XƏBƏRLƏR

Fransa prezidentinin tərcüməçisi: “Dillər Universiteti mənə qapılar açdı, gözəl dostlar qazandırdı”

17 oktyabr, 2018
"“Bahadır və Sona” əsərini Fransanın keçmiş prezidenti Fransua Ollanda təqdim etmişəm"
“Hazırda 15 Azərbaycan hekayəsinin tərcüməsini bitirmişəm. Bunlardan biri də akademik Kamal Abdullanın “Adaşlar” hekayəsidir. Bu hekayəni fransız dilinə tərcümə etmişəm”

Sirr deyil ki, hər bir tələbə üçün yaxşı məzun olmaq, tələbəlik həyatından sonra aldığı təhsilə uyğun şəkildə həyatda layiqli yerini tutmaq həm də cəmiyyət qarşısında ciddi bir öhdəlikdir. Bu baxımdan, layiqli nümunələrimizin sayı nə qədər çox olarsa, deməli, bütün sahələrdə uğurlarımız da bol olacaq, gələcəyə daha ümidlə baxacağıq. Belə məzunlarımızın daha geniş şəkildə cəmiyyətə, əsasən də gənclərə tanıdılması, onların həyat yolunun yaxşı bir nümunə kimi təbliği çox vacibdir. Azərbaycan Dillər Universitetinin adu.edu.az rəsmi saytında başladığımız “Fəxri məzunumuz” layihəsinin məqsədi də budur. Artıq məzunlarımızın fəaliyyəti ilə daha yaxından tanış olacaq və onlardan təhsilimiz, həyatımızla bağlı önəmli tövsiyələr eşidəcəyik.

Layihəmizin ilk qonağı Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AIIC) ilk azərbaycanlı üzvü Elvin Abbasbəylidir.

Elvin Abbasbəyli Neftçala rayonunda müəllim ailəsində dünyaya gəlib. Orta təhsilini Neftçala şəhər Əlif Piriyev adına 2 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan Dillər Universitetinin fransız dili tərcümə fakültəsində alıb. Sinxron tərcümədə Azərbaycan, fransız, ingilis, rus və türk dillərilə işləyir, yazılı tərcümədə isə bu beş dildən əlavə ispan, italyan və alman dillərindən də tərcümələr edir.

Müsahibimizin fransız dilinə olan marağı qəzetlərdən birində məşhur sinxron tərcüməçi Pavel Palajçenkonun Qorbaçov və Reyqan ilə şəklini gördükdən sonra yaranıb. İllər keçib, indi onunla həmkardırlar və tez-tez Avropa Şurasında eyni iclaslarda tərcüməçilik edirlər.

Məzunumuz Azərbaycan Dillər Universitetinin son kursunda Fransa Səfirliyində bir aylıq təcrübə keçib və o zamankı səfir Jan-Pyer Ginütün etimadı sayəsində xarici işlər naziri və digər nazirlərlə görüşlərdə tərcüməçilik edib. Fransa hökumətinin verdiyi təqaüdlə Strasburq Universitetinin nəzdindəki Yazılı və Sinxron Tərcüməçilik və Beynəlxalq əlaqələr İnstitutunda (ITI-RI) ilk öncə yazılı tərcümə, daha sonra sinxron tərcümə üzrə master diplomu alıb. Bundan sonra peşə fəaliyyətilə yanaşı Strasburq Universitetində tərcüməşünaslıq üzrə elmi iş yazıb və ötən il  müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Doktorluq işinin mövzusu “Osmanlı İmperiyası və Rus çarlığı arasında 1774-cü ildə imzalanmış Küçük Kaynarca müqaviləsinin terminologiyasının analizi və tərcüməçilərin bu prosesdə oynadığı rol” olub. O, bildirir ki, bu müqavilə üç dildə - Osmanlı türkcəsi, rus və italyan dillərində hazırlanıb. Elmi işində üç versiyanın və bir fransız tərcümənin qarşılıqlı şəkildə analizini aparıb.

Beləliklə, 17 il öncə Azərbaycan Dillər Universitetindən məzun olan Elvin Abbasbəylini eşidək.

-Elvin bəy, sizin haqqınızda mətbuatda dərc olunan yazılarla tanışam. Müsahibələrinizin birində qeyd etimisiniz ki, fransızcanı siz seçmədiniz, əksinə, o sizi seçdi. Deməli, fransızca sizi, siz də Azərbaycan Dillər Universitetini seçdiniz... ADU sizə nələri qazandırdı?

 -ADU sinxron tərcüməçi olmaq arzumun reallaşdırılmasında ilkin mərhələ rolunu oynadı və mənə tərcümə peşəsinin qapılarını açdı. Bundan əlavə, ADU-da indiyə qədər davam edən gözəl dostluqlar qazandım.

 -Bu gün dövlət başçılarının yanında Sizi görürük, gələcəkdə tərcüməçi olmaq istəyənlərə, eləcə də bizim ADU tələbələrinə örnəksiniz. Tələbəlik illərinə qayıtsaydınız, o 4 ildə çatdıra bilmədiyiniz nələri edərdiniz?

 -İllər çox sürətlə axıb gedir və insan hər zaman sonradan bunun fərqinə varır. Yenidən tələbə olsaydım, o vaxt öyrənməyə zamanımın olmadığı dilləri öyrənərdim.

 -Dövlət başçılarının rəsmi görüşlərindən birində Azərbaycan Respublikasının hazırkı Baş naziri Novruz Məmmədovla birlikdə şəklinizi gördük. Bildiyiniz kimi, Novruz müəllim Azərbaycan Dillər Universitetinin həm məzunu olub, həm də uzun müddətdir universitetdə çalışır. Görüşləriniz nə ilə yadda qalıb?

-Novruz müəllimlə ADU-da tələbə olduğum vaxtlar tanış olmuşdum. O zaman Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi idi. Bəhs etdiyiniz foto Fransa prezidenti ilə görüşdə çəkilib. İştirak etdiyim bir neçə görüşdə Novruz müəllim Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi kimi iştirak edirdi. Bəzən görüşdən sonra ayaqüstü söhbət edirdik. İllər öncə onu efir vasitəsilə Azərbaycan və Fransa prezidentlərinin görüşündə tərcüməçi qismində görürdüm. İndi isə mən tərcüməçilərdən biriyəm. Xatırlayıram, görüşlərdə Novruz müəllim məni həmişə diqqətlə dinləyirdi. Qəribə hisdir. O vaxt mənə bunu desəydilər, təbii ki, inanmazdım.

-Müəllimlik müqəddəs işdir, siz də bir müəllimsiniz. Universitetdə ən çox sevdiyiniz müəllimləriniz haqda danışmağınızı istərdik. Hələ də əlaqələriniz qalıbmı?

-1997-2001-ci illərdə ADU-nun bakalavr pilləsində “fransız dili -tərcümə” fakültəsində təhsil almışam. Sonra magistr pilləsinə qəbul olsam da, təhsilimi Fransada davam etdirməyə qərar verdim. Çünki o zaman Fransa hökumətinin təqaüdünü almaq və Strasburq Universiteti nəzdində Yazılı və Sinxron Tərcüməçilik və Beynəlxalq əlaqələr İnstitutunda (ITI-RI) magistr oxumaq şansım var idi. ADU-da tələbəlik illərimdə akademik Kamal Abdulla “Azərbaycan dili” fənnindən bizə dərs keçirdi. Sonra Slavyan Universitetinə rektor təyin olundu. Daha sonra müəllimimin Strasburqda konfranslarını tərcümə etmişəm. Bir dəfə Bakıda olarkən Slavyan Universitetində şəxsən görüşmüşük.

Dekanımız olan Vilayət Hacıyevlə “Facebook” üzərindən əlaqə saxlayırıq. Rəhmətlik Əziz Gözəlov fransız dilindən tərcümə üzrə əsas müəllimim olub. Bundan başqa, Çəmən müəllimə, Dürsədəf müəllimə, Cəbrayıl müəllim, Əli müəllim və digərləri mənə dərs deyib. İllər öz sözünü deyir və bu müəllimlərin çoxu artıq dünyadan köçüb, onları xoş xatirə ilə yad edirəm. Qalanları ilə bacardığım qədər əlaqələri saxlamağa çalışıram. Tərcümə fakültəsinin hazırkı dekanı Bənövşə Məmmədova ilə də mütəmadi əlaqə saxlayırıq.

 -Tələbə yoldaşlarınızla necə, hazırda əlaqələriniz varmı? Onlar nə işlə məşğuldurlar?

 -Bəli, qrup yoldaşlarımın bəziləri ilə əlaqələri qorumuşam. Ruslan Dəmirov gözəl ədəbi tərcümələr edərdi. Amma hazırda başqa istiqamətdə işləyir. Mirvari Fətəliyeva Parisdə “Azərbaycan Evi”nin rəhbəridir və Azərbaycanı tanıtıma istiqamətində fəaliyyət göstərir. Coşqun Əhmədov kimi bir neçə yoldaşım da Azərbaycanın rayonlarında müəllim kimi fəaliyyət göstərirlər. “Potok” yoldaşlarımdan bəziləri ingilis və alman dilləri üzrə yazılı və sinxron tərcüməçi kimi fəaliyyət göstərir. Bir-birimizdən uzaq olsaq da, sosial şəbəkələr vasitəsilə xəbərləşməyə çalışırıq.

-Həyatda ən gözəl çağ tələbəlik illəridir. O illəri necə xatırlayırsınız? Ümumiyyətlə, maraqlıdır, hansı müəllimin dərslərindən qaçmısınız və yolunuz hara olub?

 -Təbii ki, Azərbaycanda yaşadığım tələbəlik illərini Fransada yaşaya bilmədim. Çünki Azərbaycanda universitetdə təhsil aldığımız qrupla 4 il birlikdə oxumuşuq. Fransda isə qrup deyilən anlayış yoxdur. Hər dərsdə fərqli tələbələr ola bilər. Məhz buna görə də ADU-da olan tələbəlik bağları Fransada yarana bilmədi. Dərslərdən qaçdığımı xatırlamıram. Amma dərslər bitər-bitməz o vaxtlar “aşağı bina” deyilən korpusdakı Fransa kitabxanasına gedərdim.

 -Ötən il “elmlər doktoru” elmi dərəcəsi almısınız. Bu, böyük uğurdur. Təbrik etmədən söhbətimizə davam edə bilmərəm. Düşünürsünüzmü ki, gələcəkdə fəaliyyətinizi yalnız pedaqoji sahədə davam etdirəsiniz?

-2001-ci ildən yazılı və sinxron tərcüməçi kimi fəaliyyət göstərirəm. Amma hər zaman elmi araşdırma aparmaq istəmişəm. Buna görə də doktoranturaya yazılmağa qərar verdim. Strasburq Universitetində Türkologiya fakültəsində tərcüməşünaslıq üzrə elmi işimi müdafiə etdim. Vaxtaşırı elmi məqalələr yazıram. Amma sadəcə müəllim və ya tərcüməçi kimi fəaliyyət göstərmək yox, bütün bunları eyni zamanda etməyə çalışıram. Təbii ki, çox vaxt alır. Hazırda Cənubi Koreyanın paytaxtı Seulda yerləşən “Hankuk University of Foreign Studies” (HUFS) adlı universitetin nəzdindəki “Graduate School of Interpretation and Translation” (GSIT) adlı sinxron tərcümə məktəbində koreyalı tələbələrə fransız dilində sinxron və ardıcıl tərcümə üzrə dərs deyirəm. Bura gəlmədən öncə Parisdə Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) Azərbaycan dilini tədris edirdim.

 -Bildiyimiz kimi, bu il Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə akademik Kamal Abdullanın ideya müəllifi olduğu və 10 ildən çox müddətdə tərtib edilən “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının I nəşri işıq üzü görüb. Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Bu nəşrlə bağlı bir tərcüməçi kimi fikirlərinizi öyrənmək istərdim.

 -Çox gözəl və təqdirəlayiq təşəbbüsdür. Mənim ADU-dakı tələbəlik illərimlə müqayisədə indi daha çox material mövcuddur. Mən XX əsrdə tələbə idim, siz isə XXI əsrin tələbələrisiniz. Sizin daha çox materiala çıxışınız var. Gələcəkdə bu ensiklopediyanın ADU-da tədris edilən dillərə tərcümə edilərək nəşr edilməsi və bu dillərin danışıldığı ölkələrin kitabxanalarına göndərilməsi ADU-nu və Azərbaycanı tanıtmaq üçün gözəl fürsət olar.

-Azərbaycan Dillər Universitetinin bugünkü fəaliyyətini mətbuatdan izləyirsiniz. Doğma universitetinizdə daha nələri görmək istəyirsiniz və tələbələrin daha da inkişaf etməsi üçün nələri arzu edirsiniz?

 -Universitetin fəaliyyətini həm mətbuatdan izləyirəm, həm də ADU rəhbərliyinin bəzi nümayəndələri ilə Fransada da görüşmək fürsətim olub. Düşünürəm, ADU xaricdəki yazılı və sinxron tərcümə sahəsində çalışan mütəxəssisləri bura bir neçə günlük və ya həftəlik “master klaslar”a dəvət etsə, pis olmazdı. Bundan əlavə, tələbələrin işçi dillərinə uyğun olaraq xaricdəki yazılı və tərcümə məktəblərində oxuması və ya beynəlxalq təşkilatların sinxron tərcümə kabinlərində təcrübə keçməsi də gözəl olardı.

 -Abituriyentlərə, tələbələrə, ümumiyyətlə gələcək tərcüməçilərə ADU-nun fərqini necə izah edərdiniz? Mən də tələbəyəm, yoldaşlarımla mütəmadi əlaqədəyəm. Bizim yalnız stimula deyil, tövsiyəyə də ehtiyacımız var...

-Bildiyim qədərilə, ADU-nun dünyanın bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığı mövcuddur. ADU-nun tələbələri bu şansdan yararlana və xarici dillərini təkmilləşdirmək üçün o universitetlərdə bir semestr və ya bir il oxuya bilərlər. Azərbaycandakı başqa ali təhsil ocaqlarının da bu cür əməkdaşlıqları yəqin ki, mövcuddur. Amma ADU yazılı və şifahi tərcümə üzrə diplomlar təklif etdiyi üçün əməkdaşlıq etdiyi xarici universitetlərdə də bu sahədə tələbələrin oxumaq fürsəti var. Tövsiyəyə gəldikdəsə, öncə seçdiyiniz peşəni sevin. İşçi dilinizi mükəmməl şəkildə öyrənməyə çalışın, müəllimlərin dərsdə söylədikləri ilə kifayətlənməyin. Xarici dilləri bildiyiniz üçün çoxlu mütaliə edin. Maraqlandığınız məlumatları internetdən və ya xarici dillərdəki kitablardan alın. Hər zaman və yorulmadan öyrənməyə davam edin. Həm yazılı, həm də sinxron tərcüməçi üçün vacib elementlərdən biri dünyagörüşüdür.Dünyagörüşünüzü genişləndirməyə çalışın.

- Tələbələr üçün sinxron tərcümə ilə bağlı fikirləriniz də çox önəmlidir. Bu barədə danışmağınızı istərdik.

-Bu bir konfrans mövzusudur. Əslində, Azərbaycan mətbuatına öncə verdiyim müsahibələrdə bu suala qısa da olsa, cavab vermişəm. Amma bir gün ADU-ya gəlib tələbələrlə görüşmək qismət olarsa, bu barədə geniş danışaram. Eyni zamanda rəhbərliyin təklifi və razılığı olarsa, hər hansısa bir formatda qısa müddət üçün ADU-da sinxron və ardıcıl tərcümə ilə bağlı dərslər vermək istərdim.

-Tərcümə etdiyiniz kitablar da var, müəlliflər və əsər haqda məlumat verə bilərsinizmi?

 -Sinxron tərcümə ilə yanaşı yazılı tərcüməçi kimi də fəaliyyət göstərirəm. Amma elmi iş yazdığım müddətdə bədii tərcüməçiliklə məşğul olmağa vaxtım yox idi. Müdafiə etdikdən sonra vaxt bolluğu yarandı və bunu dəyərləndirməyə qərar verdim. İndiyə qədər Azərbaycan ədəbiyyatının iki romanını fransız dilinə tərcümə etmişəm. Birincisi Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri, ikincisi isə Hüseyn Abbaszadənin “Haradansınız, Müsyö Abel?” romanıdır. Hər ikisi Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşr evində dərc olunub. Nəşr evinin təsisçilərindən biri də yazıçı Nicat Kazımovdur. Hazırda 15 Azərbaycan hekayəsinin tərcüməsini bitirmişəm. Bunlardan biri də akademik Kamal Abdullanın “Adaşlar” hekayəsidir. Bu hekayəni fransız dilinə tərcümə etmişəm. Müştərək layihədir və haqqında hələlik geniş məlumat verə bilməyəcəm. Kitab yaxın zamanda Fransada işıq üzü görəcək. Hazırda nəşr evi ilə dördüncü kitabın tərcüməsiylə bağlı da danışıqlar gedir.

 -Bədii tərcümələrinizi dövlət başçılarına və ya digər dövlət xadimlərinə təqdim etmisinizmi? Münasibət necə olub?

 -“Bahadır və Sona” əsərini Fransanın keçmiş prezidenti Fransua Ollanda təqdim etmişəm. Mövzusu ona çox maraqlı gəlmişdi. Təşəkkürünü bildirdi. Fürsət düşərsə, indiki prezident Emanüel Makrona da “Haradansınız, Müsyö Abel?” romanını təqdim etməyi düşünürəm. Parisdə həmçinin “Bahadır və Sona” romanını tələbəlik illərimdə Fransanın Azərbaycanda səfiri olmuş cənab Jan-Pyer Ginütə də təqdim etmişdim. Çox bəyənib və yeni tərcümələrimi imzalı istəyir.

7 xarici dil öyrənmisiniz, çətin olmadı ki? 

 -Əslində, hər hansı bir dili tam olaraq öyrənmək mümkün deyil. Sinxron tərcümədə beş dil ilə, yazılı tərcümədə isə 8 dil ilə işləyirəm. İşlədiyiniz dillər nə qədər çox olarsa, onları müəyyən səviyyədə saxlamaq üçün bir o qədər iş və zaman tələb olunur.

 -Sinxron tərcümə ilə bağlı kitabınız nəşr olunubmu? Ümumiyyətlə, tələbələr üçün bu cür dərs vəsaitlərinin olması çox önəmlidir. Hansısa dərslik üzərində işləməyi düşünürsünüzmü? Məncə, bu sualın cavabını ADU tələbələri də səbrsizliklə gözləyir.

 -Fransada “École Supérieure d'Interprètes et de Traducteurs” (ESIT) adlanan sinxron və yazılı tərcüməçilik məktəbinin iki professor xanım əməkdaşının yazdığı bir dərslik var: “Pédagogie raisonnée de l'interprétation” – “Sinxron tərcümənin sistemli tədrisi” Fransada ikinci dəfə nəşr olunub. Müəllifləri isə Danica Seleskovitch  və Marianne Ledererdir. Müəlliflərdən Marianne Lederer həyatdadır. Onunla əlaqə yaratdım və kitabı Azərbaycan dilinə tərcümə etmək istədiyimi söylədim. Razılığını verdi və Avropa İttifaqı ilə tərcümə hüquqlarının alınmasıyla bağlı müqavilə imzaladım. Kitabı Avropa İttifaqı nəşr edib. Vaxtım az olduğu üçün bir hissəsini tərcümə etmişəm. Marianne Ledererlə Parisdəki evində və ESIT-də elmi konfransda görüşmüşük. Tez-tez məktublaşırıq. ABŞ-da ikinci nəşri də tərcümə edilərək işıq üzü görüb. Sinxron tərcümə dərsliyi kimi istifadə edilə bilər. Kitabdakı misallar fransız, ingilis və alman dillərindəndir. Amma bütün dillərlə tərcüməyə tətbiq edilə bilər. Tərcümə edib Azərbaycan Dillər Universitetinə,  tələbələrə hədiyyə etmək istərdim. Əminəm ki, ADU bu dərs vəsaitini böyük məmnuniyyətlə nəşr edib tələbələrin istifadəsinə verəcək.

  Şahin Sərdarlı