıq, maraqlarımız eynidir. Müəllimlər isə rus dilində yüksək səviyyədə danışırlar. Bunun özü də bizim üçün çox xoşdur ki, bir-birimizdən öyrənirik. Azərbaycan bizə çox şeyi öyrətdi - digər insanlara xoş münasibət göstərməyi, ürəyini açmağı, səmimi və olduğun görünməyi. Çünki ruslar daha çox qapalıdırlar. Amma burada hər kəs açıqürəklidir. Düzdür, çoxları rusların ürəklərinin böyüklüyündən danışır. Amma belə bir təəssürat yaranır ki, Şərq qanında istilik və açıqürəklilik daha çoxdur”.
M.Akumullı adına Başkir Dövlət Pedaqoji Universitetinin tələbəsi Aygül Şamsutdinova:
“Mənim buraya ikinci səfərimdir. Layihə çərçivəsində Tacikistan, Qırğızıstan kimi müxtəlif ölkələrdə olmuşam. Mənə Azərbaycana gəlməyi təklif edəndə, əlbəttə, çox sevindim. Bizi gözləyən hadisələrlə bağlı əvvəlcədən heç bir fikrim yox idi. Məlumat almaq üçün internetdə araşdırsaq da, bu, yaşadığımız hisslərlə müqayisə olunmazdır. Ötən il birinci dəfə bura gələndə ilk baxışdan vuruldum. İlk olaraq hava limanı çox diqqətəlayiq yerdir. Hava limanında özümü hansısa muzeydəki kimi hiss etdim: təyyarədən düşürsən və ağ xalçanın üzərində addımlayırsan. Hətta düşündüm ki, bəlkə ayaqqabımızı çıxarmalıyıq. Bu, bütün qonaqlara, yerli sakinlərə olan hörmətdir. Azərbaycana gəlirsən və elə həmin anda özünü rahat, sərbəst hiss edirsən. Daha sonra biz akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan və rus dili bölmələrinin şagirdləri ilə tanış olduq. Elə o vaxtdan bura mənim üçün qeyri-adi gəldi. Azərbaycan getdiyim digər ölkələrdən fərqlənir. Qayıdarkən həqiqətən də ağladıq, çünki çox dostlaşmışdıq. Bu il də mənə “Aygül, yenə də Azərbaycana gedəcəksən” deyəndə heç kim məndən cavab gözləmədi, çünki cavabın necə olacağını bilirdilər. Buraya uçanda hər kəsə xəbərdarlıq etdim ki, Azərbaycan sizin çox xoşunuza gələcək, siz burada ürəyinizi qoyacaqsınız. Elə bu cür də oldu. Hamı buraya vuruldu, hamı bir ağızdan “Ay Allah, necə gözəldir, bura bax, hələ ora bax” deyirdi. Getdiyimiz yerlərdə yeni insanlarla tanış olurduq, onlar hamısı bizə necə kömək edə biləcəklərini soruşurdular. Elə bil ki, çox yaxın qohumlarıq və uzun ildən sonra yenidən görüşmüşük. İndi sevinirəm ki, mənim təyyarəmin qalxma vaxtında dəyişiklik oldu, beləliklə mən Bakıda daha çox vaxt keçirə biləcəyəm. Keçən il yalnız məktəblərlə işləmişdik. Amma bu il ADU ilə işləmək imkanımız olduğu üçün çox sevinirəm. Burada tələbələrlə işləmək çox maraqlıdır, şagirdlərlə işləməkdən fərqlənir. Bizim tələbələrimiz qeyri-adidirlər. Onlar I kurs tələbələridir, Rusiyaşünaslığın ilk yığmalarıdır, hələ heç özləri də bilmir ki, onları nə gözləyir. Ümid edirik ki, görüşümüz onlar və bizim üçün yaxşı təcrübə oldu. Onlarla işləməyə başlayanda xəbərdar etdilər ki, həmin tələbələr rus dilini hələ iki həftə ərzində öyrəniblər. Amma deyə bilərəm ki, iki həftə olmasına baxmayaraq, nəticə yaxşı idi. Buradakı tələbələr hər şeyə maraq göstərirlər, Rusiyaya getmək istəyirlər. Burada hər şey lazımi qaydada öz yolunda gedir. Tələbələrlə bir neçə dərs keçmək çox maraqlı idi. Əlbəttə, burada qalmaq, işləmək istəyərdik. Sözün əsl mənasında, tələbələrlə sağollaşmaq çox kədərli idi. Ümid edirik, bizim münasibətlərimiz davam edəcək. Çünki çox istedadlı uşaqlar var. İnanırıq ki, bizi yenə də buraya çağıracaqlar və yenidən onlarla işləyəcəyik”.
- Bakı Beynəlxalq Mulikulturalizm Mərkəzində olmusunuz. Bununla bağlı fikirləriniz?
Aygül Şamsutdinova: “Multikulturalizm Mərkəzi bizim üçün yenilik oldu. Öyrəndik ki, əslində bir çox ölkələrdə filialı var. Orada nə qədər işlər görülməsi haqqında məlumat verəndə təəccübləndik ki, bu insanlar nə vaxt yatırlar? Səhərdən axşama kimi məqalələr yazırlar, elmi işlər üzərində çalışırlar, forumlar təşkil edirlər Açıq görünür ki, insanlar bundan qürur duyurlar. Məsələn, biz multikulturalizmin nə olduğunu hələ bilmirdik, bir nəfərlə tanış olduq və danışdıqdan sonra indi biz özümüz də “Azərbaycanın Gənc Dostları” multikultural birliyinə üzv olmaq istəyirik”.
Olesya Şkreba: “Multikulturalizm mərkəzi gələcəyin qurulduğu, gələcəyimiz üzərində işlər gedən bir yerdir. Müasir cəmiyyətdə görülə biləcək ən böyük işlərdən biridir”.
-Bakıda daha hansı yerlərdə oldunuz?
Aygül Şamsutdinova: “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, İçərişəhərin bütün yerlərində olduq. Çoxlu şəkillər çəkdirdik. Çox xoşumuza gəldi və başqa cür ola da bilməzdi. İçərişəhərdə çoxlu filmlər çəkildiyini bildik. Həmin filmlərin çəkildiyi yerlərdə olmaq çox gözəl hissdir. Çəkilişlər etmək üçün bu cür gözəl yerlər olduğu halda, başqa yerləri axtarmaq lazım deyil. Qız Qalasında, Azərbaycan Xalça Muzeyində olduq. Bizim milli geyimləri geyinmək və özümüzü şərqsayağı hiss etmək imkanımız oldu. Çoxlu təriflər deyildi, hətta dedilər, bizə çox yaraşır və həmişə bu geyimdə gəzməliyik. Həqiqətən də, böyük məmnuniyyətlə bu geyimləri geyinərdik, çünki kostyumlar o qədər gözəl idilər. Muzeyin özü də çox xoşumuza gəldi. Orada dedilər ki, bu muzey keçmişə hörmət əlamətidir. Oradakı qədimi naxışlar müasirliklə vəhdətdədir və bu, müxtəlif yaş qruplarına mənsub insanların marağına səbəb olur. Biz orada olanda da azyaşlı uşaqlar, böyüklər, müxtəlif ölkələrdən olan xaricilərə rast gəldik. Xaricdən xalça görünüşlü, daxildə qədimi xalçaların olması çox maraqlı idi. Beləsini heç yerdə görməmişdim. Alov qüllələrinə səhər-axşam baxırdıq, üzərində müxtəlif obrazlar canlanırdı. Həmçinin Rus kitab evində də olduq. Görüşə müxtəlif məktəblərdən şagirdlər gəlmişdilər, onlar rus şairlərinin şeirləri ilə bizi sevindirdilər. Biz də öz növbəmizdə onlara rus milli qaşıqları ilə oyunları öyrətdik. Vaxtımızı çox səmərəli keçirdik. Uşaqlar və onların valideynləri xoş sözlər dedilər və bu, bizim üçün böyük hədiyyədir ki, etdiklərimiz nəticəsiz qalmayıb”.
Olesya Şkreba: “Möhtəşəm dizaynla, texnoloji yeniliklərlə hər biri çox maraqlıdır. Gördüyüm ən təqdirəlayiq muzeylərdən biridir. Dənizkənarı bulvarda gəzdik. “Odlar yurdu”na yüksəklikdən də baxdıq. Çox möhtəşəm idi. Bundan əlavə, biz məktəblərdə də olduq. Məktəblilər çox açıqfikirli, ağıllı, şən, istedadlı, tərbiyəli idilər. Bu cür uşaqlarla işləmək, onların rus dilində həvəslə, sevərək Azərbaycan haqqında məlumat verdiklərini, Azərbaycan şairlərinin şeirlərini söyləmələrini, bizə görməli olduğumuz yerlər haqqında ruh yüksəkliyi ilə tövsiyələr vermələrini görmək böyük zövq verirdi. ”.
- Proqramı hazırlayarkən nəyi əsas tutmusunuz?
- Olesya Şkreba: “Bu işdə bizə İnstitutun əməkdaşları kömək edirlər. Azərbaycan Dillər Universiteti ilə A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun əməkdaşlığı mövcuddur. Ona görə də artıq burada rus dilinin tədris səviyyəsini, eyni zamanda bizdən gözləntiləri və tələbləri bilirlər. Bu ekspedisiyaya gələndə bilirdik ki, məktəblilər və tələbələrlə çalışacağıq. Bizə tələbələrin rus dilini yenicə öyrənməyə başladıqlarını demişdilər. Tədris metodikasında isə institutun müəllimləri bizi müşayiət edirlər. Burada olduğumuz ikinci gün institutunun Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının dosenti Tatyana Kudayarova tədris strategiyasının qurulmasında, dərs planlarının hazırlanmasında bizə kömək etdi. Proqram həmişə auditoriyaya əsasən hazırlanır və faydalı olacağımız tərəfdən hərəkət edirik”.
- ADU-nun tələbələrinin rus dili biliklərini və fəallığını necə qiymətləndirirsiniz?
- Olesya Şkreba: “Tələbələr inanılmaz dərəcədə fəaldırlar. Keçirdiyimiz viktorinada bütün zal doldu. Alma düşməyə yer qalmamışdı. Hətta müəllimlər də iştirak edirdi. Çox fəal auditoriya idi. Sualları səsləndirmək üçün ucadan qışqırmalı olurduq. Rus dilində təhsil alan tələbələr dili olduqca yaxşı bilirdilər. Azərbaycan dilində təhsil alan tələbələrdə isə bir az fərqli idi. Eynilə məktəblərdə də dil biliyi şagirddən şagirdə fərqlənir. Digər fənlərdə olduğu kimi kimsə asan qavrayır, kimsə çətin, kimsə çox vaxt sərf edir, kimsə az vaxt, kimsə həvəslə oxuyur, kimsə biganə yanaşır”.
Aygül Şamsutdinova: “Hər ölkədə olduğu kimi şagirdlər və tələbələr arasında fərq var. Hətta bir dərsi eyni səviyyədə keçsən belə, kimsə onu tezliklə mənimsəyir, kimsə çətinlik çəkir. Bu da normal haldır”.
- Burada rus dili öyrətdiyiniz tələbələrlə gələcəkdə hansısa layihələr düşünürsünüzmü?
- Olesya Şkreba: “Çox istərdik ki, əməkdaşlığımız davam etsin. Universitetin rektoru akademik Kamal Abdulla ilə də görüşdə bir çox məsələlər haqqında müzakirələr apardıq. Amma hələ ki, kartları açmayacağıq. Bunu sirr olaraq saxlayacağıq. Lakin əməkdaşlığımız davamlı olacaq və inkişaf edəcək”.
Aygül Şamsutdinova: “”Dünyada rus dili səfirləri” ən azı il ərzində iki dəfə ekspedisiyaya gələcəklər. Bununla da, səfirlər və şagirdlərin, tələbələrin yenidən görüşmək, dərslər keçmək, müxtəlif forumlarda iştirak etmək imkanı olacaq. Düşünürəm ki, əgər biz tələbələr bu cür yaxşı işləməyə başladıqsa, həmin tələbələrlə digər səfirlər də işləməyə davam edəcəklər. Ona görə də sağollaşmırıq”.
Xədicə Əliyeva
Mətbuat xidməti şöbəsinin məsul redaktoru