XƏBƏRLƏR

Həyat eşqi, oxumaq şövqü, öyrənmək həvəsi... - tələbə Aynur

22 oktyabr, 2018

Ümid nədir? Ümid buludların arxasından çıxan gün işığı, insanın həyatda yaşamaq səbəbidir. Hər bir insanın ümidi fərqli olar, ancaq hər kəs bu həyatda ona çatmaq üçün yaşar. Bu ümidə çatmağın yolu çox zaman təhsildən keçər. Xüsusən əngəllərdən xilas olub uçan quştək azad olmaq istəyən insanlar üçün. Kimdir bu insanlar? Həyat marafonunda digərlərindən bir addım geridə başlayanlar və ya bir addım geridə qalmağa məcbur edilənlər.

Həqiqətən həyat böyük bir marafondur, insanlar isə bu qaçışda bir-birini keçməyə çalışır. Bəs bu marafonun sonu haradadır? Sonu yoxdur. Sonu olmamağı onu digərlərindən fərqləndirir. Ancaq insanlar ölənə kimi qaçmazlar, müəyyən vaxtdan sonra yeriməyə başlarlar. Nə vaxt? Öz daxilində marafonun sonuna çatdığını hiss edəndə, yəni qəlblərində saxladığı o arzu və ümidə çatanda. Həyat marafonunda digərlərindən bir addım geridə başlayanlar və ya bir addım geridə qalmağa məcbur edilənlər isə həmişə qaçarlar, amma yenə də geridə qalarlar. Maraqlısı da budur ki, bu insanlar üçün finiş xətti kimdənsə asılı olmayıb öz ayaqları üzərində güclü dayandıqları zaman görünür. Bəli, fiziki qüsurlu olaraq dünyaya göz açan və ərkən nikahın qurbanı olan, sadəcə qız olduğu üçün ikinci plana atılan insanlar üçün tək arzu öz ayaqları üzərində dayanmaq və kimdənsə asılı olmamaqdır. Bu arzuya çatmağın tək yolu isə təhsilə yiyələnməkdədir.

***

Aynur Xəlfəyeva da həyat marafonunda digərlərindən bir addım geridə başlayanlardandı, ancaq indi o, Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsi üzrə təhsil alan 810 tələbədən biridir. O, dünyaya görmə qüsurlu olaraq göz açsa da, qaranlıqlardan ibarət həyatı atası Fəxrəddin Xəlfəyevin ona uzatdığı ümid şamı ilə aydınlandı. İndi onun üçün finiş xətti universiteti bitirib alman dili müəllimi olub, özü kimi bir çox görmə qüsurlu tələbənin həyatına işıq tutduğu gün görünəcək.

   Görmə qüsurlu bir gəncin tələbə adı alması və bu adın mənsuliyyətinin öhdəsindən gəlməsi heç də asan deyil. Hələ də qaranlıq dünyasını aydınladan tək şey öz valideynlərinin səsi olanda. Bir gün qızının yanında ola bilməyəndə özünü zülmət boşluqda hiss etməsin deyə, atası Aynurun əllərini buraxıb “Sağlamlığı məhdud uşaqlar üçün 5 saylı internet məktəbi”nə göndərdi. On iki illik təhsilini 2015-ci ildə tamamladıqdan sonra Universitete imtahan verdi Aynur. Dövlətimizin fiziki qüsurlu gənclərə həmyaşıdlarından geridə qalmamasına görə təmin etdiyi şərait nəticəsində o, tələbə adını qazana bildi. İndi Aynur dörd illik təhsili müddətində dərs vəsaitlərinin çoxunun görmə qüsurlu bir tələbənin oxuması üçün çətin olmağına baxmayaraq müəllimlərinin, tələbə yoldaşlarının və ailə üzvlərinin köməyi ilə bütün dərslərini yüksək səviyyədə məsimsəməklə öz gələcək arzusuna doğru inamla addımlayır.

Aynurun həyatını bir qədər göz önümüzdə canlandıranda özümüzü suallardan ibarət bir yağışın altında hiss edirik. Hər bir sualda biz həm onun həyatı ilə maraqlansaq da, digər tərəfdən bir anlıq özümüzü onun yerinə qoyub “onun kimi güclü ola bilərikmi?” deyə düşünürük. Bu düşüncələr mənim də fikir süzgəcimdən keçdi. Ancaq onunla tanış olduğum zamandan bəri hər görüşümüzdə ona olan heyranlığım daha da artır. Xüsusən də dərslərində göstərdiyi nəticələr haqqında eşitdikdə. Görmə qüsurlu olmasına baxmayaraq, ümumi ortalaması 80-dan yuxarıdır, həm də “Ədəbiyyat tarixi” fənnindən imtahana 48-lə girib 50 ilə çıxması, sosial şəbəkələrdən fəal şəkildə istifadə etməsi, dostları ilə bir yerdə dərsdən kənar vaxt keçirməsi iradəli bir insan üçün fiziki qüsurların həyatında bir əngələ çevrilməsinə icazə vermədiyinin ən bariz bir nümunəsidir. Onunla tanışdıqda bir məsələni daha yaxşı anladım ki, bir qız üçün ən böyük dayaq atası, qardaşı və yoldaşı deyil, təhsildir. Çünki ata öz dünyasını dəyişəndə, qardaşı ondan üz çevirəndə, yoldaşı ona xəyanət edəndə o dayaqsız qalacaq, ancaq təhsili olanda ölənə kimi bu ona kömək olub, ən qaranlıq gecədə şam işığı tək yolunu aydınlaşdıracaq. Buna görə də qızlarımızı seviriksə, indiki dövrdə onları qorumaq istəyiriksə, yalnız onlara təhsil verməklə əbədi sönməyəcək bir şam verə bilərik. Yoxsa tale öz oyununu oynayanda qaranlıq gecədə korun iynə ucu qədər işığa ehtiyacı olduğu kimi onların da işığa ehtiyacı olacaq. Əgər biz övladlarımızın bu qaranlıqda yollarını itirməyini istəmiriksə, o zaman bir valideyn kimi əlinə yanan bir şam uzatmalıyıq.

   Biz çox vaxt təhsilin gücünü, əhəmiyyətini tam başa düşmürük. Bunu anlamaq üçün dayandığımız nöqtədən ətrafa nəzər salmağımız kifayət edər. O zaman hər bir incə ayrıntıda təhsilin, elmin bizim həyatımızda necə bir rola malik olduğunu, yəni ətrafda gördüyümüz hər bir cihazda təhsilli, elmli bir insanın varlığını görəcəyik. Yaxud da fiziki qüsurlu olmasına baxmayaraq dünyaca məşhur olan  Vinni Xarlou, nəzəri fizikanın əsasını qoyan Stiven Xoker, Silvestor Staloni, Viktoriya Modesta, Piter Dinkleyc, Ceymi Bruyer, Forest Uitaker və b. kimi şəxsiyyətlər əgər fiziki qüsurlu olmaları səbəbilə dörd divarın arxasında gizlənsədilər, indi onları heç kim tanımazdı. Fiziki qüsurlu olmaq həyat marafonunda finiş xəttinə doğru addımlaya bilməyəcək demək deyildir.


  Kəmalə Həsənova. Filologiya və Jurnalistika fakültəsi, 334-cü qrupun tələbəsi