XƏBƏRLƏR

İndoneziyada təcrübə keçən tələbəmiz təqdimatla çıxış edib

18 oktyabr, 2018

Azərbaycan Dillər Universitetində (ADU) İndoneziyanın Təhsil və Mədəniyyət Nazirliyinin təklif etdiyi Darmasisva təqaüd proqramı çərçivəsində İndoneziyanın Bandunq şəhərində yerləşən Mədəniyyət və İncəsənət İnstitutunda bir illik təcrübə keçən Özləm Soytürk təqdimatla çıxış edib. 

ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Ö.Soytürk təqdimatında İndoneziyada keçdiyi təcrübə ilə bağlı təəssüratlarını həmin ixtisas üzrə təhsil alan tələbələrlə bölüşüb.

Ö.Soytürk təcrübə müddətində orada öyrəndiyi İndoneziya mədəniyyət nümunələri və milli rəqslər haqqında danışıb. O, həmçinin səfər etdiyi İndoneziyanın görməli yerləri, beynəlxalq mədəniyyət festivallarından söz açıb. Azərbaycanı layiqincə təmsil edən tələbəmiz tələbələrə təcrübə keçdiyi təqaüd proqramı haqqında, şərtləri və müraciət formaları, üstün cəhətləri haqqında da məlumat verib.

Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə 2010-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin 12 nəfər tələbəsi İndoneziyada təcrübə keçib.