Onlar ADU-nun tələbəsi olmaq istəyirlər - Beynəlxalq təhsil sərgisindən REPORTAJ
Bakı Expo Mərkəzi 12-ci Beynəlxalq Təhsil Sərgisinə ev sahibliyi etməklə təhsil sistemimizdə olan uğurların mənbəyinə və qarşıdakı hədəflərə işıq salırdı.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi 12 ölkədən 130-dan çox iştirakçını bir araya gətirib və hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkanlar yaradırdı.
Sərgi iştirakçıları bilavasitə təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət qurur, qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə suallar verir, eləcə də müəssisələrin reytinq və ixtisaslaşmalarını öyrənmək imkanına malik olurdular.
Ziyarətçilər Azərbaycan Dillər Universitetinin (ADU) stendi ilə də çox ciddi şəkildə maraqlanırdılar. Universitetin təmsil olunduğu pavilyondakı informasiya stendində tələbələrimiz sərgi iştirakçılarına ADU-nun imza atdığı uğurlu layihələrdən – “Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş I Beynəlxalq Konfrans”, “Qaçqın məktəblərində pedaqoji təcrübə”, “Bir günlük xəlifə” və s. söz açır, universitetdə fəaliyyət göstərən mərkəzlərdən danışırdılar.
Tədbir bu il də çox yüksək səviyyədə təşkil olunmuşdu. Təhsil pavilyonlarına nəzər saldıqda ADU-nun stendinin qarşısındakı aktivlik də göz qamaşdırdı.
Bu arada, sərgi iştirakçıları ilə də söhbətləşməyə imkan tapırıq.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Almomedov Emil bildirir ki, xarici dillərə olan marağı onu Azərbaycan Dillər Univeritetinə daha da yaxınlaşdırır: “Sərgi həqiqətən də yüksək səviyyədə təşkil olunub. Bir çox universitetlə tanış olmuşam, amma xarici dillərə olan marağıma görə Azərbaycan Dillər Universiteti ilə daha ciddi maraqlanmağa başlamışam. Xeyli məlumatlar əldə etmişəm. Son illərdə ADU-nun
fəaliyyətini çox yüksək qiymətləndirirəm. Stendlər və informasiya çox yaxşıdır, ona görə ki, biz qəbul imtahanından əvvəl və ya sonra həyatımızı dəyişəcək universiteti indidən müəyyənləşdirə bilirik. Seçimimdə Azərbaycan Dillər Universiteti daha ön sıralarda olacaq”.
Beynəlxalq sərgidə şirkət nümayəndələri, marketoloqlar da çox fəaldırlar.
Sonra “Azecolab” şirkətinin satış və marketinq üzrə mütəxəssisi Günel Həsənova ilə söhbətləşdik. Marketoloq bildirir ki, beynəlxalq təhsil sərgisindən şirkətlər də ciddi şəkildə faydalanırlar: “Beynəlxalq sərgi əməkdaşlıq edə biləcəyimiz təhsil müəssisələri və digər şirkətlərlə daha yaxından tanış olmağımız üçün böyük şansdır. Sərgidə xarici universitetlər də təmsil olunur. Azərbaycan Dillər Universiteti də bu sahədə çox böyük potensiala malikdir. Bir çox xarici dillər tədris olunur, mərkəzlər fəaliyyət göstərir. Universitetin işini mətbuatdan da izləyirik. Şirkətlər öz əməkdaşlarının xarici dil səviyyələrini daha da inkişaf etdirmək üçün çalışırlar. Düşünürəm ki, ADU-nun bugünkü fəaliyyəti onlar üçün böyük şansdır”.
262 saylı məktəbin 10b sinif şagirdi Bağırova Günel Azərbaycan Dillər Universitetini seçəcəyini bildirir:“III qrupa hazırlaşıram, İngilis dili müəlliməsi olmaq istəyirəm. ADU-nun stendi ilə tanış olmuşam. Universitetin özəlliyi çoxdur. Xarici dillərə marağım olduqca böyükdür. Multikultural ölkədə yaşayırıq, müxtəlif ölkələrdən nümayəndələr Azərbaycanda qonaq olurlar. Xarici insanlarla münasibət qurmağı sevirəm. Düşünürəm ki, dil biliklərimi artıraraq ölkəmə ciddi şəkildə xidmət edə bilərəm. Beynəlxalq sərgi bizim dünya görüşümüzü daha da artırır. Sərginin davamlı olmasını ürəkdən arzulayıram”.
Sərgi iştirakçıları arasında Azərbaycan Dillər Universitetinin tələbələri də var idi. Maraqlıdır, görəsən, təhsil sərgisində ADU-nun təqdimatı tələbələrimizi qane edirmi? Bu sualın cavabı tapmaq üçün universitetin ADU-nun IV kurs tələbəsi Afaq Məmmədova ilə söhbətləşdik. Afaq bildirir ki, sərgidə digər yerli və xarici universitetlər təmsil olunsa da, ADU onun üçün daha cəlbedicidir:“Bu cür sərgilərin keçirilməsini hər il səbrsizliklə gözləyirəm. Bir çox universitetlərin fəaliyyəti ilə tanış oldum, xarici universitetlərin təhsil proqramları ilə maraqlandım. Etiraf edim ki, doğma universitetimiz bu il daha rəngarəng təmsil olunur. ADU-da son bir il ərzində çox önəmli tədbirlər keçirilib. Bu layihələrdə iştirak etməyimiz bizi çox qürurlandırır. Stenddə də demək olar ki, əksər layihələr öz əksini tapıb”.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin daha bir şagirdi - Rəhim Bədəlzadə ilə söhbətimizi davam etdirirdik. Rəhim qeyd edir ki, Azrbaycan Dillər Universiteti son illər ərzində xarici dillər sahəsində son dərəcə inkişaf etmiş təhsil müəssisəsidir: “Mən 11-ci sinifdə təhsil alıram. Bildiyiniz kimi, qəbul imtahanına hazırlaşırıq. Bir az öncə ADU-da tədris olunan xarici dillərlə maraqlandım. Məni daha çox serb dili maraqlandırır, bu dil ölkəmizdə daha az danışılan bir dildir. Mənim üçün çox xoşdur ki, serb dili artıq Azərbaycanda tədris olunur. Bu çox önəmli bir məsələdir. Hətta məlumatlıyam ki, bu il Serbiya prezidentinin iştirakı ilə Azərbaycan Dillər Universitetində Serb dili və mədəniyyəti mərkəzinin də açılışı olub. Belə bir universitetin ölkəmizdə olması və fəaliyyəti qürurvericidir. Hazırda imkanlarımı və maraqlarımı nəzərə alsam, seçəcəyim universitetlər arasında Azərbaycan Dillər Universiteti 1-ci və 2-ci yerdə dayanır”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sabah qruplarının II kurs tələbəsi Günəş Bağırovanın hind dili və mədəniyyətinə olan sevgisi onu Azərbaycan Dillər Universitetinə çəkir: “Sərgidə öz ixtisasımla bağlı stendlərə baş çəkmişəm, indi isə Dillər Universitetinin stendi ilə maraqlanıram. Çünki hind dilinə olan marağım həqiqətən də böyükdür. Abituriyent vaxtlarımdan ADU hindşünaslıq ixtisası ilə bağlı mənim planımda var idi. Bu cür mötəbər tədbirlərin təşkil olunması təqdirəlayiqdir, çünki bizim əlaqələrimizi daha da genişləndirir”.
Sonda Azərbaycan Dillər Universitetinin pavilyonunda iştirakçıları informasiya ilə təmin edən ADU-nun IV kurs tələbələri Nicat Aşurov və Rəna Süleymanlı ilə həmsöhbət olduq. Bildirildi ki, sərgi iştirakçıları arasında abituriyentlər daha üstünlük təşkil edir: “Universitetimizdə fəaliyyət göstərən mərkəzlər, tədris olunan dillər, keçirilən layihələr onları daha çox maraqlandırır və deyərdik ki, həm də cəlb edir. “Bir günlük xəlifə” layihəsi ilə tək şagirdlər deyil, digər universitetlərin tələbələri də çox ciddi maraqlanırlar. Hətta qeyd etmək istəyirik ki, dünən açılış mərasimində iştirak edən Təhsil naziri cənab Ceyhun Bayramov universitetimiz tərəfindən keçirilən layihələrlə maraqlandı, xüsusilə də pedaqoji təcrübənin rayon qaçqın məktəblərində keçirilməsi onun diqqətini cəlb etdi və qeyd etdi ki, bu layihənin digər universitetlərdə də keçirilməsi təqdirəlayiq addım olar”.
Şahin Sərdarlı