XƏBƏRLƏR

Cəmilə Əliyeva: “Tələbələrin təklif və iradları bizim üçün çox önəmlidir”

23 oktyabr, 2018

Azərbaycan Dillər Universitetinin kitabxanası tələbələrin sevimli yeridir. Burada təkcə dərsliklərdən istifadə etmirik, eyni zamanda dünya və Azərbaycan ədəbiyyatının vacib kitablarını oxumaq imkanı qazanırıq. Kitabxanamız haqqında suallarıma cavab tapmaq üçün bu doğma yerə yollandım. Əlbəttə, böyük dəyişikliklər gözümdən yayınmadı. Əvvəllər foye kimi fəaliyyət göstərən yerlər artıq oxu zalına çevrilib. Burada dünya ədəbiyyatının, o cümlədən, milli ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında məlumatları özündə əks etdirən lövhələr hazırlanıb. I-II mərtəbələrdə təşkil olunan oxu zalları bir-biri ilə harmoniya təşkil edir. Səhər saatlarında getməyimə baxmayaraq, oxu zalında tələbələrin mütaliə ilə məşğul olduqlarının şahidi oldum.Geniş məlumat almaq üçün kitabxananın müdiri vəzifəsini icra edən Cəmilə Əliyevanın otağına yaxınlaşdım. İlk tanışlığımız olduğu üçün öncədən tələbələrdən Cəmilə xanım haqqında məlumat toplamışdım. Tələbələr onu səmimi, gülərüz insan kimi xarakterizə etmişdilər.

Beləliklə, Cəmilə Əliyevanı dinləyək: 

-Universitetimizdə 10 ildən çoxdur çalışıram. 2017-ci il noyabr ayından direktor müavini olaraq fəaliyyətə başlamışam.ADU-nun kitabxanası zəngin kitabxana fonduna malikdir. Kitabxananın fondunda ümumilikdə 462 mindən çox kitab var. Geniş oxucu auditoriyasına malik olan universitet kitabxanası professor-müəllim heyətinə, tələbə kontingentinə və bütün texniki işçilərə xidmət edir. Hazırki vəziyyətdə kitabxanada oxucularının sayı 7436 sayda, oxucu xidməti 48421 sayda, kitab verilişi  892268 saydadır. Kitabxanaya təyin olunduğum ilk gündən məqsədim kitabxananın elektron kataloqunun oxucu istifadəsinə verilməsini işlənib hazırlanması olub.Yəni vaxt itirmədən oturduğu məkandan axtardığınız kitabın fondda olub-olmadığını öyrənə biləsiniz. Kitabxanamızda hansı kitabların olduğunu oxucu öyrənməsi üçün “adu.edu.az.elektron kitabxana” ünvanında kataloq bölməsində axtarış edə bilərlər. Kitabların elektron variantını hazırlamaq bizim planımızın ilkin bünövrəsi deməkdir. Bu ilin mart ayından başlayaraq ADU-nun Dspase rəqəmsal arxivini yaratmışıq. Bu, Azərbaycan Dillər Universitetinin rəqəmsal materiallara açıq çıxışını genişləndirərək rəqəmsal aktivləri, intellektual məhsulu toplamaq, qorumaq və yaymaq məqsədi daşıyır.Layihənin uğurlu alnmasında istirahət saatlarından istifadə edərək bizə yaxından kömək edən İKT-nin baş mütəxəssisi Toğrul Şirinova minnətdarıq. Dspase rəqəmsal arxiv Xəzər Universitetində və Bakı Ali Neft Məktəbində də tətbiq olunur. Sözügedən arxiv ingilis dilində olan verilənlər bazasıdır ki, bunu bizim kitabxana özəlləşdirib ilk dəfə Azərbaycan dilinə çevirib. Bu bizim uğurlu işimizdir.

- Cəmilə xanım, bilirəm ki, tələbələr təkcə dərsliklərlə kifayətlənmirlər, eyni zamanda bədii ədəbiyyat da oxuyurlar. Bu haqda nə deyə bilərsiniz?

- Tələbələrimiz tədris prosesi ilə əlaqədar olaraq kitabxanamıza dərsliklər üçün müraciət edirlər. Həmçinin dərs vəsaitlərinin içərisində olan bədii ədəbiyyat nümunələrindən də  istifadə edirlər. Bununla yanaşı, bədii ədəbiyyat nümunələrinə tələbələrimiz daha çox oxu zallarında müraciət edirlər və evdə oxumaq üçün də kitablar götürürlər.

- Sizcə, tələbələrimiz bütün dərslikləri, yaxud digər nəşrləri kitabxanamızdan əldə edə bilirlər?

-Universitetimizdə müxtəlif dillər tədris olunduğu üçün kitabxanada bir çox xaricidilləri əhatə edən kitablar var. Bunun nəticəsində də fondumuz zəngindir. Bildiyiniz kimi rektorumuz akademik Kamal Abdullanın tapşırığı ilə tələbələrin dərslik və dərs vəsaitləri ilə təmin olunması layihəsi uğurla həyata keçirilir. Belə ki, kitabxana fondunda çatışmayan dərsliklər alınıb istifadəyə verilib və bu proses mərhələli şəkildə davam edir.Fondumuzda olmayan kitabları xüsusi sifarişlə “Kitabxanalarla Mübadilə Fondu” vasitəsi ilə universitet kitabxanalarından əldə edirik. Bu fond vasitəsi ilə biz M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq edirik. Milli Elmlər Akademiyasının kitabxanasından isə tədqiqat məqsədi ilə istifadə olunan ədəbiyyatları əldə edib qısa müddətdə tələbələrimizin, habelə müəllimlərimizin istifadəsinə veririk.

- Klassik, yoxsa müasir dövrün ədəbiyyat nümunələrinin tələbələr tərəfindən oxunmasını istərdiniz?

- Düşünürəm ki, yaradıcılığı müasir dövrə təsadüf  edən müəlliflər yetərincə reklam olunurlar. İstərdim, tələbələrimiz klassik ədəbiyyat nümunələri ilə yaxından tanış olsunlar, oxusunlar. Çünki klassiklərimiz mənəvihəyat, o cümlədən yaradıcılıq üçün böyük mənbədir.

 - Universitet daxilində kitabxananın təbliğinin aparılmasına ehtiyac varmı?

- Əslində müasir dövrdə bütün sahələrdə işin effektivliyini artırmaq üçün təbliğat və təqdim etmək mütləqdir. Biz bunu dəstəkləyirik. Kitabxanadakı yeni kitabların, daha çox istifadə olunan vəsaitlərin, yeni ədəbiyyatın təbliği üçün hər oxu zallarında xüsusi güşələr tərtib edilir, rəsmi “facebook” səhifəmiz vasitəsi ilə informasiyani tələbələrə çatdırırıq. Kitabxanamızda keçirilən kitab təqdimatlarını, kitab sərgilərini mətbuatda işıqlandırırıq.

Bəs kitabları oxuması, sevməsi üçün tələbələrə hansı fikirlər təlqin edilməlidir?

- Bilirsiniz, mənim kitabxana sahəsində təcrübəm yetərincədir. Ali təhsil kitabxanasında otuz ildir çalışıram və oxucu kütləsinin marağı mənə məlumdur. Universitet  kitabxanasının qarşıda duracaq vəzifələri böyükdür. İstərdik ki, tələbələr kitablara  yalnız “kitabı aldım, oxudum və geri qaytardım” konsepsiyası ilə yanaşmasınlar. Biz belə bir ideyanı həyata keçiririk: kitabxananın auditoriyaya daxil olması, yaxınlaşması üçün yeni layihə işləyirik.Məqsəd oxucuların bir daha kitabxananı kəşf etməsi, oxucu-kitabxanaçı münasibətlərinin doğmalaşması və kitabxananın yenidən qurulması üçün gənclərin ideyalarından yararlanmasıdır. Məqsədlərin müsbət reallaşdırılması üçün xüsusi informasiya saatları həftə içi hər gün saat 13:00-dan 14:00-dək oxu zallarımızda təşkil olunub. Tələbələrimiz informasiya masasına yaxınlaşaraq onları maraqlandıracaq istənilən sualı ünvanlaya bilərlər. Biz də öz növbəmizdə onların suallarını məmnuniyyətlə cavablandıracağıq. ADU-nun  kitabxanası tələbələrə bir çox tədris materialları ilə yanaşı, həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir.

-Tələbələrimiz kitabxana ilə bağlı hansı təklif və iradlar irəli sürürlər?

- Onların təklif və iradları bizim üçün çox önəmlidir. Gənclərimizdə məntiq və ideya çox yüksək olur. Biz də onların təkliflərini dəyərləndirməyə çalışırıq. Məsələn, tələbələr  tanınmış bir yazıçı ilə toplantılar keçirmək, yaradıcılıq günləri təşkil etmək, yaxud tarixi günlərlə əlaqədar tədbirlər təşkil etmək kimi təkliflər irəli sürürlər. Onların da təklifləri  bizim işimizin stimuludur.

-Tələbələr kitabları korladıqları və ya itirdikləri zaman hansı cəza tədbirləri həyata keçirilir? 

- İstifadə olunanda təbii ki, kitablar deformasiya olur. Amma kitabların yazılması, altından xətt çəkilməsi, qatlanması kimi halları kitabxanaçılar sevmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il 156.26 qərarına əsasən istifadəçi yararsız hala salınmış kitabın eyni adlı nüsxəsini qaytarmalı, yaxud 10 mislini ödəməlidir. Lakin biz həmişə tələbələrə imkan daxilində bu mövzuda güzəştlər edirik.

 -Kitabxananın müdir əvəzedicisi vəzifəsində çalışdığınız müddətdə tələbələrlə bağlı yadda qalan hansı hadisə olub?

- Sözün düzü, mən onları qeyd etməmişəm. Tələbələrlə işləmək həm məsuliyyəlı, həm qürür verici , həm də hər günü belə xoş xatirədir. Tətil vaxtları adətən kitabxananın daxili işlərini səhmana salırıq.Yəni fondun düzülməsi, yerinin dəyişdirilməsi və digər işlərimizi həyata keçiririk. İşin çoxluğuna baxmayaraq tətil vaxtı kitabxana sanki darıxdırıcı görünür. Mən də daxil olmaqla bütün kitabxana kollektivi etiraf edir ki, tələbələr universitetin, həmçinin kitabxananın yaraşığıdır. Biz tələbələr üçün çalışırıq. Əgər onlar olmasa, kitabxana öz missiyasını yerinə yetirə bilməz.

İnnab Ağazadə

Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbəsi