XƏBƏRLƏR

ADU əməkdaşları Novosibirsk Beynəlxalq Konfransında iştirak edib

18 oktyabr, 2018

Bu ilin oktyabrın 8-10 tarixlərində Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Filologiya İnstitutunun Azərbaycan Dillər Universiteti və Azərbaycan Dillər Universiteti ilə birgə keçirdiyi “Sibir xalqlarının və həmsərhəd bölgələrin dilləri: eksperimental və tətbiqi dilçiliyin aktual problemləri “ mövzusunda beynəlxalq konfrans keçirildi. Novosibirskdə təşkil olunan Beynəlxalq Konfransda üç  gün ərzində 55 məruzə dinlənilərək müzakirə edildi.

 Konfransda Azərbaycandan üç nəfər- prof. H.M.Zərbəliyev, dos. C.M.Babayev və bu jurnalın təsisçisi və baş redaktoru, REA SB Filologiya İnstitutunun çap etdirdiyi „Sibirin köklü xalqlarının dilləri və folkloru “ jurnalının Redaksiya Şurasının üzvü seçilmiş F.Y.Veysəlli iştirak edirdi. Bizim hər üçümüz Beynəlxalq Konfransın plenar iclasında məruzə ilə çıxış etdik. F.Y.Veysəlli „Tətbiqi dilçiliyin müasir vəziyyəti“, prof. H. M. M. Zərbəliyev “Həmcins üzvlərin serializasiyası„ və dos C.M.Babayev “ Türk dillərinin aksentoloji səciyyəsi (Azərbaycan dilinin materialı əsasında) „  mövzularında məruzə etmələri Azərbaycan dilçilyinin dünya miqyasına çıxmasına bir sübutdur. Qeyd edək ki, prof. H.M.Zərbəliyev və mən konfransın Təşkilat Komitəsinin üzvləri salınmışdılar.

Konfransdan bir gün əvvəl Filologiya İnstitunun Elmi Şurası keçirildi və həmin iclasda Çukot- Kamçatka dilləri üzrə görkəmli mütəxəssis A.A.Malsevanın unudulmaz xatirəsinə həsr olunmuş 3 məruzə dinlənildi. Sonra bu gənc alimin həyatından bəhs edən film nümayiş etdirildi.

Sonrakı gün plenar iclasda çıxış edərək Fİ-nin direktoru f.e.d. prof. İ.V.Silantyev konfrans iştirakçılarını təbrik edərək onlara elmi yaradıcılıqda uğurlar arzuladı.

Bundan sonra mən qısa giriş sözündə Filologiya İnstitutu ilə bizim Universitet arasında 2014-cü ildə qarşılıqlı əməkdaşlıq haqqında  imzalanmış sazişin əhəmiyyətindən danışdım  və ADU–nun rektoru akad. K.M.Abdullayevin təbriklərini konfrans iştirakçılarının diqqətinə çatdırdım. Məruzə edərək bildirdim ki, bu gün tətbiqi dilçilik, nəinki humanitar, həm də texniki sahələrdə geniş vüsət almaqdadır. O, əlifbaların tərtibindən tutmuş nitq siqnalları əsasında danışanın şəxsiyyətini müəyyənləşdirməyə qədər məsələləri əhatə edir. Həm mən, həm də bizim əməkdaşlar məruzələrini slaydların nümayişi ilə oxuduqlarından onlara maraq olduqca böyük idi. Prof. H.M. Zərbəliyev müxtəlif dillərin materialları əsasında cümlələrdə morfem və söz hissələrinin buraxılaraq dildə danışanların qənaətə nail olduqlarını əyani misallarla nümayiş etdirdi. Dos. C.M.Babayev isə türk dillərində sözün ikizirvəliliyi nəzəriyyəsindən danışaraq konfrans iştirakçılarının diqqətini Azərbaycan dilçiliyinin nəzəri işləmələrinə cəlb etdi.

Qeyd edim ki, bizim əməkdaşlar, xüsusilə mən və prof. H. Zərbəliyev kon­fransda çox fəallıq göstərir, müzakirəyə çıxarılan mövzular haqqında çoxlu sual verir və dəqiqləşmələr aparırdıq ki, bu da Konfrans iştirakçılarında xoş ovqat yaradırdı.

Konfransdan sonra əməkdaşlarımız səfalı Altay bölgəsinə səyahət etdilər.

Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli